Azərbaycan-Türkiyə birliyi dostluq, qardaşlıq və müttəfiqlik rəmzidir
Türk dünyası

Azərbaycan-Türkiyə birliyi dostluq, qardaşlıq və müttəfiqlik rəmzidir

Azərbaycan-Türkiyə, iki qardaş, dost ölkə. Bu qardaşlıq və dostluğun bugünkü zirvə mərhələsi soykök, dil, mənsubiyyət, din birliyindən qaynaqlansa da, onun indiki mərhələyə yüksəlməsində XX əsrin əvəllərindən başlayaraq intensiv inkişaf edən qarşılıqlı-faydalı əməkdaşlıq əsas rol oynamışdır. Belə ki, Türkiyənin Çanaqqala müharibəsindən başlayaraq bütün milli-azadlıq hərəkatı dövründə yüzlərlə Azərbaycan könüllülərinin döyüş cəbhələrində qəhrəmanlıq göstərməsi, Türkiyənin istiqlaliyyəti yolunda şəhidlik zirvəsinə yüksəlməsi Türkiyə-Azərbaycan birliyinin, həmrəyliyinin ibrətli, unudulmaz səhifələridir.

Görkəmli mütəfəkkir Əli Bəy Hüseynzadə Çanaqqala savaşından sonra və I Dünya müharibəsinin hələ başa çatmadığı illərdə Avropada təşkil olunan qurultaylarda çıxış edərək, məruzələrində türk toplumlarına qarşı təzyiqlərə son qoyulması üçün çağırışlar edir, türklərin haqq və azadlıqlarına qovuşacaqlarının qaçılmaz olduğunu bildirirdi. O, Çanaqqalada qazanılan qələbənin Rusiyanın ərazisində olan türklərin dini və mədəni muxtariyyət əldə etməsi üçün imkan yaratdığını dilə gətirir, Çanaqqala zəfərinin imperialist qüvvələrin güclənməsinə əngəl olduğunu söyləyirdi.

Ümumiyyətlə, iki ölkə arasında dostluq, qardaşlıq əlaqələrinin qurulmasında ziyalılar böyük rol oynayırdılar. O dövrün açıqfikirli insanları zülm və istibdada qarşı birgə mübarizə aparır, milli-azadlıq hərəkatının güclənməsinə təkan verirdilər. Azərbaycanda bu fikirlərə görə təqib olunanlar o zaman Türkiyəyə üz tutur, türk qardaşları ilə birgə öz fəaliyyətlərini türk ittihadı yaratmağa yönəldirdilər.

Çar istibdadı üzündən vətənindən didərgin düşən Ə.Hüseynzadə də 1910-cu ildə İstanbula gəlir. Türkiyənin gənc türklər hərəkatının qələbəsindən sonra yaranan yeni mühit onun türkçülük fəaliyyətinin inkişafına yenidən təkan verir. Doğrudur, o İstanbulda yenə də öz həkimlik sənətini davam etdirir, lakin eyni zamanda "İttihad və Tərəqqi" cəmiyyətinin üzvlərindən biri kimi "Türk dərnəyi" (1908), "Türk yurdu" (1911), "Türk ocağı" (1912) və bir sıra başqa cəmiyyətlərdə türkçülük fəaliyyətini davam etdirirdi. Beləliklə, XX əsrin əvvəllərində Türkiyədə türkçülük ideyalarını getdikcə təşkilatlandıraraq millətçilk hərəkatının öndərləri arasında yerini tuturdu.

İstanbul bir daha rusiyalı türklərin mərkəzi olmuşdu. Onların təşəbbüsü ilə "Yeni lisan" adlı qüvvətli türk cəmiyyəti yaradılır. Səlanikdə qurulan bu cəmiyyət "Gənc qələmlər" adlanırdı. 1911-ci ildə Ə.Hüseynzadə pərəstişkarlarının dəvəti ilə Səlanikə gəlir, Mehmet Ali bəyin yazdığı kimi: O, özü ilə "...Yeni bir fikir gətirərək, böyük kütlələri ümidsizlikdən qurtararaq onlara barmağı ilə yamyaşıl və feyzli bir iqlim göstərir".

