Tarixə yazılan günlər
Digər xəbərlər

Tarixə yazılan günlər

İki əsrə yaxın bir müddətdə özünü açıq şəkildə büruzə verən "erməni xəstəliyi" sağalmadı, əksinə, zaman-zaman şiddətləndi. Torpağına ayaq basdığı hər dövlətə qarşı ərazi iddiası havadarlarının köməyi ilə bir tək Azərbaycanda gerçəkləşdi. XX əsrin əvvəllərində əldə etdiyi torpaqlar ona bəs etmədi, əsrin sonlarında öz tarixi planını yenidən həyata keçirməyə başladı. Torpaqlarımızın 20 faizi işğal edildi. O zaman xarici qüvvələrin dəstəyilə silahlanan ermənilər 30 ilədək bir müddətdə zəbt etdiyi torpaqları viran qoydu, onun əsl sahibinin bir gün ayağa qalxacağına, silaha sarılacağına inanmadı.

Ötən il sentyabrın 27-dən başlayan Vətən müharibəsinin ötən hər günü özünün qələbə müjdəli xəbərlərilə tarixə yazılırdı... Bu qələbə xəbərlərini dövlət başçısının dilindən eşitməyə adət edən xalqımız Prezident İlham Əliyevdən hər gün müjdə gözləyirdi. Dövlət başçısı 30 oktyabr 2020-ci il tarixdə rəsmi "Twitter" hesabında paylaşım edib: "Müzəffər Azərbaycan Ordusu Cəbrayıl rayonunun Xudaverdili, Qurbantəpə, Şahvələdli, Xubyarlı, Zəngilan rayonunun Aladin, Vejnəli, Qubadlı rayonunun Kavdadıq, Məmər, Mollalı kəndlərini işğaldan azad etmişdir".

Beləliklə, Azərbaycan Ordusu Vətən müharibəsi başlayan ilk gündən Cəbrayıl rayonunun 63, Zəngilan rayonunun 46, Qubadlı rayonunun 18 yaşayış məntəqəsini düşməndən geri alıb.

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Cenevrədə ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb. Görüş zamanı nazir Azərbaycanın mövqeyi barədə qarşı tərəfə məlumat verib, Ermənistanın destruktiv əməlləri, mülki şəxslərin və yaşayış məntəqələrinin hədəfə alındığı, dinc əhaliyə qarşı qadağan olunmuş silahlardan istifadə edildiyi və müharibə cinayətlərinin törədildiyini diqqətə çatdırıb.

Həmin gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib. Dövlətimizin başçısı Türkiyənin Egey bölgəsində baş vermiş zəlzələ ilə əlaqədar xalqımızın üzüntü hissi keçirdiyini vurğulayıb. Prezident İlham Əliyev hər zaman olduğu kimi, bu gün də xalqımızın dost-qardaş Türkiyənin yanında olduğunu qeyd edərək bildirib ki, Azərbaycan qardaş ölkəyə hər cür yardım göstərməyə hazırdır. Prezident Rəcəb Tayyib Ərdoğan telefon zənginə və diqqətə görə dövlətimizin başçısına minnətdarlığını bildirib.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "Instagram" səhifəsində paylaşım edib. Paylaşımda deyilir: "Türkiyənin Egey bölgəsində baş vermiş güclü zəlzələ nəticəsində insan tələfatı və dağıntılar barədə xəbərləri kədər və təəssüf hissi ilə qarşıladım. Həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Yaralıların tezliklə şəfa tapmasını diləyirəm. Türkiyə xalqının kədəri bizim kədərimizdir. Bizim qardaşlığımız əbədi və sarsılmazdır! Uca Tanrı xalqlarımızı bütün bəlalardan və bədbəxtliklərdən qorusun!".

Müdafiə Nazirliyi mətbuat xidmətinin mətbuat katibi polkovnik-leytenant Anar Eyvazov isə Hərbi İnformasiya Mərkəzində keçirdiyi brifinqdə son hadisələr barədə məlumat verib. O bildirib ki, döyüş texnikası və canlı qüvvə baxımından xeyli sayda itki verən düşmən geri çəkilməyə məcbur edilib. Bərdə və Tərtər şəhərlərində raket hücumları həyata keçirən düşmənin üç ədəd "Smerç" yaylım atəşli reaktiv sistemi və ermənilərin qondarma özünümüdafiə ordusu adlandırdıqları Ermənistan silahlı qüvvələrinin 1-ci ümumqoşun ordusunun komandan müavini, o cümlədən düşmənin xeyli sayda canlı qüvvəsi, "Qrad" yaylım atəşli reaktiv sistemi, "Osa" zenit-raket kompleksi, P-18 radiolokasiya stansiyası, 2 ədəd "Qvozdika" özüyeriyən haubitsası, 10 ədəd artilleriya topu, piyada döyüş maşını, 3 ədəd tankı, 4 ədəd avtomobil texnikası və yeni istismara verilmiş raket-artilleriya silahları anbarı bölmələrimizin dəqiq atəş zərbələri ilə məhv edilib.

Azərbaycan Ordusunun hər kiçik uğuru bizi sevindirir, qələbə gününü daha da yaxınlaşdırır və o günün uzaqda olmadığına inamımızı artırırdı.

"Respublika".