Tarixə yazılan günlər
Digər xəbərlər

Tarixə yazılan günlər

"Döyüş meydanında Azərbaycana məğlub olan Ermənistanın bunu qəbul etməsi çox ağrılıdır, onlar 30 il ərzində özlərini elə göstərirdilər ki, məğlubedilməz orduları var. Biz onlara kimin kim olduğunu sübut etdik, biz sübut etdik ki, onların "guya məğlubedilməz ordusu" əfsanədir, mifdir...".  Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev bu fikirləri İtaliyanın "La Republica" qəzetinə verdiyi, noyabrın 4-də ölkəmizin kütləvi informasiya vasitələrində yayımlanan  müsahibəsində bildirirdi.

Müsahibədə təcavüzkar Ermənistanın terrorçu mahiyyətini tutarlı dəlillərlə bir daha ifşa edən dövlətimizin başçısı Azərbaycan tərəfindən döyüşlərdə "mücahidlər"in iştirakı barədə sualı cavablandırarkən deyirdi ki, müasir silahları, mükəmməl texnologiyası, çox yüksək döyüş ruhuna  malik 100 minlik nizami ordusu və istənilən vaxt bu sayı bir  neçə dəfə artırmaq imkanı olan ölkəmizin buna ehtiyacı yoxdur. Dünya ictimaiyyətinə Azərbaycanın mövqeyi və haqq işi, həmçinin Ermənistanın işğalçılıq siyasəti və buna görə daşıdığı məsuliyyət barədə dolğun məlumat çatdıran Prezident İlham Əliyev həmin müsahibədə də döyüş əməliyyatlarının dayandırılmasının mümkünlüyü ilə bağlı öz şərtlərini bəyan edirdi: "Ordumuz artıq dörd rayonun ərazisini işğaldan azad edib, Ermənistan qoşunlarını Ağdam, Kəlbəcər və Laçın rayonlarının işğal altındakı ərazilərindən geri çəkmək barədə öhdəlik götürməlidir".

Müsahibə yayımlanandan beş gün sonra imzalanacaq üçtərəfli Bəyanatda, Ermənistanın təslim olduğunu təsdiqləyən sənəddə Azərbaycan Prezidentinin bu şərtləri qəbul ediləcəkdi...

Hələlik isə rəşadətli Azərbaycan Ordusu

uğurlu döyüş əməliyyatlarını davam etdirir, işğal altındakı əraziləri düşməndən təmizləyirdi. Prezident İlham Əliyev noyabrın 4-də özünün "Twitter" hesabında növbəti qələbə müjdəsini xalqımıza çatdırdı: "Müzəffər Azərbaycan Ordusu Cəbrayıl rayonunun Mirək, Kavdar, Zəngilan rayonunun Məşədiismayıllı, Şəfibəyli, Qubadlı rayonunun Başarat, Qarakişilər, Qaracallı kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!".

Müdafiə Nazirliyinin cəbhədəki vəziyyət barədə ölkə ictimaiyyətinə çatdırdığı operativ məlumatlarda düşmənin müxtəlif istiqamətlərdəki hücum cəhdlərinin qarşısının qətiyyətlə alındığı bildirilir, öz xalqını aldatmaqdan yorulmayan erməni təbliğat maşınının yalanları ifşa edilirdi. Belə ki, Zəngilan istiqamətindəki bölmələrimizə qarşı Ermənistan ərazisindən diversiya törətmək cəhdləri puça çıxmış, Ağdərə, Ağdam və Xocavənd istiqamətlərində hücuma keçməyə cəhd edən düşmən bölmələrimizin qəti cavab tədbirləri nəticəsində şəxsi heyət və hərbi texnika baxımından itkilər verərək geri çəkilməyə məcbur edilmişdi.  Döyüş əməliyyatları nəticəsində Ermənistanın 10-cu dağatıcı və 37-ci atıcı diviziyaları, 2-ci motoatıcı, 5-ci dağatıcı və 543-cü alayları ordumuzun ağır zərbələrindən sonra ciddi itkilərə məruz qalmışdı. Döyüş əməliyyatları əsasən cəbhənin Ağdərə, Tərtər, Ağdam, Xocavənd, Zəngilan və Qubadlı istiqamətlərində gedirdi.

Sutka ərzində düşmənin alay komandiri, tabor komandiri, snayper qrupu və tank heyəti daxil olmaqla, xeyli sayda canlı qüvvəsi, 2 tankı, 3 topu, 1 pilotsuz uçuş aparatı, 3 hərbi yük maşını, "Zastava M-55" tipli zenit qurğusu və şəxsi heyətlə dolu UAZ markalı avtomobili məhv edilmişdi. Ordumuz döyüşlərdə tam üstünlüyə malik idi.

