DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

COZEF BAYDEN: FRANSADAN DAHA SADİQ MÜTTƏFİQİMİZ YOXDUR

ABŞ Fransanı əsas müttəfiqlərindən biri hesab edir. “Report” agentliyinin verdiyi xəbərə görə, bunu ABŞ prezidenti Cozef Bayden Romada Fransa dövlət başçısı Emmanuel Makronla görüşü zamanı bəyan edib.

Cozef Baydenin sözlərinə görə, Vaşinqton və Paris dünyanın bütün regionlarında birgə işləmək qabiliyyətinə malikdirlər.

“Bizim Fransadan daha sadiq müttəfiqimiz yoxdur. Dünyada elə bir yer yoxdur ki, biz birlikdə işləyə bilməyək”, - deyə ABŞ prezidenti vurğulayıb.

Qeyd edək ki, Fransa prezidenti Emmanuel Makron amerikalı həmkarı Cozef Baydeni Avropa İttifaqı ilə NATO arasında strateji tərəfdaşlıq, terrorizmlə mübarizə və digər qlobal mövzuların müzakirəsinə dəvət edib.

“Fransa-ABŞ əməkdaşlığının gücləndirilməsi istiqamətində işlərə başlamışıq. Hesab edirəm ki, biz gələcəyə baxmalıyıq”, - deyə Emmanuel Makron bildirib.

 

ÜST-DƏN YENİ TƏHLÜKƏLİ VİRUSLA BAĞLI XƏBƏRDARLIQ

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus dünya ictimaiyyətini mövcud “COVID-19” pandemiyasından dərs almağa və yeni pandemiyaya hazırlaşmağa çağırıb. “APA”nın məlumatına görə, Qebreyesus bu barədə Romada keçirilən “G20” maliyyə və səhiyyə nazirlərinin görüşü zamanı bildirib.

ÜST rəhbəri qeyd edib ki, Yer kürəsində yayılmasının qarşısını almaq qeyri-mümkün olan başqa bir virusun nə vaxtsa yaranması “bioloji baxımdan danılmazdır”.

“Bu pandemiyaya son qoysaq belə, yarana biləcək növbəti pandemiyaya hazırlaşmaq üçün bundan dərs çıxarmalıyıq”, - deyə ÜST rəhbəri vurğulayıb.

Qebreyesusun fikrincə, yüksək səviyyəli təhdidlər onlara qarşı mübarizə aparmaq üçün yüksək səviyyəli siyasi iştirak tələb edir. O, bununla əlaqədar “G20”ni pandemiyaya hazırlığa, ona cavab tədbirləri ilə bağlı hüquqi cəhətdən məcburi beynəlxalq sazişin bağlanmasını dəstəkləməyə çağırıb.

 

SAAKAŞVİLİNİN SAXLANILDIĞI HƏBSXANAYA XÜSUSİ TƏYİNATLILAR CƏLB OLUNUB

Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin saxlanıldığı Rustavidəki 12 saylı həbsxanaya xüsusi təyinatlılarla dolu avtobus və təcili tibbi yardım briqadası səfərbər olunub. “Report”un verdiyi xəbərə görə, siyasətçinin cəzaçəkmə müəssisəsindən türmə xəstəxanasına köçürülməsinə hazırlıq görülür, lakin bu məlumat rəsmi olaraq təsdiqlənmir.

Digər məlumatlara əsasən, həbsxana ətrafında təhlükəsizlik tədbirlərinin gücləndirilməsi oktyabrın 30-da keçirilən yerli seçkilərin ikinci mərhələsi ilə bağlıdır.

Bununla yanaşı, Gürcüstanın ədliyyə naziri Rati Breqadze bildirib ki, M.Saakaşvilinin hazırda klinikaya yerləşdirilməsinə ehtiyac yoxdur və zərurət yaranacağı təqdirdə o, xəstəxanaya helikopter vasitəsilə çatdırıla bilər.

Həmçinin ölkənin Dövlət Təhlükəsizlik Xidməti dövlət çevrilişinə hazırlığın planlaşdırıldığı barədə məlumat yayıb. Bildirilib ki, üçüncü prezidentin tərəfdarları onun türmə xəstəxanası, yaxud digər həbsxanaya köçürülməsinə mane olmağa və bununla ölkədə xaos, qeyri-sabitlik yaratmağa hazırlaşıblar.

 

“COVID-19” KORONAVİRUSU BİOLOJİ SİLAHDIRMI?

ABŞ “COVID-19” koronavirusunun bioloji silah kimi hazırlanmadığı qənaətinə gəlib. “Trend” agentliyinin məlumatına görə, bu barədə ABŞ Milli Kəşfiyyat Şurasının dərc etdiyi hesabata bildirilir.

Məlumata əsasən, əksər agentliklər az ehtimalla virusun genetik cəhətdən dəyişdirilməmiş ola bildiyini bildirirlər. Bununla belə, iki agentlik belə bir qiymətləndirmə aparmaq üçün kifayət qədər məlumat olmadığı qənaətindədirlər.

ABŞ-ın müvafiq agentlikləri həmçinin virusun mənşəyi ilə bağlı konsensusa gəlməyiblər və “COVID-19”un mənşəyi ilə bağlı iki fərziyə irəli sürüblər: heyvandan yoluxma və laboratoriyanın işilə bağlı insident.

