QARABAĞ AZƏRBAYCANDIR!
Siyasət

QARABAĞ AZƏRBAYCANDIR!

TARİXİ 44 GÜNÜN ANLARI

Regionun lider dövlətlərindən olan Azərbaycan 30 ilə yaxın erməni işğalı altında olan torpaqlarını Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi və Şanlı Ordusunun gücü ilə 44 günlük Zəfər savaşında azad etdi. Zaman keçdikcə, Vətən müharibəsində qazanılan qələbədə 44 günün hər gününün bir tarix olduğu daha aydın görünür.

Məhz buna görə də, "Respublika" qəzeti ənənəsinə sadiq qalaraq, əvvəllər "Ötən günlərin tarixi anları" adı ilə dərc etdiyi "Xronika"nı "Tarixi 44 günün anları" rubrikası ilə mövcud reallıqlar fonunda, yeni rakursda oxuculara təqdim edir.

“Respublika”.

(əvvəli 1, 2, 3, 5, 67, 891012,131415,1617, 19202122232426, 27282930 oktyabr tarixli saylarımızda)

31 oktyabr 2020-ci il

M üdafiə Nazirliyi məlumat yayıb. Məlumatda bildirilib ki, düşmənə vurulan dəqiq atəş zərbəsi ilə Ermənistan silahlı qüvvələrinin 3 tankı, 1 "Qrad" yaylım atəşli reaktiv sistemi, sursatla dolu 1 yük maşını, döyüş mövqeyində və qoşquda olan 3 topu, o cümlədən xeyli sayda canlı qüvvəsi məhv edilib.

***

Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiya Prezidenti Vladimir Putinə müraciətilə əlaqədar Rusiya Federasiyası Xarici İşlər Nazirliyi bəyanat yayıb. Bəyanatda deyilir: "Ermənistan Respublikasının baş naziri N.Paşinyanın Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə müraciətlə Ermənistan Respublikasının təhlükəsizliyinin təmin edilməsi üçün Rusiya Federasiyasının ona göstərə biləcəyi köməyin növünü və həcmini təyin etmək məqsədilə məsləhətləşmələrə başlamaq xahişi ilə əlaqədar Rusiya Federasiyasının Ermənistan Respublikası barəsində, o cümlədən Rusiya Federasiyası ilə Ermənistan Respublikası arasında dostluq, əməkdaşlıq və qarşılıqlı yardım haqqında 29 avqust 1997-ci il tarixli Müqavilədən irəli gələn müttəfiqlik öhdəliklərinə sadiq olduğunu təsdiq edirik. Bu Müqavilənin bir sıra maddələrində tərəflərin bir-birinin ərazisinə silahlı hücum və ya təcavüz aktı təhlükəsi yaranacağı halda konkret hərəkətlər nəzərdə tutulur".

RF XİN həm də qeyd edib ki, həmin Müqaviləyə müvafiq olaraq, əgər hərbi toqquşmalar bilavasitə Ermənistan ərazisinə keçərsə, onda Rusiya Yerevana hər cür zəruri kömək göstərər.

***

Müdafiə Nazirliyi mətbuat xidmətinin mətbuat katibi polkovnik-leytenant Anar Eyvazov Hərbi İnformasiya Mərkəzində brifinq keçirib. Anar Eyvazov deyib: "Düşmən təxribat törədərək mülki əhalimizə qarşı qeyri-qanuni silah və sursatlardan istifadə edir. Bizi də təhrik edərək dezinformasiya və yalan məlumat yaymağa çalışırlar. Biz bəyanatlarımızda bildirdiyimiz kimi, Azərbaycan Ordusunda heç bir qadağan olunmuş silah yoxdur və istifadə olunmur. Arsenalımızda olan silah-sursatlarla düşmənin istənilən nöqtəsini məhv etməyə gücümüz çatır”.

