DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

TÜRKİYƏ GƏLƏCƏYİN SİLAHINI YARADIR

Türkiyənin müdafiə sənayesi bütün mümkün ssenariləri nəzərə alaraq gələcəyin silahını yaradır. “Teleqraf.com”un məlumatına görə, bu barədə Türkiyə Müdafiə Sənayesi İdarəsinin rəisi İsmail Demir “ASELSAN” şirkətinin təşkil etdiyi “Gələcəyi bu gün layihələndir” mövzusunda seminarda çıxışı zamanı bəyan edib.

İdarə rəisi bildirib ki, Türkiyənin müdafiə sənayesi qabaqcıl texnologiyalardan istifadə edərək yüksək keyfiyyətli silah tələbatlarını vaxtında ödəməyə çalışır.

Seminarda Türkiyə Milli Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Müdafiə Sənayesi İdarəsi, “ASELSAN” və digər müdafiə şirkətlərinin nümayəndələri iştirak ediblər.

İsmail Demir qeyd edib ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan müdafiə sənayesində dövlət və özəl sektorun iştirakı arasında balansın vacibliyini dəfələrlə vurğulayıb.  İdarə rəisi əlavə edib ki, təsisçi şirkətlər və ya dövlət iştiraklı şrikətlər strateji və orta müddətli biznesə diqqət yetirməli və özəl sektor və kiçik, eləcə də orta müəssisələr üçün yol açmalıdırlar.

 

PORTUQALİYA PREZİDENTİ PARLAMENTİ BURAXACAQ

Portuqaliya prezidenti Marselu Rebelu de Souza bildirib ki, o, Respublika Assambleyasını  buraxmaq və ölkədə növbədənkənar seçkiləri gələn il yanvarın 30-na təyin etmək qərarına gəlib. “Trend” agentliyinin məlumatına görə, bu barədə ölkə başçısının çıxışını dövlət telekanalı yayımlayıb.

“Mən Respublika Assambleyasını buraxmaq və yanvarın 30-na seçki təyin etmək qərarına gəldim”, - deyə Portuqaliya prezidenti çıxışı zamanı bildirib.

Məlumat üçün qeyd edək ki, dövlət başçısının bu qərarı oktyabrın 27-də ölkə parlamenti Portuqaliyanın gələn il üçün hökumətin təqdim etdiyi büdcə layihəsini dəstəkləmədiyindən sonra verilib.

 

ÇİN KORONAVİRUSLA BAĞLI SƏRT TƏDBİRLƏR GÖRMƏK QƏRARINA GƏLIB

Çinin Dövlət Miqrasiya İdarəsi “COVID-19”un ölkədə yayılmasının qarşısını almaq üçün sərhəd nəzarətini gücləndirib. “Teleqraf.com”un verdiyi xəbərə görə, bu barədə “Global Times” qəzeti xəbər verib. Məlumata əsasən, bu tədbir ölkədə xəstəliyin alovlanması ilə bağlıdır.

Bildirilir ki, vətəndaşlar ölkəni tərk etməməyə çağrılır, Çinə gələn əcnəbilər isə ciddi nəzarətə məruz qalır. 4-20 fevral tarixlərində Pekində keçiriləcək XXIV Qış Olimpiya oyunlarına qatılmaq üçün ölkəyə gələcək idmançılar əvvəlcə qapalı məkanda yerləşdiriləcəklər.

Bununla yanaşı, Çində xarici və çarter reyslərinə nəzarət gücləndirilib. Yük maşınları xüsusi marşrutlarla hərəkət edir. Həmçinin yerüstü sərhədlərə nəzarət gücləndirilib. Hətta donmuş sərhəd çaylarında mühafizəçilər yerləşdirilib.

Xatırladaq ki, Çində yeni yoluxma dalğası oktyabrın 17-dən başlayıb. Noyabrın 3-nə olan məlumata görə, 17 əyalət və rayonda 500-dən çox, şimal və şimal-şərqdəki Qansu, Heyluntszyan və Daxili Monqolustan muxtar rayonunda 426 yoluxma qeydə alınıb.

 

YER ÜZÜNDƏN YOX OLACAQ ÖLKƏLƏRİN ADLARI AÇIQLANIB

Qlobal istiləşmə və buzların əriməsi, eləcə də dəniz səviyyəsinin qalxması səbəbindən bir neçə ada dövlətinin yox olması ilə nəticələnə bilər. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə “Express” qəzeti məlumat yayıb.

Bildirilir ki, iqlim dəyişikliyinin təsir göstərdiyi ərazilərə Kiribati, Tuvalu və Marşal adaları daxildir.

Kiribatidəki qlobal ekoloji qeyri-hökumət təşkilatı olan İqlim Fəaliyyəti Şəbəkəsinin koordinatoru Peleniza Alofa bildirib ki, Qlazqoda keçirilən BMT sammiti ada ölkəsi üçün həyati bir hadisədir.

