Sağlam həyat
Maraqlı

Sağlam həyat

Qan qrupları sağlamlığa dair ipucu verə bilər

İngiltərəli alimlər qan qruplarının müəyyən xəstəliklərin inkişafı ilə əlaqəli olduğunu aşkar ediblər. Elm adamları qan qruplarının ürək-damar, qan təzyiqi, yoluxucu xəstəliklərə tutulma ehtimalı və xərçəng riski də başda olmaqla bir sıra xəstəliklərin inkişafında böyük rol oynadığını bildiriblər. Onlar 0 qan qrupunun ən sağlam qrupa aid olduğunu iddia edirlər.

London Universitetinin tədqiqatçıları tərəfindən aparılan araşdırmada qan qrupunu təyin edən genlərin, eyni zamanda beyində qanın laxtalanmasına da təsir etdiyi aşkar edilib. Sınaq zamanı 882 nəfər üzərində aparılan tədqiqat nəticəsində məlum olub ki, AB qan qrupuna sahib insanlarda laxtalanmaya meyillilik digər qruplara nisbətən təxminən 5-6 qat daha yüksəkdir.

0 qan qrupuna sahib olanların müəyyən xəstəliklərə tutulma riski digərlərinə nisbətən 50 faiz daha az olduğu bildirilib. Həmçinin 0 qan qrupunu daşıyan insanların hava çirkliliyi kimi ətraf mühit faktorlarına qarşı daha davamlı olduğu, infarkt keçirmə ehtimalının isə daha az olduğu vurğulanıb.

Ötən il ABŞ-da aparılan araşdırmada AB qan qrupuna sahib insanların ürək xəstəliyinə tutulma ehtimalının 23, B qan qrupu olanların isə 0 qan qrupuna nisbətən 11 faiz daha çox olduğu məlum olmuşdu.

"Qan qrupu antigenlərinin qanın laxtalanmasına təsir etdiyinə dair şübhə yoxdur. Hüceyrə membranındakı zülallar yapışqanlıq yaradaraq qan laxtalanması və ürək-damar xəstəliklərinə həssaslığı artırır" - deyə araşdırma müəllifi, professor Lawrence Young bildirib.

İnformasiya "Stady Finds" veb saytında yayımlanıb.

 

Qidalanmada balıqdan müntəzəm istifadə insultun qarşısını alır

Beyində qan damarlarının zədələnməsinə gətirib çıxaran serebral damar xəstəliyi insultun risk faktoru olaraq, daha çox ölümə səbəb olur. "Neurology" jurnalında dərc edilən araşdırmada fransalı alimlər müntəzəm balıq istehlakı ilə insult riski arasında əlaqə tapıblar.

 Bordo Universitetinin tədqiqatçıları yaşı 65-dən yuxarı insult, ürək-damar, demans xəstəliyi olmayan 1623 nəfərin MRT müayinəsinin nəticələrini təhlil ediblər. Onlar, həmçinin iştirakçıların gündəlik qidalanma vərdişləri ilə bağlı məlumatları da qiymətləndiriblər. Respondentlər balıq yemək tezliyinə görə 3 qrupa bölünüblər: həftədə 1 dəfə, həftədə 2-3 dəfə, həftədə 4 və ya daha çox balıq yeyənlər. Yüksək qan təzyiqini serebrovaskulyar xəstəlik riskinin artması ilə əlaqələndirən mütəxəssislər qrupdakı insanlar arasında insult markerlərinin səviyyəsini müqayisə ediblər. MRT müayinələri zamanı müntəzəm olaraq həftədə 4 dəfə və ya daha çox balıq istehlak edənlərdə damar zədələnməsinin əlamətləri aşkar olunmayıb.

