Maraq dünyamız
Maraqlı

Maraq dünyamız

İnsan meymundan törəyibsə, niyə indiki meymunlar da insan olmur?

Əvvəla onu deməliyik ki, meymun adlı bir canlı yoxdur. Gündəlik danışıq dilimizdə 250-dən çox növü əhatə edən primatları sanki bir növ kimi birləşdirib meymun adlandırırıq. İlk ağıla gələn isə adətən şimpanzelər olur. Doğurdanmı təkamül nəzəriyyəsi bizim şimpanzelərdən törədiyimizi söyləyir? Əlbəttə ki, yox!

Təkamül nəzəriyyəsi bütün canlıların ortaq bir əcdaddan növləşmə yolu ilə təkamül etdiyini göstərir. Hər növ canlı populyasiyaları nəsildən-nəsilə tədricən dəyişir. Əgər bu populyasiyada təcrid baş verərsə, zamanla fərqli növlər meydana çıxır. Bu o deməkdir ki, indiki kərtənkələlərdən nə kərtənkələlər, nə də dovşanlar törəyib. Təkamül canlıları dəyişdirən sehirli güc deyil, irsiyyət xarakteri daşıyır. Canlıların tarixini bir ağac yaxud kolla müqayisə etmək olar. Yəni hər bir budaq bir-birindən ayrıldıqdan sonra müstəqil şəkildə böyüyür.

Bu gün  meymunlar insana çevrilə bilmir, çünki onlar nə insanların yaşadıqları təbii şəraitdə yaşayır, nə də ki onların genlərini daşıyırlar. Bəlkə milyonlarla il sonra onların təkamül ağacından daha çox insana bənzər budaqlar çıxacaq. Ola bilsin ki, hətta iki ayaq üstə də dayana bilsinlər...

 

Heyvanlar da yuxu görür?

Ev heyvanları ilə daha çox zaman keçirənləri yəqin ki bu sual düşündürüb. Görəsən, onlar da bizim kimi yuxu görürlərmi? Əgər bu mümkündürsə, onlar yuxuda nə görürlər?

Heyvanların yuxuda nə gördüklərini soruşmaq mümkün olmasa da, müşahidələr onların da yuxu gördüklərinə dair müəyyən məlumatlar verir. Elm adamları yuxunun müxtəlif mərhələlərində heyvanların fiziki davranışlarını və onların beyin fəaliyyətinin insan beyninə bənzəyib-bənzəmədiyini araşdırıblar. İnsanlar yuxunu sürətli göz hərəkəti mərhələsində, yəni REM yuxusu zamanı gördükləri kimi, EEG cihazı vasitəsilə əldə edilən görüntülərlə əksər məməlilərin də eyni xüsusiyyətlərə sahib olduqları aşkar edilib. Məsələn, pişiklərin və itlərin yuxuda ov ovlayırmış kimi davranışları buna bir sübutdur.

Digər tədqiqat nəticələrinə görə, siçovulun beyninin hipokampus bölgəsində yaddaşın formalaşdığı və kodlandığı sinir hüceyrələrinin yuxu zamanı aktiv olduğu aşkar edilib. Çikaqo Universitetinin alimləri isə, quşların beyinlərini tədqiq edərkən oxşar əlamətlər görüblər.

Pişik, siçovul, it və quşların beyinlərindəki bu fəaliyyətlərin yuxu adlandırıla biləcəyi mübahisəli məsələdir. Çünki insanlar da yuxudaykən real dünya ilə yuxunu ayırd edə bilmirlər. Bunu ancaq oyananda anlayırlar. Ancaq alimlər heyvanların yuxusunun psixoloji və davranış xüsusiyyətlərinin insanlarınkına bənzədiyini əminliklə söyləyirlər.

 

Hipnoz nədir?

Yəqin ki, film və ya teatr səhnələrində "sehr" kimi təqdim edilən hipnoz mənzərəsi ilə qarşılaşmısınız. Belə səhnələrdə adətən xəstə yaxud könüllü bir şəxs yellənən cib saatına baxaraq huşunu itirir. Bu səhnənin şahidi olmusunuzsa çox güman ki, sizi bu sual düşündürüb: hipnoz nədir və  doğrudan da realdırmı?

