DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

FRANSIZ NƏŞRİ ƏRDOĞANI İQTİSADİ MÖCÜZƏ GÖSTƏRƏN ADAM ADLANDIRIB

Fransanın məşhur “Le Monde” qəzeti Türkiyə ilə bağlı 100 səhifəlik nəşr yayımlayıb. “Teleqraf.com”un verdiyi xəbərə görə, Türkiyənin son 20 ildəki siyasi, iqtisadi və xarici siyasətini təhlil edən ekspertlərin fikirlərinin yer aldığı 100 səhifəlik nəşr 8,90 avroya satılıb.

Təhlildə Türkiyənin əhalisi, iqtisadi dinamikası və regional güc olaraq həm valehedici, həm də narahatedici olduğu bildirilib.

Türkiyənin prezident Rəcəb Tayyib Ərdoğanın hakimiyyəti dövründə köklü dəyişikliklərdən keçdiyini yazan “Le Monde” ölkə liderini “iqtisadi möcüzə göstərən adam” adlandırıb.

Türkiyənin Suriya, Liviya, Şimali İraq və Cənubi Qafqaza uzanan hərbi nüfuzuna toxunan nəşr bu genişlənmənin ənənəvi müttəfiqləri olan Avropa və ABŞ-ı qəzəbləndirdiyinə diqqət çəkib.

“Le Monde” Türkiyənin infrastruktur və səhiyyə sistemini yüksək qiymətləndirərək, ümumi daxili məhsulun üç dəfə artdığını yazıb.

 

ÖZBƏKİSTAN PREZİDENTİNİN ANDİÇMƏ MƏRASİMİ KEÇİRİLİB

Özbəkistanda parlamentin hər iki palatasının birgə iclasında seçkilərdə qalib gələn prezident Şavkat Mirziyoyevin andiçmə mərasimi keçirilib. “Report”un məlumatına görə, mərasimdən əvvəl oktyabrda təsdiq edilmiş Özbəkistan prezidentinin ştandartı və nişanı ilk dəfə Senatın zalına gətirilib.

Mərkəzi Seçki Komissiyasının sədri Zayniddin Nizamxocayev Ş.Mirziyoyevə Özbəkistan prezidentinin yeni vəsiqəsini təqdim edib.

Daha sonra yenidən dövlət başçısı seçilmiş Mirziyoyev konstitusiyaya və “Quran”a əl basaraq and içib, respublikanın konstitusiyasına və qanunlarına ciddi əməl edəcəyinə, vətəndaşların hüquq və azadlıqlarına təminat verəcəyinə, üzərinə düşən işləri vicdanla yerinə yetirəcəyinə söz verib.

Xatırladaq ki, Özbəkistanda prezident seçkiləri beş ildən bir keçirilir. Növbəti seçki oktyabrın 24-də keçirilib. MSK bütün bülletenləri hesabladıqdan sonra Mirziyoyevin 80,12 faiz səs toplayaraq qalib gəldiyini açıqlayıb.

 

BMT EFİOPİYA İLƏ BAĞLI BƏYANAT QƏBUL EDİB

BMT Təhlükəsizlik Şurası Efiopiyadakı vəziyyətlə bağlı bəyanat qəbul edib. “Trend” agentliyinin məlumatına görə, bəyanatda Təhlükəsizlik Şurası münaqişə tərəflərini - federal hakimiyyət orqanlarını və Əddis-Əbəbəyə təxminən 300 kilometr yaxınlaşan müxtəlif üsyançı qrupları atəşkəs imzalamağa çağırıb.

“Tərəflər böhranı həll etmək, ölkə daxilində sülh və sabitlik zəminini qurmaq, Efiopiyada inklüziv milli dialoqa şərait yaratmaq üçün hərbi əməliyyatların dayandırılmasına və davamlı atəşkəsin əldə olunmasına çağırıblar”, - deyə bəyatanda qeyd olunur.

BMT Təhlükəsizlik Şurası Efiopiyadakı vəziyyətdən narahatlığını ifadə edib və xüsusilə əhaliyə humanitar yardımın artırılmasının vacibliyini vurğulayıb. BMT Təhlükəsizlik Şurasının üzvləri Efiopiyadakı vəziyyətə reaksiya ilə bağlı ölkə hakimiyyəti ilə müntəzəm əlaqə saxlayan BMT-nin baş katibi Antonio Quterreşin mövqeyini alqışlayıblar. Onlar həmçinin Afrika İttifaqının bununla bağlı işini də dəstəkləyiblər.

 

ABŞ-DA MİNLƏRLƏ KƏŞFİYYATÇI İŞDƏN ÇIXARILA BİLƏR

Kəşfiyyat orqanlarında xidmət edən minlərlə ABŞ kəşfiyyatçısı koronavirus peyvəndindən imtina etdikləri üçün işdən çıxarılmaqla hədələnir. “Teleqraf.com”un xəbərinə görə, ABŞ Konqresinin üzvləri hökumətin koronavirusa qarşı peyvənd edilməsinin zəruriliyi ilə bağlı qərarına tabe olmaqdan imtina etdikləri üçün minlərlə kəşfiyyatçının işdən çıxarılacağı narahatlığını gündəmə gətiriblər.

