Sağlam həyat
Maraqlı

Sağlam həyat

Qrip və ürək xəstəliyi arasında təəccüblü bağlantı

Ürək xəstəliyi ilə əlaqəli yüksək risk faktorlarının infarkt və işemik insult kimi təhlükəli problemlərə yol açması çoxlarımıza məlumdur. Bəs qripə yoluxmaqla ciddi və hətta ölümcül ürək xəstəliyi riskinin artdığını bilirdinizmi?

Məlumdur ki, qrip, bronx və ağciyərlərə təsir edərək yuxarı tənəffüs orqanlarının ağırlaşmasına səbəb olur. Lakin bu virusun ürəyə təsiri indiyədək bilinmirdi. Bunun əsas səbəbi isə ürəklə bağlı problemlərin qripin başlamasından həftələr sonra üzə çıxmasıdır.

Amerikalı alimlərin Hyuston Metodist Xəstəxanasında apardıqları və "Journal of the American Heart Assiociation" jurnalında yayımlanan araşdırmalarına görə, ürək xəstəliklərindən əziyyət çəkən və mövsümi qrip virusuna yoluxan insanların ölüm nisbətləri yüksəkdir. Lakin elm adamları qrip peyvəndinin bu riski xeyli azalda biləcəyini söyləyirlər.

Araşdırmalar zamanı məlum olub ki, yaşı 65-dən aşağı olanların peyvənd vurdurma ehtimalı ürək xəstəliyindən əziyyət çəkən daha yaşlı insanlardan 50 faiz aşağıdır.

"Görünür, yüksək risk qrupuna aid edilən gənclər, qrip peyvəndinin önəmini dərk edən yaşlılarla eyni bilgiyə sahib deyillər. Təqaüd yaşına çatmayan ürək problemi olan insanların qriplə bağlı ağırlaşmalara həssas olduqlarını nəzərə alsaq, vəziyyət olduqca təhlükəli görünür" - deyə tədqiqat rəhbəri Dr. Priyanka Bhugra qeyd edib.

 

Portağal şirəsi iltihabla mübarizə apara bilər

Təbii portağal şirəsi dünyanın ən məşhur şirəsi olaraq bir çox ölkələrdə nahar süfrəsinin əvəzolunmaz atributu hesab edilir. Tərkibi C vitamini, kalium kimi vacib minerallarla zəngin olan bu içkini daha çox qış aylarında qripin və soyuqdəymənin profilaktik müalicəsində istifadə edirik. Bu yaxınlarda aparılan araşdırmalar nəticəsində dadından doymadığımız bu içkinin yeni bir faydası ortaya çıxıb. "Advances in Nutrition" jurnalında dərc edilən tədqiqatın nəticələri göstərir ki, portağal şirəsi xroniki iltihabla mübarizə apara bilər.

Corc Mason və Tafts Universitetinin alimləri portağal şirəsinin xroniki iltihab reaksiyasının ən aktiv vasitəçilərindən biri hesab edilən "interleykin 6" adlı biomarkerin səviyyəsini aşağı sala biləcəyini söyləyirlər. Elm adamları portağal suyunun tərkibindəki flavanoidlər, hesperidin, naringenin kimi iltihab əleyhinə birləşmələrin diabet, revmatoid artrit, ürək-damar, xərçəng kimi iltihabın səbəb olduğu xəstəliklərin qarşısını ala biləcəyini ehtimal edirlər. Onlar şirənin, hüceyrə plazması və genlərdəki reaksiyaya vasitəçilik edən iltihabı modulyasiya etdiyini bildiriblər.

Faydalı da olsa, mütəxəssislər böyüklər üçün 100 faiz portağal şirəsini gündə yalnız bir fincan içməyi məsləhət görürlər. Uşaqlar üçün isə gün ərzində kiçik stəkan həcmində şirənin yetərli olduğu tövsiyə edilir. Mütəxəssislər şirənin dadının şirin olmasına baxmayaraq, onun glisemik indeksinin (qan şəkəri dəyəri) və yağ tərkibinin aşağı olduğu qənaətinə gəliblər.

