Tarixə yazılan günlər
Digər xəbərlər

Tarixə yazılan günlər

2 noyabr 2020-ci ilə olan məlumata görə, dövlət sərhədi istiqamətində düşmənin təxribat cəhdlərinə layiqli cavab verən şanlı Ordumuzun bölmələri tərəfindən əməliyyat şəraitinə tam nəzarət edilirdi. Şəxsi heyətin mənəvi-psixoloji, fiziki və döyüş hazırlığı yüksək səviyyədə olan bölmələrimiz düşmənin istənilən təxribatının qarşısını alır  və  qətiyyətli adekvat tədbirlərlə onlara cavab verirdilər. Düşmənin daimi dislokasiya məntəqəsi, səngər və atəş mövqelərində yerləşən canlı qüvvəsi dəqiq zərbələrlə məhv edilmişdi. Rəşadətli Azərbaycan Ordusunun cəbhədəki uğurlu əməliyyatları, torpaqlarımızın ard-arda işğaldan azad edilməsi vətəndaşlarımızda, xaricdə yaşayan soydaşlarımızda, eləcə də bir sıra  dost ölkələrin vətəndaşlarında böyük sevinc hissi yaradırdı. Hamılıqla bu sevinc hisslərini bölüşürdülər. Bildirirdilər ki, Vətənimiz Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün görülən işlərdən qürur duyuruq. Şanlı tarix yazılır, inanırıq ki, zəfər çalacağıq. Səbirsizliklə üçrəngli bayrağımızın zəfər qalası Şuşada dalğalanmasını gözləyirik.

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, Ordumuzun əzmkarlığı sayəsində erməni mifi dağıdılıb, artıq işğal olunmuş Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan rayonlarında üçrəngli bayraqlarımız dalğalanır. Daha bir qürurlu xoş xəbər alırıq: "Azərbaycan Ordusu Cəbrayıl rayonunun Çapand, Hacı İsaqlı, Qoşabulaq, Zəngilan rayonunun Dərə Gilətağ, Böyük Gilətağ, Qubadlı rayonunun İşıqlı, Muradxanlı, Milanlı kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!". Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev özünün "Twitter" hesabında bildirib.

Bununla da rəşadətli ordumuz ağır döyüşlərdə düşmənə sarsıdıcı zərbələr endirməklə 27 sentyabr tarixindən noyabrın 2-dək Füzuli rayonunun Füzuli şəhəri və 30 yaşayış məntəqəsi, Cəbrayıl rayonunun Cəbrayıl şəhəri, Xudafərin, Xələfli qəsəbələri və 72 yaşayış məntəqəsi, Xocavəndin Hadrut qəsəbəsi və 20 yaşayış məntəqəsi, Zəngilan rayonunun Zəngilan şəhəri, Həkəri, Mincivan, Ağbənd qəsəbələri və 44 yaşayış məntəqəsi, Qubadlı rayonunun Qubadlı şəhəri və 17 yaşayış məntəqəsi, Tərtərin 3 yaşayış məntəqəsi və Kəlbəcərin Murovdağ yüksəkliyini işğalçılardan azad etmişdir.

Azərbaycan  Prezidenti İlham Əliyev noyabrın 2-də Türkiyə Respublikasının keçmiş Baş naziri Binəli Yıldırımın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən  demişdi: "Çox sağ olun ki, gəlmisiniz. Biz bunu çox yüksək qiymətləndiririk. Bu, növbəti həmrəylik təzahürüdür. Əziz qardaşım, cənab Prezident dediyi kimi, Türkiyə hər zaman Azərbaycanın yanındadır. Bu dönəmdə də birliyimiz daha da möhkəmləndi. Bildiyiniz kimi, indi Vətən müharibəsi gedir, yaxşı nəticələr var, bir çox şəhərlər, kəndlər işğalçılardan azad edilib. Demək olar ki, hər həftə Azərbaycan xalqına bu haqda məlumat verirəm. Bu gün də yeni kəndlərin işğaldan azad edilməsi xəbəri veriləcəkdir. Artıq ilkin məlumatlar gəlibdir. İnşallah, sona qədər bu haqlı davamızı davam etdirəcəyik, işğalçıları torpaqlarımızdan qovacağıq. Türkiyə ilk saatlardan bizim yanımızda olduğunu bəyan etmişdir. Hörmətli Prezident, əziz Qardaşım çox açıq bəyanatlar vermişdir ki, Türkiyə hər zaman Azərbaycanın yanındadır və Azərbaycan tək deyil. Bu, çox önəmli bəyanatlar idi və bizə əlavə mənəvi dəstəyin göstərilməsi bir daha Türkiyə-Azərbaycan birliyinin təzahürüdür." Türkiyənin keçmiş Baş naziri Binəli Yıldırım cavab nitqində  vurğulayıb: "Təbii ki, Türkiyə olaraq biz Azərbaycanın bu haqlı mübarizəsində əvvəldən bəri daim onun yanındayıq. Heydər Əliyev cənablarının "Bir millət, iki dövlət" şüarını o gündən bu günədək davam etdiririk. Bilirik ki, Dağlıq Qarabağ məsələsində Siz yerdən göyə qədər haqlısınız. Çünki Azərbaycan bu müharibədə öz torpaqlarını işğalçılardan təmizləyir. Azərbaycan 27 ildir davam edən bu işğala son qoyur, öz ərazilərinin azad olunmasını təmin edir. Buna görə Azərbaycan gecə-gündüz böyük vətənpərvərlik nümunəsi göstərərək hər gün qəhrəmanlıq dastanları yazır".