Yayımlanan hesabatda Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinin üzvü Kris Stüart Amerikanın bir çox kəşfiyyat orqanlarında kadrların ən azı 20 faizinin koronavirusa qarşı peyvənd edilmədiyini bildirib.

Kris Stüart əlavə edib ki, bu təxminlər Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsi tərəfindən təqdim edilən məlumatlara əsaslanır və məxfilik səbəbindən ictimaiyyətə açıqlanmır.

Qeyd edilir ki, bu, Cozef Bayden administrasiyası tərəfindən federal işçilərin peyvəndlənməsinin tamamlanması üçün təyin etdiyi 22 noyabr tarixi fonunda baş verir. Mövcud vəziyyətin bu sahədə ixtisaslaşmış kəşfiyyatçıların dəyişdirilməsində çətinliklərin yaranmasına səbəb olacağı ehtimal olunur.

 

ABŞ VƏ RUSİYA STRATEJİ SABİTLİYƏ DAİR DİALOQ APARMAĞA BAŞLAYIB

“Rusiya və ABŞ prezidentləri - Vladimir Putin və Cozef Baydenin görüşündən sonra ölkələr strateji sabitliyə dair konstruktiv dialoq aparmağa başlayıblar”. “Teleqraf.com”un verdiyi xəbərə görə, bunu BMT Baş Assambleyasındakı Rusiya nümayəndə heyətinin rəhbərinin müavini Andrey Belousov bəyan edib.

Rusiya rəsmisi iddia edib ki, Donald Tramp administrasiyası dövründə Rusiya və ABŞ arasında belə səviyyədə dialoq baş tutmayıb. “Görüşlər keçirilib, lakin onlar substantiv müzakirələrə nail olmayıblar”, - deyə A.Belousov əlavə edib.

Diplomatın sözlərinə görə, prezidentlərin görüşündən sonra məzmunlu, konstruktiv fikir mübadiləsi başlayıb.

Məlumat üçün qeyd edək ki, Rusiya və ABŞ prezidentlərinin ilk görüşü iyunun 16-da Cenevrədə baş tutub.

 

TÜRKİYƏ KOSMOSA İLK ASTRONAVTINI GÖNDƏRƏCƏK

2022-ci ildə Türkiyədə ilk astronavt namizədin seçimləri keçiriləcək. “Report” agentliyinin “NTV” telekanalına istinadən verdiyi xəbərə görə, Türkiyə Kosmos Agentliyinin  sədri Sərdar Hüseyn İldırım bununla bağlı ABŞ-ın “SpaceX” və Rusiyanın “Soyuz” şirkətləri ilə danışıqlar apardıqlarını bildirib.

Razılaşma əldə ediləcək şirkət Türkiyədə 7 aylıq təlim keçəcək və iki nəfər namizəd seçimini aparacaq. Təlimlərdən sonra həmin iki namizəddən biri seçilərək kosmosa göndəriləcək.

Türkiyəli astronavtın azı bir həftə kosmosda qalacağını qeyd edən Türkiyə Kosmos Agentliyinin rəhbəri həmin müddət ərzində elmi tədqiqatlar aparılacağını da əlavə edib: “Bu səbəbdən astronavt namizədi elm adamlarından olacaq”.

 

ALİMLƏR “COVID-19”UN AĞIR FORMASINDAN QORUNMAĞIN YOLUNU TAPIBLAR

C vitamininin venadaxili yeridilməsi koronavirsun ağır formasından qorunmağa və daha tez sağalmağa kömək edir. “Report” agentliyinin məlumatına görə, bu qənaətə beynəlxalq alimlər qrupu gəlib.

Bildirilir ki, alimlər 12 klinik sınaq apararaq C vitamininin qanda oksigen səviyyəsini artırmağa, iltihabı yatırmağa və sağalmanı sürətləndirməyə kömək etdiyini aşkar ediblər.

Məlumata əsasən, bir qram C vitamini 20 portağalda var, ona görə də maddənin venadaxili yeridilməsi özünü doğruldur. Bundan əlavə, xəstələrin 70-80 faizində qan plazmasında ciddi qüsurların olduğu ortaya çıxıb.

Araşdırma müəlliflərinin fikrincə, C vitamini “COVID-19”un ağır gedişini azaldır ki, bu da müalicə müddətini qısaltmağa və xəstəxana çarpayılarını boşaltmağa imkan verir.

Eyni zamanda, araşdırma müəllifləri “COVID-19”un ümumiyyətlə qarşısını almaq üçün C vitamini istifadə etməməyə, əksinə D vitamini qəbul etməyə çağırıblar.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.