Bir sözlə, çar Rusiyasının təzyiqindən Osmanlı dövlətinə sığınan azərbaycanlı ziyalılar İ.Qaspıralı, Y.Akçuraoğlu, Ə.Ağaoğlu da türkçülüyün Türkiyədə yenidən canlanmasında böyük rol oynayırdılar. Onlar Balkan müharibələri, Birinci Dünya müharibəsi və istiqlal uğrunda mübarizədə də Türkiyəyə böyük kömək göstərirdilər.

Eyni dostluq və qardaşlıq münasibətlərini öz növbəsində Türkiyə də Azərbaycana göstərmişdi. 1918-ci ildə Azərbaycan tarixinin ən ağır dövründə Bakının və işğala məruz qalmış digər torpaqlarımızın rus-erməni təcavüzündən azad edilməsi faktı Türkiyə-Azərbaycan birliyinin tarixi sənədidir. Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra onun suverenliyinin ilk olaraq Türkiyə tərəfindən tanınması və ondan əvvəl, keçən əsrin əvvəllərində Azərbaycanın azadlığı və müstəqilliyi yolunda mübarizə aparan və məcburi şəkildə öz vətənlərini tərk etmiş olan mücahidlərimizə qucaq açması yaxın keçmişimizin yaddaqalan məqamlarıdır.

Yaxın tariximizin salnaməsini gözdən keçirdikcə bu cür faktlara, etiraflara, mülahizələrə daha çox rast gəlir, dili, dini, mədəniyyəti ortaq olan Azərbaycan-Türkiyə qardaşlığının zamanın sərt sınaqlarında bərkidiyinin, möhkəmləndiyinin şahidi olursan.

Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda ötən ilin payızında başlayan Vətən müharibəsi dövründə ölkələrimiz arasındakı əlaqələr bir daha tarixi sınağa çəkildi. Müharibə başlayan ilk andan Türkiyə dövləti, hər bir türk vətəndaşı Azərbaycanın yanında olduğunu qəti şəkildə bəyan etdi. Müharibənin davam etdiyi günlərdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana verdiyi dəstək inamımızı daha da gücləndirdi və qələbəmizin təmin olunmasında çox böyük qardaşlıq dəstəyi, mənəvi dəstək kimi əhəmiyyətli rol oynadı. Nə qədər beynəlxalq təzyiqlər olsa da, Türkiyə qardaşlıq dəstəyi mövqeyindən geri çəkilmədi.

Biz bu dəstəyi qələbədən sonra ötən ilin dekabrında Azadlıq meydanında keçirilən qələbə paradında da gördük. Əslində, Azərbaycan-Türkiyə qardaşlığının qələbəsi, nümayişi idi bu. Meydandan əzmlə, qürurla keçən Türk Silahlı Qüvvələrinin təmsilçilərinin Azərbaycan Ordusu ilə yanaşı addımlaması həm də bütün dünyaya mesaj idi. Atatürkün: "Azərbaycanın kədəri - kədərimiz, sevinci - sevincimizdir" kəlamının nümayişi idi, həm də. Bəli, o gün türk əsgəri sevincimizi bölüşmək üçün burda, qələbə paradında idi.

Bu ilin iyun ayında Azərbaycanla Türkiyə arasında imzalanan Şuşa Bəyannaməsində də iki ölkə arasında faydalı birgə əməkdaşlığın perspektivləri öz əksini tapıb.

Ümumiyyətlə, bəzi əlamətdar hadisələrin birgə qeyd olunması da ənənə halını alıb. Yaxşı ənənələri yaşatmaq özü də böyüklükdür. Bu ənənələr babalarımızdan miras qalmış qardaşlıq əlaqələrinin möhkəmləndirilməsində köməyə çatır.

