DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

RUSİYADA KORONAVİRUSA YOLUXMA MÜRƏKKƏB VƏZİYYƏT YARADIB

Rusiyada koronavirusa yoluxma ilə bağlı mürəkkəb vəziyyət hökm sürür. “Trend” agentliyinin məlumatına görə, bunu Rusiya prezidenti Vladimir Putin Müdafiə Nazirliyinin rəhbərliyi və müdafiə sənayesi kompleksinin nümayəndələri ilə görüşü zamanı bəyan edib.

Prezident bildirib ki, ölkədə hər gün 40 mindən çox yoluxma qeydə alınır. “Belə bir hal heç vaxt olmayıb. Yaşlı insanlar bu xəstəliyi daha ağır keçirir. Yaşlı nəslin nümayəndələri arasında ölüm halları daha çoxdur”, - deyə Vladimir Putin vurğulayıb.

Eyni zamanda, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev “Rusiya qəzeti”ndə dərc olunmuş məqaləsində bildirib: “Biz bu yaz pandemiyanın beşinci mərhələsinə qədəm qoyduq və bu dövr indiki günə qədər davam edir. Hal hazırda testlərin həcminin artmasından irəli gələrək xəstələrin sayında əvvələr heç zaman müşahidə olunmayan artımı görürük. Yoluxma səviyyəsi çox yüksək, demək olar kritik həddədir”.

Qeyd edək ki, Rusiyada son beş gün ərzində dörd dəfə gündəlik yoluxma sayı 40 min nəfəri ötür. Ümumilikdə, ölkədə bu günədək 8,5 milyon insan koronavirusa yoluxub, 240 minə yaxın şəxs isə vəfat edib.

 

TÜRKİYƏ RƏSMISI: YUNANISTAN NATO-DAKI HƏMRƏYLİYƏ ZƏRƏR VERİR

“Yunanıstanın Fransa və ABŞ-la imzaladığı müqavilələrlə iki ölkə arasında məsələləri Türkiyə - Avropa İttifaqı və Türkiyə-ABŞ problemləri halına gətirməyə çalşır”. “Report” agentliyinin verdiyi xəbərə görə, bunu Türkiyə Milli Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr Müşavirliyinin zabiti, mayor Pınar Kara bildirib.

Məlumata əsasən, P.Kara Yunanıstanın ABŞ və Fransa ilə imzaladığı müqavilələrin NATO-ya ziyan vurduğunu qeyd edib. “Yunanıstanın ittifaq içində ittifaq qurmaq mövqeyi NATO-nun həmrəylik ruhuna zərər verir”, - deyə mayor vurğulayıb.

Pınar Karanın sözlərinə görə, Yunanıstan 2021-ci il yanvarın 1-dən qeyri-hərbi statuslu adalarda ümumilikdə 2061 qanun pozuntusu törədib.

 

A.QUTERREŞ: DÖRD MİLYARD İNSAN İQLİM DƏYİŞİKLİYİNDƏN ƏZİYYƏT ÇƏKİB

BMT-nin İqlim Dəyişikliyi Sammiti bəşəriyyəti xilas etmək və planeti qorumaq üçün hərəkətə keçməlidir. “APA”nın məlumatına görə, bu barədə BMT-nin baş katibi Antonio Quterreş Qlazqoda keçirilən İqlim Dəyişikliyi Sammitinin açılışında çıxışı zamanı bəyan edib.

“Artıq yetər deməyin vaxtıdır! Bəsdir, bioloji müxtəlifliyə qarşı qəddarlıq. Bəsdir, karbonla özümüzü öldürməyimiz... Biz özümüzə qəbir qazırıq”, - deyə BMT-nin baş katibi vurğulayıb.

Antonio Quterreş zəngin ölkələri iqlim dəyişikliyi ilə mübarizə və onun nəticələrinə adaptasiya üçün yoxsul ölkələrə ildə 100 milyard dollar ayırmaq vədini yerinə yetirməyə çağırıb.

Baş katib həmçinin qlobal liderləri həssas icmaları qorumaq üçün daha çox iş görməyə səsləyib. O əlavə edib ki, son 10 ildə təxminən dörd milyard insan iqlim dəyişikliyi ilə bağlı fəlakətdən əziyyət çəkib.

 

KİYEVDƏ SƏRT KARANTIN TƏTBİQ EDILIR

Ukraynanın paytaxtı Kiyevdə noyabrın 1-dən sərtləşdirilmiş karantin rejiminin tətbiqinə başlanılıb. “Teleqraf.com”un verdiyi xəbərə görə, Kiyevdə koronavirusdan sutkalıq ölüm halları 30-50 nəfər arasında dəyişir. Ona görə də Kiyev noyabrın 1-dən “COVID-19”un yayılmasının qarşısının alınması üçün “qırmızı zona” elan edilib.

Gücləndirilmiş karantin rejiminə əsasən “COVID-19”a qarşı vaksin sənədi olmayanlar ticarət-əyləncə mərkəzlərinə, restoranlara, idman, fitnes zallarına və digər kütləvi qapalı obyektlərə buraxılmayacaq. PZR və antigen testi olanlar qeyd edilən obyektlərə buraxılacaq. Həmçinin vaksin sənədi olmadan kütləvi tədbirlər keçirmək mümkün olmayacaq.