Uzun illərdir ki, alimlər hipnozla bağlı bir sıra araşdırmalar aparıblar. Əslində,  hipnoz qərb psixologiyasının ən qədim formalarındandır. Məsələn Hintistanda yaşayan hindular dini mərasimlərdə hipnozdan istifadə edirdilər. 1027-ci ildə isə İbn Sina hipnoz vəziyyətini sənədləşdirərək ilk dəfə bu termini izah etdi.

Hipnoz insanın şüurundan yan keçərək şüuraltı ilə əlaqə yaratmağa imkan verən texniki üsuldur. Qısası süni yuxu və ya yuxu-oyanıqlıq arası prosesdir. Başqa bir tərifə görə isə hipnoz oyaq vəziyyətdə olmaq və şüuraltının könüllü manipulyasiyasıdır. Bu, daxili konsentrasiya və diqqətin cəmləşməsidir. Proses qarşı tərəfin icazəsi ilə baş verir. Bir çox insan hipnozdan qorxur. Bunun səbəbi isə bu üsulla bağlı yayılan bir sıra absurd fikirlərdir. Ən ağılasığmayan fikirlərdən birinə görə, güya bu metodla  bədəndən cin, şeytan çıxarmaq mümkündür. Vacib olan əsas məqam budur ki, hipnoz əslində sehr deyil, müalicə üsuludur. Hipnozla müalicə üsulu isə hipnoterapiyadır. Psixoloqlar seanslar zamanı bu üsulla kəskin xroniki ağrılar, asılılıqlar (siqaret, spirt və s.) fobiyalar və depressiya kimi bir çox psixoloji xəstəlikləri müalicə edirlər. 

Araşdırmalar nəticəsində məlum olub ki, hipnoz zamanı teta beyin dalğalarının artması ağrının azalmasına kömək edə bilər. Alimlər hipnoz nəticəsində dalğaların çoxalması ilə beynin öyrənmə və adaptasiya qabiliyyətinin də artdığını söyləyirlər.

 

Süd niyə yuxu gətirir?

Uşaqlıqdan bəri hamımız bilirik ki, yatmazdan əvvəl bir stəkan ilıq süd içmək yuxuya getməyə kömək edir. Bu faydalı içkinin yuxunu asanlaşdırmasının elmi izahı nədir?

Südün yuxu gətirmə xüsusiyyətlərini araşdıran alimlər insan və heyvanlar üzərində bir sıra araşdırmalar aparıblar. Məlum olub ki, yuxuya kömək edən südün tərkibindəki triptofen və melatonin adlı maddələridir.

Triptofen əhval-ruhiyyəni yaxşılaşdırmaqla yanaşı,  serotoninin istehsalında mühüm rol oynayır. Melatonin isə bədənin bioloji “saatı”nı tənzimləyərək yuxuya getməyə köməl edir. Araşdırmalara görə, melatoninin və triptofen əlavələrinin qəbulu, yuxu saatlarında daha da şiddətlənən narahatlıq və depressiyanın qarşısını alır.

Yuxusuzluqdan əziyyət çəkənlərə bəzən sedativ yuxu dərmanları təyin edilir. Amma bu dərmanlar yan təsirlərə səbəb olmaqla yanaşı, aslılıq da yarada bilər. Belə ki, elm adamları sedativ dərmanların beyində sinir siqnallarını boğan proteini, GABA reseptorunu aktivləşdirdiyini söyləyirlər. Ancaq araşdırma zamanı məlum olub ki, inək südündəki təbii peptidlər beyindəki reseptorlara müsbət təsir edərək bədəni sakitləşdirməklə, yuxuya kömək edir.

Südün tərkibindəki maddələrin yuxugətirici təsiri olsa da, əslində bu metod insanların yaş həddinə görə işə yaramaya bilər. Daha doğrusu onun təsiri insandan insana dəyişə bilər.

Hazırladı:

Elenora HƏSƏNOVA,

“Respublika”.