Tarixi qələbədən sonra işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa, quruculuq işlərində də biz Türkiyənin dəstəyini görürük. Bir sözlə, bu gün Azərbaycan-Türkiyə münasibətləri postmüharibə dövründə də yüksələn xətlə inkişaf edir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın oktyabrın 26-da Azərbaycana növbəti səfəri və bu səfər çərçivəsində Füzuli Beynəlxalq Hava Limanının açılması Azərbaycan-Türkiyə qardaşlığının, dostluğunun, tərəfdaşlığının, strateji müttəfiqlik səviyyəsinə yüksələn münasibətlərinin növbəti təzahürüdür. Qardaş ölkənin başçısının Azərbaycana növbəti səfəri iki ölkə arasında sarsılmaz dostluğu bir daha dünyaya nümayiş etdirdi. Bu, həm də dünyaya daha bir mesajdır.

Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimi son vaxtlar yaşadığımız həyəcanlı anlardan biri idi. Azərbaycan və Türkiyə prezidentləri hava limanının açılışını bildirən lenti kəsdikdən sonra hava limanının rəmzi açarı prezidentlərə təqdim edildi. Sonra dövlət başçıları hava limanında yaradılan şəraitlə tanış oldular.

Həmin gün prezidentlər Zəngəzur dəhlizinin Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun, Zəngilan rayonunda "Dost Aqropark"ın da təməlini qoydular. Prezidentlər həmçinin mətbuata birgə bəyanatlarla çıxış etdilər. İkinci Qarabağ savaşının ilk saatlarından son dəqiqələrinə qədər Azərbaycanın yanında olan Türkiyənin dəstəyini yüksək qiymətləndirib: "Bilirsiniz ki, Azərbaycanda hər kəs sizi sevir, sizə böyük hörmətlə yanaşır. Siz bizim Zəfərimiz üçün çox böyük işlər görmüsünüz və bu gün artıq quruculuq dövründə, bərpa dövründə də bizimlə bərabərsiniz", - deyən Prezident İlham Əliyev Türkiyə Prezidentinin bu səfərinin əhəmiyyətini yüksək dəyərləndirdi: "Tam əminəm ki, bundan sonra da Türkiyə və Azərbaycan iki qardaş ölkə kimi bir yerdə irəli gedəcək, xalqlarımız bir-birinə daha da yaxın olacaq, dövlətlərimiz bundan sonra da uğurlu əməkdaşlıq edəcək. Beləliklə, Türkiyə ilə Azərbaycanın birgə gücü daha da təsirli olacaq".

İşğaldan azad olunmuş ərazilərdə görülən işlərin nəticəsindən məmnun qalan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə dedi: "Bugünkü səfərimiz zamanı Azərbaycanın işğaldan azad edilən bu bölgələrinin qısa müddət ərzində həqiqətən necə dirçəldiyini, necə sürətlə inkişaf etdiyini görürük. Bu, hər igidin, hər siyasətçinin işi deyil. Bu qədər qısa müddətdə bu investisiyaları yatırmaq, bu işləri həyata keçirmək, inanıram ki, doğma yurdundan ayrılmağa məcbur qalmış azərbaycanlı qardaşlarım üçün buradan bir müjdə vermək imkanı yaradır".

"...Bölgənin bərpası istiqamətində görülən işlər həm Azərbaycan, həm də regionumuz üçün qürurverici və ümidvericidir". Türkiyə Prezidentinin bu sözlərində də böyük bir həqiqət var. Rəcəb Tayyib Ərdoğanın bu bölgəyə səfəri isə Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpası və ümumilikdə regionda yeni reallıqların, yeni geostrateji vəziyyətin möhkəmlənməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

İnanırıq ki, hər zaman bir-birinin yanında olan ölkələrimiz Qarabağın dirçəlişi ilə bağlı layihələrdə mövcud durumun dəyərləndirilməsi, ən önəmlisi Şuşa Bəyannaməsi ilə strateji müttəfiqlik səviyyəsinə çatdırılan əlaqələrin inkişaf etdirilməsi istiqamətində birgə çalışacaq, "Bir millət, iki dövlət olmağın verdiyi ortaq süur və ruhla" hərəkət edəcəklər.

Zümrüd QURBANQIZI,

"Respublika".