Həmin gün sutka ərzində döyüş əməliyyatları  cəbhənin əsasən Ağdam, Xocavənd, Qubadlı və Zəngilan istiqamətlərində davam edib. Düşmən bölməsi Ermənistanın Hoyemberyan, Berd və Vardenis rayonlarından Qazax, Tovuz və Daşkəsəndə, o cümlədən cəbhənin müxtəlif istiqamətlərində yerləşən mövqelərimizi, həmçinin Goranboy, Tərtər, Ağdam və Ağcabədi rayonlarının kəndləri daxil olmaqla bir sıra yaşayış məntəqələrimizi atıcı silahlardan, raket və artilleriya vasitələrindən atəşə tutub. Bunu Müdafiə Nazirliyi mətbuat xidmətinin  mətbuat katibi polkovnik-leytenant Anar Eyvazov noyabrın 2-də Hərbi İnformasiya Mərkəzində keçirilən  brifinqdə deyib.

Müdafiə olunan düşmən bölmələri cəbhənin bəzi istiqamətlərində şəxsi heyət və hərbi texnikada itkilər verərək geri çəkilməyə məcbur edilib. Düşmənin silah, sursat, ərzaq ehtiyatları tükənmək üzrədir. Avtomobil və digər hərbi texnika üçün ehtiyat hissələri çatışmır. Sutka ərzində cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 4 ədəd BM-21 "Qrad" yaylım atəşli reaktiv sistemi, 10 ədəd müxtəlif tipli topu, 3 ədəd sursatla dolu yük maşını və 5 ədəd digər avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.

Gün ərzində Ermənistan-Azərbaycan dövlət sərhədinin Zəngilan rayonu sahəsində Ermənistan silahlı qüvvələrinin bölmələri hücum etməyə cəhd göstərib. Düşmən bu istiqamətdə bir sıra əlverişli yüksəklikləri ələ keçirmək məqsədilə minaatanlardan və müxtəlif iri çaplı silahlardan istifadə etməklə bölmələrimizin mövqelərini atəşə tutub. Düşmənin hücuma keçmək niyyəti bölmələrimiz tərəfindən vaxtında aşkar edilib və həyata keçirilən uğurlu əməliyyat nəticəsində qarşı tərəf ciddi itkilərə məruz qalıb. Döyüş nəticəsində canlı qüvvə sarıdan 30-dək itki verən düşmən, Ermənistan ərazisinə çəkilməyə məcbur edilib. Bölmələrimizin şəxsi heyətinin sayıqlığı nəticəsində mövqelərimizə havadan hücum edən düşmənin "Su-25" döyüş təyyarəsi də məhv edilib. Düşmən Tərtər və Goranboy rayonlarının ərazisini intensiv atəşə tutur. Tərtər rayonunun Şıxarx qəsəbəsi, Qəzyan və Qapanlı kəndləri, Goranboy rayonunun Yenikənd kəndi intensiv artilleriya atəşinə məruz qalıb.

Döyüş əməliyyatları əsasən cəbhənin Ağdərə, Xocavənd, Zəngilan və Qubadlı istiqamətlərində davam edib. Düşmən cəbhənin bəzi sahələrində şəxsi heyət və hərbi texnikada itkilər verərək geri çəkilməyə məcbur edilib. Sutka ərzində düşmənin xeyli sayda canlı qüvvəsi, 4 ədəd BM-21 "Qrad" yaylım atəşli reaktiv sistemi, 1 ədəd KUB zenit-raket kompleksi, 9 ədəd müxtəlif tipli topu və 2 ədəd sursatla dolu yük maşını məhv edilib və sıradan çıxarılıb.

Uğurlu əməliyyatlarını davam etdirən qoşunlarımız əməliyyat şəraitinə nəzarət edirdilər.

"Respublika".