Maraq dünyamız
Maraqlı

Maraq dünyamız

Yer üzündə nə qədər insan yaşaya bilər?

Dünya əhalisi artmağa davam etdikcə içməli su, münbit torpaq, meşə kimi vacib resurslar da tədricən azalmaqdadır. Bu riyazi uyğunluğu hesablamaq  üçün isə  riyaziyyatı o qədər də mükəmməl bilməyə gərək yoxdur. Heç düşünmüsünüzmü yaadığımız planet nə qədər əhalini tuta bilər? Yəni bunun maksimum bir həddi varmı?

Yer kürəsinin maksimum insan daşıma qabiliyyəti ilə bağlı mübahisələr uzun illərdir ki davam edir. XVIII əsrin sonlarında filosof Tomas Maltus yazdığı "Əhali haqqında esse"(Essay on Population) adlı məqalədə, tam olaraq bu mövzuya toxunmuşdu. O iddia edirdi ki, insanların sürətlə çoxalması və resursların tükənməsi qıtlığa apararaq kütləvi ölümə səbəb olacaq. Maltusun gələcəyə baxışı düzgün idimi?

Bəzi elm adamları dünyanın bir  tutum həddi olduğunu düşünsələr də, bəziləri bununla razılaşmır. Limit həddi olduğunu düşünənlərin hesablamalarına görə, bu tutum  500 milyon ilə 1 trilyon arasında dəyişir. Bununla belə, hazırda dünya əhalisinin 7,9 milyard olduğunu və hər il 81 milyon nəfər artdığını nəzərə alsaq, bunun  nə vaxtsa ərzaq çatışmazlığına səbəb olacağı şübhəsizdir. Araşdırmalara görə əhalinin artım dinamikası bu cür sürətlə davam edərsə, 2050-ci ildə Yer kürəsində 9,7 milyard, 2100-cü ildə isə təxminən 11 milyard insan yaşayacaq. Dünya nəzəri olaraq 1 trilyondan çox insanı dəstəkləsə də, bəs onların həyat keyfiyyəti necə olacaq? Belə çıxır ki, ya ayrılan minimum resurslarla kifayətlənib sağ qalmağa çalışacaqlar, ya da ki...

Görünür, Mahatma Gandi "Dünya hər kəsin ehtiyacını ödəyə bilər, amma acgözlülüyünü deyil!" deyərkən haqlı imiş.

 

Aclıq nə üçün qəzəbə səbəb olur?

Heç ac olanda əsəbdən özünüzü itirdiyiniz olubmu? Ya da birinin ackən sizə qarşı qəzəbləndiyinin şahidi olmusunuzmu? Əgər bunlardan ən azı birini yaşamısınızsa, deməli "Hangry" sindromu ilə qarşılaşmısınız. "Hangry" ingilis dilindən tərcümədə "aclıq", "angry" isə "qəzəb" deməkdir. Hər iki sözün birləşməsindən əmələ gələn bu termin, ac olanda bəzi insanların qəzəbli olduğunu göstərən əlamətlə əlaqəlidir. Bəs aclıq və qəzəbin eyni anda baş verməsi nədən qaynaqlanır və nə üçün bəzi insanlar bu problemi  yaşayır? Sualın cavabı orqanizmin qidaya ehtiyac duyduğu zaman, baş verən müəyyən proseslərlə bağlıdır.

Qidaların tərkibində olan karbohidrat, zülal, şəkər, yağ, amin və yağ turşuları kimi həzm olunur. Bu qidalar qan dövranından keçməklə, orqan və toxumalara paylanaraq enerji yaradır. Yeməkdən bir neçə saat sonra qanda bu qidaların miqdarı azalmağa başlayır. Qanda qlükoza səviyyəsinin kifayət qədər aşağı düşməsini beyin  təhlükəli bir vəziyyət kimi qarşılayaraq "həyəcan təbili" çalmağa başlayır və fəaliyyətini davam etmək üçün digər orqanlara siqnallar göndərir. Bu vəziyyətdə, əvvəllər çox bəsit hesab etdiyiniz işlər sizə çətin görünməyə başlaya bilər. Yaxud diqqət defisitinin yaranması ilə adətən etmədiyiniz müəyyən səhvlərə yol verə bilərsiniz.

 

Beyin hüceyrələri bir-biri ilə necə əlaqə qurur?

Nottingen Universitetinin tədqiqatçıları, insan beynindəki hüceyrələrin bir-biri ilə sinaps adlanan sahələrdə əlaqə qurduğunu aşkar ediblər. Bu bölgələrdə sərbəst buraxılan molekullar, siqnalları növbəti hüceyrələrə ötürür. İnsanlar bir şeyi öyrəndiyi və ya xatırladığı zaman bu siqnal, prosesi daha da gücləndirir. Sinapslar arasında əlaqə pozulduqda dövrələr sıradan çıxır. Sıradan çıxmış dövrələrin sayı artdıqca, insanların düşünmək və gündəlik işləri yerinə yetirmək kimi bacarıq və  qabiliyyətləri də azalır. Bu isə demans və bir sıra psixi xəstəliklərin yaranmasına səbəb olur.

Beyin hüceyrələrinin bir-biri ilə necə əlaqə qurduğunu aşkar edən elm adamları, əldə etdikləri məlumatlar sayəsində yaddaş pozğunluğu və psixi xəstəliklərin müalicəsinə yeni töhfələr verəcəklərinə ümid edirlər. Nəticələr bir sıra neyrodegenerativ xəstəliklərin erkən mərhələdə aşkarlanmasına faydalı ola bilər.

 

Solaxay insanlar daha ağıllıdır?

Solaxay insanlar dünya əhalisinin təxminən 10 faizini təşkil edir. Tarixə nəzər yetirsək, görərik ki, dahi şəxsiyyətlərin bir çoxu sol əllərindən daha çox istifadə ediblər. Məsələn, Amerikanın son altı prezidentindən üçü solaxay idi: Corc Buş, Bill Klinton və Barak Obama. Üstəlik Michelangelo, Leonardo da Vinçi, James Baldwin, Nikola Tesla, Bill Gates kimi bir sıra dahi şəxsiyyətlərin də adları bu siyahıdadır. Solaxaylar doğrudanmı daha ağıllıdırlar, yoxsa bu bir təsadüfdür?
Bu sualın cavabını tapmaq üçün tədqiqatçılar İtaliyada 6-17 yaş arası 2300-dən çox sağ və sol əlindən istifadə edən şagirdlər arasında riyazi savadın fərqini araşdırıblar. Alimlər insanın dominant əli ilə riyazi qabiliyyət arasında əlaqə tapıblar. Solaxayların sağ əllilərə nisbətən əhəmiyyətli dərəcədə böyük korpus kallosumuna-beynin iki yarımkürəsini birləşdirən sinir lifləri dəstinə sahib olduğu müəyyən edilib. Elm adamları iki yarımkürə arasında güclü əlaqəni subyektin riyaziyyatla bağlı daha dərin fəza qabiliyyətinə malik olması ilə əlaqələndiriblər.
Ancaq bütün bunlar o demək deyil ki, hər solaxay insanın zəkası yüksəkdir. Bəzən beynin sağ yarımkürəsinin zədələnməsi də solaxaylığa səbəb olur. Bu isə artıq əlillik deməkdir.

Hazırladı:

Elenora HƏSƏNOVA,

“Respublika”.