Hesabatda deyilir: “Çin rəsmiləri, ehtimal ki, Uhan Virusologiya İnstitutunun tədqiqatçıları tərəfindən əhali arasında virusun olduğunu təsdiq edənə qədər “SARS-CoV-2”nin mövcudluğu barədə əvvəlcədən məlumatlı olmayıb. “COVID-19”a səbəb olan “SARS-CoV-2” virusu, ehtimal ki, 2019-cu ilin noyabrında kiçik təmas nəticəsində bir insana yoluxub. İlk yoluxma isə Çinin Uhan şəhərində qeydə alınıb”.

 

UKRAYNA PREZİDENTİNDƏN “BAYRAKTAR-TB2” İLƏ BAĞLI AÇIQLAMA

Ukrayna prezidenti Vladimir Zelenski ölkəsinin Türkiyə istehsalı olan “Bayraktar-TB2” dronlarının ilk dəfə Donbasda istifadə edilməsinin leqal olduğunu bəyan edərək Almaniya və Fransanın tənqidlərini qəbul etməyib. “Teleqraf.com”un verdiyi xəbərə görə, Ukrayna lideri türk dronlarının istifadə edilməsinin müdafiə xarakterli olduğunu və atəşkəsi pozmadığını bəyan edib.

“Atəşkəs razılaşması çərçivəsində hərəkət edirik. Ukrayna bu formatda fəaliyyət göstərməyə davam edəcək. Ukraynadakı dronlar sadəcə müdafiə məqsədlidir. Ukrayna ordusu dronlardan torpaqlarının müdafiəyə ehtiyac yarandığı halda istifadə edəcək”, -  deyə Vladimir Zelenski əlavə edib.

Qeyd edək ki, Ukrayna ordusunun separatçılara qarşı dron istifadə etməsi Rusiya ilə yanaşı, Almaniya və Fransanın da narahatlığına səbəb olub. Paris və Berlin Ukraynada ağır silahların istifadəsinə başlandığını, bunun da atəşkəslə birlikdə mövcud şəraitə zərər verə biləcəyini diqqətə çatdırıb.

 

TÜRKİYƏNİN BAŞ KONSULUNU QƏTLƏ YETİRƏN TERRORÇU ERMƏNİSTANA SIĞINIB

Türkiyənin Los-Ancelesdəki baş konsulu Kamal Arıkanı qətlə yetirən “ASALA” erməni terror qruplaşmasının üzvü Xampiq Sasunyan Ermənistandadır. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə Daşnaksütyun Partiyası məlumat yayıb. Həmçinin bildirilir ki, X.Sasunyan Ermənistana səfəri barədə feysbuk səhifəsində paylaşım edib.

Türkiyənin Los-Ancelesdəki baş konsulu Kamal Arıkanı qətlə yetirdiyinə görə, ömürlük həbs cəzasına məhkum edilmiş erməni Xampiq Sasunyan 2019-cu ilin dekabrında Kaliforniya ştatı Məhkəməsinin qərarı ilə azadlığa buraxılıb.

Qeyd edək ki, 2006 və 2010-cu illərdə ABŞ məhkəməsi X.Sasunyanın əfv edilməsi ilə bağlı müraciəti təmin etməyib. 2016-cı ildə Kaliforniyanın Əfv Komissiyası onu əfv etsə də, ştatın qurbernatoru Cerri Braun X.Sasunyanın cəmiyyət üçün təhlükəli olacağını əsas göstərərək sözügedən qərara veto qoymuşdu.

Bununla yanaşı, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bu ilin aprelində Sasunyanın azadlığa buraxılması ilə bağlı bunları bildirmişdi: “Bizə tarix dərsi verməyə çalışanların “ASALA” terroruna göz yummaları tamamilə ikiüzlülükdür".

 

ÜST MƏKTƏBLƏRİ MÜVAFİQ TƏDBİRLƏR GÖRMƏK ŞƏRTİLƏ AÇIQ SAXLAMAĞA ÇAĞIRIB

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə ofisi ardıcıl dördüncü həftədir ki, “COVID-19” infeksiyasına yoluxma sayında davamlı artım qeydə almasına baxmayaraq, təşkilat məktəblərə uyğun profilaktik və cavab tədbirləri görmək şərtilə qapanmamağı tövsiyə edib.

“Trend” agentliyinin verdiyi xəbərə görə, ÜST-ün Avropadakı ofisinin rəhbəri Hans Kluqe bildirib ki, ötən il məktəblərin bağlanması, milyonlarla uşaq və yeniyetmənin təhsilini yarıda qoyması, xüsusən də uşaqların psixi və sosial rifahına xeyirdən çox zərər vurub. “Biz eyni səhvi təkrarlaya bilmərik”, - deyə Hans Kluqe vurğulayıb.

Bununla yanaşı, son məlumatlara görə, oktyabrın üçüncü həftəsində Avropa regionu üzrə yoluxma saylarında 57 faizədək artım qeydə alınıb.

Məlumat üçün qeyd edək ki, bu günə qədər Avropa regionunda 76 milyon “COVID-19”a yoluxma halı və virusdan 1,4 milyon ölüm halı qeydə alınıb.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.