Qısa, şərəfli ömür
Region

Qısa, şərəfli ömür

Hələlik qaçqın həyatı yaşayan Cəbrayıl rayonunun Horovlu kəndindən olan sakinlər öz qəhrəman oğullarının adını iftixar hissi ilə yad edir, onların əziz xatirəsini ürəklərdə yaşadırlar. Belə oğullardan biri də 44 günlük Vətən müharibəsində canından keçən İsmayılzadə Vaqif Vüqar oğludur. Yaşasaydı Vaqifin 25 yaşı olardı. Amma xatirəsi yaşayır. Cəbrayıllılar bu xatirənin işığına yığışıb Vaqifə anım günü keçirdilər.

Vətən uğrunda şəhid olan Vaqif İsmayılzadənin qısa, lakin parlaq tərcümeyi-halı var. Əslən Cəbrayıl rayonunun Horovlu kəndindən olan Vaqif 6 noyabr 1996-cı ildə Beyləqan rayonunun Birinci Şahsevən kəndində anadan olub. 2003-2014-cü illərdə F.Miriyev adına Araz qəsəbə tam orta məktəbində təhsil almışdır. 2016-cı ildə həqiqi hərbi xidmətə getmiş, 2017-ci ildə hərbi xidmətini başa vurmuşdur. Həmin ilin noyabr ayında Azərbaycanın Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsində işə başlamışdır. Hərbi polis kimi işini çox sevirdi.

Hər kəsin qəhrəmanına çevrilən Vaqif İsmayılzadə Vətənin bölünməzliyi uğrunda gedən İkinci Qarabağ savaşında, 20 oktyabr 2020-ci il tarixdə Füzuli rayonunun azadlığı uğrundakı döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. 26 oktyabrda Beyləqan rayon məzarlığında dəfn edilmişdir. Ailəli idi, iki övlad yadigarı var. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə İsmayılzadə Vaqif Vüqar oğlu ölümündən sonra "Vətən uğrunda" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib.

Tofiq HÜSEYN,

"Respublika".