Mütəxəssislər hesab edirlər ki, balığın daha çox istehlakı ilə insult riskinin aşağı olması əlaqəlidir. Çünki balıq omeqa-3 kimi doymamış yağ turşularının əsas mənbəyi olduğu üçün bu faydalı qida qan-damar sisteminin sağlamlığı üçün vasitəçilik edə bilər. Bu səbəbdən də mütəxəssislər beynin sağlam olması və funksionallığı üçün yaşından asılı olmayaraq hər kəsə müntəzəm olaraq həftədə 3-4 dəfə balıq yeməyi tövsiyə edirlər.

 

Alimlərdən erkən ölüm xəbərdarlığı

Nyu-York Universitetinin tədqiqatçıları gündəlik istifadə edilən yuyucu vasitə, qida saxlama qabı, oyuncaq, parfümeriya ləvazimatı, xalça və döşəmə boruları kimi bir çox məhsulların istehsalında istifadə edilən sintetik kimyəvi maddələrin insanların vaxtından qabaq ölümünə səbəb olduğunu aşkar ediblər. Alimlər bəzi məişət məhsullarının tərkibində olan ftalat adlı toksik maddənin hormonal sistemi pozaraq ürək-damar xəstəlikləri, piylənmə, şəkərli diabet və sonsuzluq kimi bir sıra ciddi problemlərə səbəb olduğunu söyləyirlər. Bu səbəbdən mütəxəssislər insanları bu cür sintetik məhsullardan kənar durmağa çağırırlar.

"Environmental Pollution" jurnalında dərc edilən araşdırmaya görə, ən yüksək ftalat səviyyəsinə malik insanların hər hansı bir səbəbdən, xüsusən də ürək-damar xəstəliklərindən ölüm riski daha yüksəkdir. Elm adamları bu toksik maddənin vücudun endokrin sistemini hədəf alaraq hormonların istehsal mexanizminə "hücum" etdiyini bildiriblər. Onlar ən kiçik hormonal pozulmaların belə beyinə, immun sisteminə təsir etməklə bir sıra ciddi sağlamlıq problemlərinə və inkişafdan qalmaya səbəb ola biləcəyini vurğulayıblar.

Sınaq zamanı 55-64 yaş arası 5000-dən çox iştirakçının analiz nümunələrində ftalat konsentrasiyası ölçülüb və bu səviyyələr 10 illik müddət ərzində erkən ölüm riskinə görə təhlil edilib. Məlum olub ki, toksik maddə kişilərə daha çox təsir edir. Səbəbi isə ftalatların kişilərə məxsus olan testosteron hormonunu daha asan hədəf almasıdır. Sintetik maddələrin oğlan uşaqlarında reproduktiv anormallıqlara səbəb olması sonradan yaranan sonsuzluq problemləri, piylənmə və ürək xəstəlikləri ilə əlaqələndirilib.

 

Ekran başında daha çox zaman keçirmə yaxındangörmə riskini artırır

Dünyanın nüfuzlu jurnallarının birində (The Lancet Digital Health) dərc olunan yeni araşdırmaya görə, smartfon, planşet kimi ağıllı cihazlardan istifadə böyüklərlə yanaşı, uşaqlarda da miopiya (yaxındangörmə) riskini artıra bilər.

Sinqapur, Avstraliya, Çin və Böyük Britaniyanın beynəlxalq alimlər qrupu 3 aylıq körpələrdən tutmuş 33 yaşlı gənclərə qədər ağıllı cihazların şüasına məruz qalan 3000-dən çox insanın yaxıngörmə ilə bağlı sağlamlıq nümunələrini nəzərdən keçiriblər. Mövcud tədqiqatlar təhlil edilərək statistik şəkildə birləşdirildikdən sonra məlum olub ki, ağıllı cihazlardan uzunmüddətli istifadə miopiya riskini 30 faiz artırır. Bu, həddindən artıq kompüter istifadəsi ilə birləşdirildikdə isə təhlükənin təxminən 80 faizə qədər artdığı ortaya çıxıb.

Mütəxəssislər bu problemin daha çox artma səbəbini COVID-19 pandemiyası səbəbindən məktəblərin bağlanması ilə əlaqədar distant təhsil metodunun tətbiqində görürlər.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".