Bundan başqa şəhərdaxili sərnişin avtobuslarından, metrodan vaksin, PZR və antigen testlərinin sənədlərindən biri olduğu halda istifadə etmək mümkün olacaq. Reydlər hüquq-mühafizə orqanları tərəfindən həyata keçiriləcək. Qanunu pozanların cəriməsi 17 min qrivna (təxminən 646 dollar) məbləğindədir.

 

COZEF BAYDENDƏN İRANLA BAĞLI AÇIQLAMA

“G20” ölkələrinin liderlərinin toplantısından sonra açıqlama verən ABŞ prezidenti Cozef Bayden görüşlərinin məhsuldar keçdiyini bildirib və Suriyada Amerika qüvvələrinə pilotsuz təyyarələrlə hücumlara cavab verəcəklərini bildirib. “Teleqraf.com” xəbər verir ki, Cozef Bayden keçirdiyi görüşlərdə İranla bağlı müzakirələr apardıqlarını da diqqətə çatdırıb.

“Baş nazir Conson, kansler Merkel və prezident Makronla keçirdiyimiz görüşdə İranın nüvə silahı əldə etməsinin qarşısını almağın ən yaxşı yolunun diplomatiya olduğu fikrini təkrarladıq”, - deyə ABŞ prezidenti vurğulayıb.

Cozef Bayden qeyd edib ki, üç lider həmçinin İranı yenidən danışıqlara başlamağa təşviq etməyin yollarını müzakirə ediblər.

Jurnalistin noyabrın sonuna qədər razılaşmaya qayıtmayacağı təqdirdə İrana qarşı sanksiyaların olub-olmayacağı ilə bağlı sualına Cozef Bayden belə cavab verib: “Bu məsələnin necə həll olunacağı, dostlarımızın bizim yanımızda olmalarından və İranın anlaşmaya geri qayıtmayacağı təqdirdə, onların iqtisadi bədəl ödəmə məsələsində hazır olmalarından asılı olacaq”.

 

MOSKVADA MIQRANTLARIN ƏMƏYINDƏN IMTINA OLUNACAQ

Moskvada tikinti işlərində miqrantların əməyindən imtina olunması ilə bağlı plan hazırlanır. “APA”nın verdiyi xəbərə görə, bu barədə Moskva şəhərinin tikinti siyasəti və inşaat məsələləri üzrə vitse-meri Andrey Boçkaryov “RBK” telekanalına müsahibəsində bildirib.

Moskvada tikinti sahəsində işçi qüvvəsi çatışmazlığı yaranıb. Buna səbəb isə pandemiya dövründə mirqantların öz ölkələrinə qayıtması olub. A.Boçkaryovun sözlərinə görə, işçi qüvvəsi ilə bağlı böhrandan çıxmağı və tikinti sahəsində miqrantların əməyindən imtina etməyi nəzərdə tutan plan işlənib hazırlanacaq. “Pandemiyaya qədər Moskvada tikintidə işləyən 120 min miqrantdan 40 mini qalıb. Yerdə qalanları isə ölkələrinə geri dönüb”, - deyə A.Boçkaryov bildirib.

Vitse-mer hazırda işçi qüvvəsi çatışmazlığının təxminən 40 faiz təşkil etdiyini vurğulayıb. O qeyd edib ki, kadr böhranından çıxış yollarından biri əmək məhsuldarlığının artırılmasıdır.

Qeyd edək ki, koronavirus pandemiyası ilə əlaqədar miqrantların əksəriyyəti vətənlərinə qayıtdığından və ölkəyə giriş qaydaları sərtləşdirildiyindən Rusiyada işçi qüvvəsi böhranı yaranıb.

 

ILON MASK BƏŞƏRIYYƏTIN XILASI ÜÇÜN SƏHMLƏRINI SATMAĞA HAZIRDIR

Amerikanın avtomobil istehsalçısı “Tesla” və “SpaceX” şirkətlərinin qurucusu, bu həftə “Forbes” jurnalının milyarderlər reytinqinə başçılıq edən İlon Mask bəşəriyyəti aclıqdan xilas etmək üçün pulunun bir hissəsini xərcləməyə hazır olduğunu bildirib. “Report”un verdiyi xəbərə görə, milyarder bu barədə sosial şəbəkədə yazıb.

“Əgər Ümumdünya Ərzaq Proqramı bu tvit halqasında 6 milyard ABŞ dollarının dünyanın aclıq problemini necə həll edə biləcəyini izah edə bilsə, mən indi “Tesla”nın səhmlərini satmağa və onu həll etməyə hazıram. Lakin maliyyə hesabatları açıq olmalıdır ki, ictimaiyyət pulun necə xərcləndiyini görə bilsin”, - deyə İlon Mask tvitter hesabında qeyd edib.

Daha əvvəl Ümumdünya Ərzaq Proqramının icraçı direktoru Devid Bizli İlon Maskı faciələrin qarşısını alması üçün aclıqla mübarizəyə vəsait ayırmağa çağırıb. “CNN” telekanalı bildirib ki, insanların aclıqdan xilas olması üçün İ.Maskın sərvətinin cəmi 2 faizi lazımdır. Qeyd edək ki, hazırda dünya tarixinin ən varlı adamı sayılan Maskın sərvəti 289 milyard ABŞ dollarına çatıb.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.