***

Baş Prokurorluğun mətbuat xidmətinin rəisi Günay Səlimzadə Hərbi İnformasiya Mərkəzində brifinq keçirib. Brifinqdə deyilib: "Sentyabrın 27-dən başlayaraq Ermənistanın hərbi-siyasi rəhbərliyinin göstərişi ilə düşmənin silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə konvensiyaları və onun Əlavə protokollarının müddəalarını kobud şəkildə pozaraq, Azərbaycan əhalisinin sıx yaşadığı məntəqələri ağır artilleriyadan atəşə tutur və bununla da mülki əhalimizə qarşı cinayətlər törətməyi davam etdirir. Hazırkı vaxtadək düşmən qüvvələri tərəfindən törədilən cinayətlər nəticəsində ümumilikdə 91 mülki şəxs həlak olub, 404 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralananların 43-nün vəziyyəti ağırdır. Bundan başqa, 2465 evə, 97 çoxmənzilli binaya və 455 mülki infrastruktur obyektinə külli miqdarda ziyan dəyib.

1 noyabr 2020-ci il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Görüş zamanı dövlətimizin başçısı Türkiyə vətəndaşları tərəfindən göstərilən dəstəyə görə minnətdarlığını bildirərək demişdir: "... Eyni zamanda, Türkiyənin media nümayəndələri də gecə-gündüz döyüş meydanlarında öz həyatlarını risk altına atırlar və bu görüntüləri dünya daha çox Türkiyə mediası vasitəsilə görür və bilir".

Mövlud Çavuşoğlu qəbula görə təşəkkürünü bildirərək deyib: "Biz sizin döyüş meydanındakı qələbələrinizlə fəxr edirik. Bütün dünyaya türkün gücünü göstərdiniz, qürur duyuruq".

***

Azərbaycanın və Türkiyənin xarici işlər nazirləri arasında görüş olub. Görüş zamanı nazirlər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bölgədəki son vəziyyətə dair ətraflı fikir mübadiləsi aparıblar.

Nazirlər bölgədə dayanıqlı sülhün təmin olunması üçün BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə uyğun olaraq Azərbaycan ərazilərinin işğalına son qoyulmasının vacibliyini vurğulayıblar.

***

Müdafiə Nazirliyi məlumat yayıb. Məlumatda deyilir ki, Ermənistan-Azərbaycan dövlət sərhədinin Zəngilan rayonu sahəsində Ermənistan silahlı qüvvələrinin bölmələri hücum etməyə cəhd göstərib. Düşmən bu istiqamətdə bir sıra əlverişli yüksəklikləri ələ keçirmək məqsədilə minaatanlardan və müxtəlif iriçaplı silahlardan istifadə etməklə bölmələrimizin mövqelərini atəşə tutub. Ermənilərin hücuma keçmək niyyəti bölmələrimiz tərəfindən vaxtında aşkar edilib və həyata keçirilən uğurlu əməliyyat nəticəsində qarşı tərəf ciddi itkilərə məruz qalıb. Döyüş zamanı canlı qüvvə sarıdan 30-dək itki verən düşmən Ermənistan ərazisinə çəkilməyə məcbur edilib. Bölmələrimizin şəxsi heyətinin sayıqlığı nəticəsində mövqelərimizə havadan hücum edən düşmənin "Su-25" döyüş təyyarəsi də məhv edilib.

***

"Reuters" agentliyi Livan ermənilərinin kütləvi şəkildə muzdlular qismində döyüşlərə cəlb olunduğu barədə məqalə yayıb. Məqalədə deyilir ki, Livandakı maliyyə böhranına baxmayaraq, buradakı 140 min erməni mənşəli toplum pul toplayıb Ermənistana yardım göndərib.

Ermənistanın Müdafiə Nazirliyinin rəsmisi erməni diaspor nümayəndələrindən bir çoxunun döyüşlərə getmək üçün müraciət etdiyini söyləyib. Döyüşçülərin hazırlığı ilə məşğul olan yerli təlimatçı deyib ki, Argentina və ABŞ kimi uzaq ölkələrdən yüzlərlə erməni döyüş təlimi keçmək üçün Ermənistana gəlib.

(davamı növbəti saylarımızda)