Maraq dünyamız
Maraqlı

Maraq dünyamız

Zehnimizi kompüterə köçürmək mümkün ola bilərmi?

İnsan zehnini kompüterə köçürmək ideyası elm adamlarını uzun illərdir ki, düşündürən mövzudur. Bəzilərimiz üçün bu, sadəcə elmi fantastika kimi görünsə də, bəzilərimiz isə texnologiyanın  günü-gündən inkişaf etdiyi bu dövrdə "bir gün bunu da eşidəcəyik"-deyə fikirləşir. Görəsən, bunu doğrudan da bir gün bacara bilərikmi? Elm buna imkan verirmi? Yoxsa,  bu, sadəcə təsəvvürümüzün həyəcanverici bir uydurmasıdır?
Əslində zehni kompüterə köçürməyin nəzəri cəhətdən müxtəlif yolları var. Lakin bunların heç biri hələ ki, həyata keçirilməyib. Çünki beynimiz o qədər mürəkkəb quruluşa malikdir ki, indiyədək onu dəqiq öyrənə bilməmişik. Alimlər bu mövzu ilə bağlı bəzi nəzəri üsullar üzərində araşdırmalar aparıblar. Məsələn, beyni tamamilə deşifrə və hər bir detalını skan edərək onun xəritəsini çəkə bilən cihazların inkişaf etdirilməsi gələcəkdə bu ideyanın həyata keçirilməsini reallaşdıra bilər.
Başqa bir nəzəriyyədə isə beynin kompüter proqramına qoşula biləcəyi, dolayısıyla hesablana biləcək bir sistemlə zəka da daxil olmaqla, beynin hər bir detalının kodlaşdırılması düşünülür. Əslində bu fikir inandırıcı görünür. Belə ki, xüsusilə Neyrolink tərəfindən aparılan son araşdırma sayəsində bu ideyanın gerçəkləşməsinə bir addım daha yaxınıq. Ancaq bu nəzəriyyəni də imkansız edən mühüm bir detal var. Beynimiz nəzəri cəhətdən nə qədər hesablansa, kodlaşdırılsa da, onun bütün funksiyalarını xəritələşdirmək demək olar ki, mümkün deyil. Çünki bu mürəkkəb quruluşun hüceyrəsindən tutmuş atomuna qədər həddindən artıq böyük həcmdə olması, bu məlumatların saxlanmasında çətinliklər yaradır.
Kim bilir, bəlkə də elm ictimaiyyəti bir gün bunu da bacaracaq. Bizə sadəcə gözləmək qalır...

 


Atəşböcəkləri necə işıq saçır?

Heyvanlar aləmində bir çox möcüzə var. Ancaq çoxlarımız atəşböcəklərinin (Firefly böcəyi) niyə və necə işıq saçması barədə məlumatlı deyilik. Lampyridae böcəklər ailəsinə aid edilən bu həşəratlar işıq yaydıqları üçün belə adlandırılırlar.
Bu növ böcəklər nəmli mühitləri sevdikləri üçün tropik və mülayim bölgələrdə, bataqlıq və ya su hövzələri yaxınlığında yaşayırlar. Atəşböcəklərinin ən diqqətçəkən xüsusiyyəti onların qısa fasilələrlə işıq saçmasıdır. Bəs onlar necə işıq saça bilirlər?
Bu, onların bədənlərində baş verən bəzi kimyəvi reaksiyalar nəticəsində mümkün olur. Atəşböcəklərinin qarnının aşağı ucunda olan xüsusi hüceyrələr lüsiferin adlı maddə ifraz edir. Lüsiferin oksigenlə reaksiyaya girərək başqa bir maddəyə çevrilir. Nəticədə hüceyrələrin yerləşdiyi hissədən işıq yayılır. İşıqların yanıb-sönən ritmi bu böcəklərin növündən asılıdır. Bu xüsusi qabiliyyət atəşböcəklərinin yoldaş tapması və bir-birindən fərqlənməsinə kömək edir.

 

Ən qədim insanlar yeməkləri necə saxlayırdılar?

Təbii ki, soyuducu olduqca yeni bir fenomendir. Buna görə də qədim insanlar qidalarını qorumaq üçün ağıllı yollar tapmalı idilər. Əslində soyuducu olmadan da qidaların saxlanması üçün  duzlama, qurutma, hisə vermə və fermentasiya kimi bir çox alternativ üsullar hazırda mövcuddur. Bütün bunlar bir yana qalsın, bəs qədim insanlar qidalarını necə saxlayırdılar?