Müdafiə Nazirliyi noyabrın 4-də Azərbaycana məxsus iki ədəd pilotsuz uçuş aparatının vurulması barədə Ermənistanın yaydığı məlumatın yalan olduğunu bildirdi. Nazirliyin məlumatına görə, döyüş meydanında məğlubiyyətə uğrayan düşmən həmin gün Tovuz və Ağstafa rayonlarında yerləşən mövqelərimizi, həmçinin Ağdam, Ağcabədi, Tərtərdəki yaşayış məntəqələrimizi atıcı silahlardan, top və minaatanlardan atəşə tuturdu.

Ermənistanın hərbi-siyasi rəhbərliyi çoxsaylı yalan məlumatlar yaymaqla yanaşı, erməni cəmiyyətini döyüşə cəlb etməyə çalışır, cəbhəyə yeni qüvvələr göndərirdi. Azərbaycan Müdafiə Nazirliyi isə düşmənin müdafiə mövqelərində, yeraltı sığınacaqlarda, topların atəş nöqtələrində və tankların içində ordumuz tərəfindən məhv edilirdi. Məlumatda bildirilirdi ki, ordumuza qarşı asimmetrik döyüş taktikaları ilə mübarizə aparan düşmən qruplaşmaları bölmələrimiz tərəfindən cəbhənin dərinliklərində belə aşkarlanır və onlar darmadağın edilirdi. Dağlarda, meşələrdə və səngərlərdə mərdliklə vuruşan Azərbaycan əsgəri yalnız legitim hərbi hədəflərə atəş açırdı.

Erməni lobbisi döyüş meydanında zəfərlə irəliləyən Azərbaycana qarşı düşmənçilik fəaliyyətini hər vəchlə genişləndirirdi. Fransadakı erməni lobbisi bu ölkənin "TF1" telekanalına qarşı təhdidlərə, nifrət dolu təhqirlərə əl atmışdılar. Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev noyabrın 4-də özünün "Twitter" hesabında yazırdı: "Azərbaycanlı mülki şəxslərin təhlükəli vəziyyətdə yaşadıqlarını və Ermənistanla Azərbaycan arasında davam edən müharibəni işıqlandıraraq vəzifələrini peşəkarlıqla görən "TF1" və onun müxbiri Liseron Boudoula qarşı Fransadakı erməni lobbisinin təhdidlərini və nifrət dolu təhqirlərini qətiyyətlə pisləyirik".

Ordumuzun sürətlə irəliləməsini, Ali Baş Komandanın qələbə müjdələrini ölkəmizdə yaşayan müxtəlif millətlərin nümayəndələri də ürəkdən alqışlayır, sevinirdilər. Prezident İlham Əliyevin rəsmi internet səhifəsində yerləşdirilmiş məktublardan birinin müəllifi, Mingəçevir sakini Oksana Pşeniçnaya dövlətimizin başçısına minnətdarlıq bildirərək yazırdı: "Əzəli Qarabağ torpaqlarımızı təcavüzkarlardan azad etdiyinizə görə Sizin və rəşadətli ordumuzun qarşısında baş əyirəm. Eyni zamanda, mənim sevimli və doğma şəhərim Mingəçevirin ayıq-sayıq qorunmasına görə Sizə minnətdaram. Qələbə bizimdir! Qarabağ Azərbaycandır!". Minnətdarlıq və dəstək məktubları nəinki ölkə sakinlərindən və xaricdəki diaspor nümayəndələrindən, həmçinin türkiyəli, təbrizli qardaşlarımızından da gəlirdi. Türkiyənin Antalya şəhərindən 13 yaşlı Alperen Gökbulut "PlayStation" almaq üçün topladığı 40 lirəni böyük məmnuniyyətlə Azərbaycan əsgərlərinin fonduna göndərdiyini yazır, tək istəyinin Qarabağın işğaldan azad edilməsi, onun hər guşəsində Azərbaycan bayrağının dalğalanması olduğunu bildirirdi. Təbriz şəhərindən qan qardaşımız Araz Əzimli isə "hamımızın fəxrimiz, qürurumuz" adlandırdığı Müzəffər Ali Baş Komandanın qələbə xəbərləri verən çıxışlarını İranda yaşayan azərbaycanlıların səbirsizliklə gözlədiyini, həyəcanla izlədiyini yazır, ona və ordumuza dualarını çatdırırdı.

...Müharibənin bitməsinə beş gün qalırdı. Xalqımız torpaqlarımızın azadlığı uğrunda canını qurban verən şəhidlərimizə görə kədərlənsə də, qürurlu günlər yaşayırdı. Artıq bütün dünya anlayırdı ki, heç bir təzyiqə baxmayaraq, Azərbaycan öz haqqını alacaq, zəfər bayrağını öz tarixi torpaqlarının hər bir guşəsində dalğalandıracaqdır. 

"Respublika".