QARABAĞ AZƏRBAYCANDIR!
Siyasət

QARABAĞ AZƏRBAYCANDIR!

TARİXİ 44 GÜNÜN ANLARI

Regionun lider dövlətlərindən olan Azərbaycan 30 ilə yaxın erməni işğalı altında olan torpaqlarını Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi və Şanlı Ordusunun gücü ilə 44 günlük Zəfər savaşında azad etdi. Zaman keçdikcə, Vətən müharibəsində qazanılan qələbədə 44 günün hər gününün bir tarix olduğu daha aydın görünür.

Məhz buna görə də, "Respublika" qəzeti ənənəsinə sadiq qalaraq, əvvəllər "Ötən günlərin tarixi anları" adı ilə dərc etdiyi "Xronika"nı "Tarixi 44 günün anları" rubrikası ilə mövcud reallıqlar fonunda, yeni rakursda oxuculara təqdim edir.

“Respublika”.

(əvvəli 1, 2, 3, 5, 67, 891012,131415,1617, 19202122232426, 27282930 və 31 oktyabr, 234  və 5 noyabr tarixli saylarımızda)

6 noyabr 2020-ci il

Özbəkistan Respublikasının təşəbbüsü ilə MDB Hökumət Başçıları Şurasının videokonfrans formatında iclası keçirilib. Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iclasda iştirak edib.

İclasda çıxış edən Baş nazir Əli Əsədov deyib: "Bizə və ümid edirəm ki, iclasda iştirak edən hər kəsə aydındır ki, öz ərazisindən münaqişə zonasından kənarda yerləşən Azərbaycan şəhərlərini atəşə tutmaqla, Ermənistan Azərbaycanı Ermənistan ərazisinə cavab atəşi açmağa, bununla da üçüncü dövlətləri, xüsusən də KTMT üzvü olan ölkələri münaqişəyə cəlb etməyə və hərbi əməliyyatların coğrafiyasını genişləndirməyə çalışır.

Bir daha vurğulamaq istərdim ki, döyüş əməliyyatları Ermənistan ərazisində deyil, Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınan ərazisində aparılır".

***

Döyüş meydanındakı böyük itkiləri konpensasiya etmək məqsədilə Ermənistan xarici ölkələrdə qeyri-hökumət təşkilatları və xeyriyyə təşkilatları adı altında fəaliyyət göstərən erməni diasporunu səfərbər edərək öz ordusuna maliyyə vəsaitləri cəlb edir. Bu barədə KİV-ə açıqlamasında Prezidentin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Prezidentin köməkçisi deyib: "... Bu ilk dəfə deyil ki, xaricdəki erməni diasporu qeyri-hökumət təşkilatları və xeyriyyə təşkilatlarından sui-istifadə edərək əldə edilən vəsaitləri Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyət və işğalın möhkəmləndirilməsi, eləcə də işğalçı ordu üçün silah-sursatın alınması istiqamətində istifadə edir... Bu xüsusda, Azərbaycan BMT-nin üzv dövlətlərini öz ərazilərindən ölkəmizin suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş erməni terrorizminin maliyyələşməsi məqsədilə istifadənin qarşısını almağa çağırır".

***

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva işğal altında olan Azərbaycan ərazilərində Ermənistanın törətdiyi ekoloji terror və Şuşa meşələrinin qəsdən yandırılaraq məhv edilməsi ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib.

Müraciətdə deyilir: "Müharibə və Silahlı Münaqişələr Zamanı Ətraf Mühitin İstismarının Qarşısının Alınması Beynəlxalq Günü ərəfəsində beynəlxalq təşkilatlara, o cümlədən ekoloji təhlükəsizliyin təmini və ətraf mühitin mühafizəsi sahəsində fəaliyyət göstərən beynəlxalq qurumlara müraciət edərək Ermənistan tərəfindən törədilmiş və hazırda davam etdirilən ekoloji terrorun dayandırılması, qarşısının alınması və gələcəkdə baş verməməsi üçün təcavüzkar ölkəyə münasibətdə beynəlxalq hüquqi məsuliyyət müəyyən edən tədbirlər görməyə çağırırıq".

***

Müdafiə Nazirliyinin mətbuat xidmətinin mətbuat katibi polkovnik-leytenant Anar Eyvazov Hərbi İnformasiya Mərkəzində brifinq keçirib. Anar Eyvazov brifinqdə deyib ki, əsasən cəbhənin Ağdərə, Ağdam, Xocavənd və Qubadlı istiqamətlərində gedən döyüş əməliyyatlarında düşmən bölmələri şəxsi heyət və texnika sarıdan itkilər verərək geriyə çəkilməyə məcbur edilib. Ordumuz Ağdam və Ağdərə istiqamətlərində pusquya salmaqla və atəş zərbələri ilə düşmənin hərbi kolonunu, artilleriya batareyasını və silah-sursat anbarını darmadağın edib. Düşmənin komandir heyəti daxil olmaqla, xeyli sayda canlı qüvvəsi, bir rabitə avtomobili, sursatla dolu iki "KamAz" maşını və qoşqusunda topu olan üç "Ural" maşını, xeyli sayda digər sursat və artilleriya qurğuları məhv edilib.

(davamı növbəti saylarımızda)