Paleontoloji və arxeoloji dəlillərlə məlum olub ki, daş dövründə yığıcılıq və ovçuluqla məşğul olan insanların qidanın raf ömrünü uzatmaq üçün kifayət qədər yaradıcı yolları var imiş. Belə ki, 11000 il bundan qabaq insanlar ovladıqları mamont qalıqlarını  gölməçələrdə saxlayıblarmış. Amma ətin qorunması sırf su ilə bağlı deyildi. Burada əsasən suda yaşayan bakteriyaların böyük rolu var idi. Latobasillər adlı bu bakteriyalar tənəffüs zamanı laktik turşusu istehsal etməklə əti kolonizasiya edərək onun əzələ kütləsini qoruyur. Həmçinin göl suyunun aşağı temperaturu və oksigen tərkibi də qorunma prosesində böyük rol oynayır. Tədqiqatlar nəticəsində məlum olub ki, maral, quzu və hətta, at əti bu üsulla təxminən bir il saxlana bilər.
Digər tədqiqatların nəticələrinə görə isə qədim insanlar tez xarab olan süd məhsullarını  saxlamaq üçün daha bir dahiyanə üsuldan, şirin suyu olan bataqlıqlardan istifadə ediblər. Arxeoloqlar su ilə batmış palçıqdan mumlu parofinə bənzər bir maddə tapıblar. Kimyəvi analizləri nəticəsində onun süd məhsulu olduğunu müəyyən edən tədqiqatçılar bunu dəlil olaraq qiymətləndiriblər.

 

Wİ-Fİ xərçəngə səbəb ola bilərmi?

Çox güman ki, belə  məlumatları adətən simsiz bağlantıya, yəni Wİ-Fİ-ya qoşulmuş cihazlarda oxuyursunuz. Ancaq bu sadəcə bağlı olduğunuz şəbəkə ilə məhdudlaşmır. Əslində Wİ-Fİ ətrafımızdadır-məktəbdə, işdə, evdə, restoranlarda, xəstəxanalarda, parklarda, demək olar ki, hər yerdə.
Wİ-Fİ ilə əhatə olunduğumuz üçün onun radiasiyasına da məruz qalmağımız heç də təsadüfi deyil. Bəzilərimiz bu radiasiyanın xərçəng riskini artıracağından narahatdır. Həqiqətən də belə bir narahatçılığa əsas varmı?
Simsiz şəbəkələrdən yayılan radiotezliklərlə bağlı iki fərqli araşdırma yanaşması mövcuddur. Tədqiqatlarda həm insanların, həm də laboratoriyada heyvanların bu cür radiasiyaya qarşı xərçəng nisbətləri öyrənilib. İnsanlar üzərində aparılan araşdırmaların nəticələrinə görə, bu şüalanmaya məruz qalma ilə xərçəng arasında heç bir əlaqə yoxdur. Həmçinin bu, laboratoriyada heyvanlar üzərində edilən araşdırmaya da aiddir. Bununla belə, tədqiqatlarda edilən müşahidələrə görə,  bəzi bioloji dəyişikliklərin hipotetik olaraq xərçənglə əlaqəli olduğu düşünülür.
Tapıntılar nəticə vermədiyi üçün araşdırmalar hələ də davam edir. Wİ-Fİ-ın insan sağlamlığı üçün təhlükə yaratması şübhəsi çox güman ki, onun yaydığı radiotezlikli şüaların aşağı tezlikli olması və ionlaşdırıcı şüalanma  ilə bağlıdır. Ancaq yayılan radiasiya molekulların sıxlaşması üçün kifayət qədər güclü deyil. Buna görə də hüceyrə səviyyəsində bu şüalanmanın heç bir zərəri yoxdur. Bundan əlavə, Wİ-Fİ-ın yaratdığı radiotezlik radiasiyası 0,1 vattdır. Bu isə mobil telefonların yaydığı radiasiyadan azdır.
Əgər siz hələ də bu şüalanmanın potensial risklərindən narahatsınızsa, istifadə etmədiyiniz zaman simsiz şəbəkənizi söndürmək, cib telefonunuzu uçuş  rejiminə qoymaq və ya telefonla danışarkən qulaqcıqlardan istifadə etməklə məruz qaldığınız radiasiyanı minimuma endirə bilərsiniz.


Hazırladı:

Elenora HƏSƏNOVA,

“Respublika”.