Peleniza Alofa xatırladıb ki, dəniz səviyyəsinin qalxması və güclənən tropik tufanlar regionda insanların həyatı və kənd təsərrüfatı üçün ciddi təhlükə yaradır.

Kiribatinin keçmiş prezidenti Anote Tonq da Qlazqoda keçirilən sammitdə iqlim dəyişikliyinin ölkəsi üçün yaratdığı təhlükələrdən danışıb.

Məlumat üçün qeyd edək ki, alimlər qlobal istiləşmənin mənfi təsirlərini yumşaltmaq üçün Yer kürəsində temperatur artımının 1,5-2 dərəcə ilə məhdudlaşdırılmasının zəruriliyini dəfələrlə qeyd ediblər.

 

SƏUDİYYƏ ƏRƏBİSTANI 650 MİLYON DOLLARLIQ RAKETLƏR ALACAQ

ABŞ Səudiyyə Ərəbistanına 650 milyon dollara 280 ədəd “hava-hava” tipli raket satmaq niyyətindədir. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə Dövlət Departamentinin saytında yerləşdirilən bəyanatda bildirilir.

“Dövlət Departamenti Səudiyyə Ərəbistanına təqribən 650 milyon dollar dəyərində orta mənzilli “hava-hava” raketləri və müvafiq avadanlığın mümkün satışını təsdiqləyib”, - deyə məlumatda qeyd olunur.

Açıqlamaya əsasən, Səudiyyə Ərəbistanı ABŞ-dan 280 raket, 600-ə yaxın köməkçi avadanlıq satmağı xahiş edib. Vaşinqton həmçinin Ər-Riyadı “596 LAU-128” reaktiv yaylım atəşi ilə təchiz edəcək.

Bununla yanaşı, ABŞ administrasiyasının fikrincə, Səudiyyə Ərəbistanı orta mənzilli raketlər arsenalını artırmaqla hazırkı və gələcək təhdidlərə tab gətirmək qabiliyyətini gücləndirəcək.

 

ÜST: AVROPADA FEVRAL AYINADƏK “COVID-19”DAN 500 MİN İNSAN ÖLƏ BİLƏR

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) pandemiyanın yeni dalğası fonunda xəbərdarlıq edib ki, Avropada yoluxma hallarının indiki artım tempi 2022-ci ilin fevralına qədər daha yarım milyon insanın ölməsinə səbəb olacaq. “Teleqraf.com”un xəbərinə görə, bu barədə “France 24” telekanalı məlumat yayıb.

Bildirilir ki, eyni vaxtda bir çox ölkədə yenidən məhdudlaşdırıcı tədbirlər tətbiq edilir. Böyük Britaniyada dünyada ilk dəfə olaraq “COVID-19”un müalicəsi üçün dərman təsdiq edilib. Bu dərmanın təsdiq edilməsini bir çoxları pandemiya ilə mübarizədə “dönüş nöqtəsi” adlandırır.

“Ümumdünya Səhiyyə Təşkilatı həyəcan təbili çalır: bütün Avropada koronavirusa yoluxma halları artmaqdadır”, - deyə “France 24” telekanalının süjetində bildirilir.

Telekanala açıqlama verən ÜST-ün Avropa regional bürosunun direktoru Hans Klüge deyib: “COVID-19” xəstələrinin sayı yenidən rekord göstəricilərə yaxınlaşır. Avropa və Mərkəzi Asiyada daha çox yoluxucu “delta” ştammı üstünlük təşkil etməkdə davam edir. Biz pandemiyanın yeni dalğasının növbəti kritik nöqtəsindəyik. Avropa bir il əvvəl olduğu kimi yenidən pandemiyanın mərkəzindədir”.

 

İRAN 25 KİLOQRAM URANI 60 FAİZƏ QƏDƏR ZƏNGİNLƏŞDİRİB

 İran ən az 25 kiloqram uranı 60 faiz və 210 kiloqram uranı 20 faizə qədər zənginləşdirib. “Sputnik” informasiya agentliyinin “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu rəqəmləri İranın Atom Enerjisi Təşkilatının nümayəndəsi Bəhruz Kamalvəndi açıqlayıb.

“Qanuna əsasən, 120 kiloqram (illik) 20 faiz zənginləşdirilmiş uran istehsal edə bilərik, indi isə 210 kiloqrama keçmişik. Hazırda 60 faiz zənginləşdirilmiş 25 kiloqram uran istehsal etmişik ki, bunu da istehsal etməyə nüvə enerjisinə sahib olmayan heç bir ölkə qadir deyil”, - deyə Bəhruz Kamalvəndinin təmsil etdiyi təşkilatın saytında qeyd olunur.

Xatırladaq ki, sentyabr ayında MAQATE İranın nəzərdə tutulandan daha çox zənginləşdirilmiş uran ehtiyatlarına malik olduğunu bəyan etmişdi.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.