 

Stabil qan təzyiqi beyini "cavan" saxlayır

Milli Avstraliya Universitetinin tədqiqatçılarının yeni araşdırmalarına görə, yüksək qan təzyiqindən əziyyət çəkən insanların beyni sürətli qocalma riski altındadır.

Alimlər müəyyən ediblər ki, insanlarda sabit qan təzyiqi onların xronoloji yaşından ən azı altı ay gənc qalmasına səbəb ola bilər. "Frontiers in Aging Neuroscience" jurnalında dərc edilən araşdırmada, yüksək qan təzyiqi olan insanların beyinlərinin daha yaşlı və qeyri-sağlam olduğu təsbit edilib. Elm adamları bu problemin ürək-damar, insult və demans riskini artırdığını söyləyirlər.

Sınaqlara qatılan, hipertoniyadan əziyyət çəkən minlərlə respondentin beynində yaşlanmanın əlamətləri ortaya çıxıb. Qeyd edək ki, iştirakçıların təcrübə zamanı qan təzyiqləri normada olub.

"Bir insanın beyninin həyatının sonrakı dönəmlərində yüksək qan təzyiqi səbəbilə sağlam olmayacağı fikri tamamilə yanlışdır. Çünki bu proses daha erkən mərhələdə və normal qan təzyiqi olan insanlarda da başlayır. Normal arterial təzyiq 120/80 mm civə sütunu hesab edilsə də, daha sağlam göstərici 110/70-ə yaxındır" - deyə Yaşlanma, Sağlamlıq və Rifah Tədqiqat Mərkəzinin rəhbəri, professor Nicolas Cherbuin qeyd edib.

Ümumdünya Səhiyyə Təşkilatının hesabatına görə, yüksək qan təzyiqindən əziyyət çəkən 3 yaşdan yuxarı insanların sayı bütün dünyada iki dəfədən çox artıb.

 

Faydalı hesab etdiyimiz yaşıl çayın zərəri ortaya çıxıb

Yaşıl çayın sağlamlığa faydası çoxlarımıza məlumdur. Xüsusilə də tərkibində bir sıra kateşinlər ehtiva edən bu çay yüksək antioksidant səviyyəsinə görə uzunömürlülük iksiri hesab edilir. Lakin "Aging" jurnalında dərc edilən yeni araşdırma bu fikirləri alt-üst edib. Belə ki, isveçrəli alimlər əvvəlki tədqiqatlara şübhə ilə yanaşıblar.

İndiyə qədər tədqiqatçılar hesab edirdilər ki, yaşıl çayın tərkibindəki kateşinlər oksidləşdirici stresi azaltmaqla, DNT-yə təsir edən zərərin qarşısını alır. Ancaq Sürix Sağlamlıq Elmləri və Texnologiya Departamentinin alimləri bu çayın tərkibindəki kateşinlərin stresi azaltmaq əvəzinə, artırdığını ortaya çıxarıblar.

Araşdırma zamanı məlum olub ki, yaşıl çay ekstraktının tərkibindəki polifennollar, yəni kateşinlər əslində antioksidant deyil, peyvənd kimi orqanizmin özü-özünü müdafiə sistemini yaxşılaşdıran prooksidantlardır. Yüksək dozalı kateşinlər qaraciyərlərə xüsusilə təhlükə yaradır. Belə ki, bu çayın həddindən artıq istehlakı bəzi orqanlara zərər verə bilər.

Ən çox kateşinlər Yaponiyanın yaşıl çay sortlarında tapılsa da, digər növlərində də bu polifenollar kifayət qədərdir. Alimlər qara çayın isə əksinə, daha aşağı səviyyədə kateşin ehtiva etdiyini söyləyirlər. Buna görə də onlar qara çayın yaşıl çaydan daha üstün olduğunu düşünürlər.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".