Elmi-texniki yeniliklər
Maraqlı

Elmi-texniki yeniliklər

NASA Ayda Wİ-Fİ şəbəkəsi qurmağı planlaşdırır

ABŞ-ın bəzi bölgələrində internet probleminə həll yolu axtaran NASA yeni bir araşdırmaya başlayaraq Ayda Wİ-Fİ (simsiz bağlantı) şəbəkəsi qurmağı planlaşdırdığını açıqlayıb.
ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) diqqətəlayiq yeni bir layihə üzərində çalışacaq. Qurum Ayda internet bağlantısı yaratmağın mümkün olub-olmadığını araşdıracaq. Yer üzündə aparılacaq tədqiqatlar Aydan önəmli məlumatların əldə edilməsinə və peykimizin mühitinin öyrənilməsinə həsr ediləcək.
Tədqiqat Greater Geleveland Partnership adlı iqtisadi inkişaf agentliyinin   NASA ilə qurulan əlaqələrdən sonra başlayıb. Klivlendin ərazisinin 31 faizində  genişzolaqlı internet problemi  yaşanması elm adamlarını belə bir layihəyə sövq edib. NASA bu bölgədə internet problemini həll etməklə yanaşı,  onun  Ayda necə istifadə olunacağını da müəyyən etməyə çalışacaq. Qurum bu layihəni Artemis proqramının bir hissəsinə çevirməyi planlaşdırır.
NASA-dan verilən açıqlamaya görə, Klivlenddəki elektrik dirəklərinə Wİ-Fİ yönləndiricilərinin vaxtaşırı əlavə edilməsi insanların genişzolaqlı internet şəbəkəsinə qoşulmasına imkan verəcək. Bu şəhərdə istifadə ediləcək xüsusi Wİ-Fİ yönləndirici sistemlərinin Ayda istifadə edilməsi mümkün olarsa, peykimizin internet problemi də tarixdə qalacaq.
Artemis proqramı ilə insanların Aya göndərilməsini hədəfləyən NASA növbəti addımla astronavtların planetimizlə ünsiyyətini asanlaşdıra bilər. Üstəlik Wİ-Fİ şəbəkələri sayəsində Aydan canlı yayım etmək də mümkünsüz görünmür.
İnformasiyanı "TechXPlore" veb saytı yayıb.

 

İlk dəfə heyvan orqanı insana köçürüldü

Amerikalı cərrahlar ilk dəfə heyvandan alınan orqanı uğurlu bir şəkildə insana nəql ediblər. Elm adamları bu nailiyyətləri ilə dünyada orqan gözləyən yüz minlərlə insanın həyatını xilas edə biləcəklərini açıqlayıblar.
New York Universitetinin Langone Xəstəxanasının cərrahları geni dəyişdirilmiş donuzdan alınan böyrəyi beyin ölümü diaqnozu qoyulmuş bir pasientin vücuduna nəql edərək dünyada ilk uğura imza atıblar. Köçürülən orqanın funksiyasında heç bir anormallıqların qeydə alınmaması ilə yanaşı,  immun sisteminin də yad orqana qarşı "hücum"u baş verməyib. Donuz böyrəyini ayağın yuxarı hissəsindən damarlara bağlayan cərrahlar orqanın 54 saat ərzində bədəndən kənarda necə işlədiyini müşahidə ediblər.
Qeyd edək ki, indiyə qədər cərrahi əməliyyatlarda donuzlardan götürülən ürək klapanları ehtiyatda olan orqan kimi istifadə edilməklə yanaşı, dəri zədələnməsi zamanı da insanlara bu heyvanların dərisi transplantasiya edilir. Həmçinin qan durulaşdırıcı kimi geniş istifadə olunan heparin də donuz bağırsaqlarından alınır. Ancaq buna baxmayaraq, donuz hüceyrələrinin tərkibində insan orqanizminə yad olan şəkər molekulunun olması indiyə qədər bu heyvanın orqanından  istifadənin qarşısını alırdı. Bu maneələri aşmağı hədəfləyən elm adamları heyvanın genini dəyişdirərək heyrətamiz uğur qazana biliblər.
Orqan transplantasiyası üzərində işləyən tədqiqatçılar  donuzları     insanlar üçün  potensial orqan mənbəyi olaraq görürlər. Alimlər gələcəkdə bu heyvanın ürək, qaraciyər kimi digər orqanlarından  da istifadə edilə biləcəyini düşünürlər. Onlar tezliklə sınaqları canlı insanlar üzərində həyata keçirməyi planlaşdırırlar.
İnformasiya "Nature Communication" jurnalında dərc edilib.

 

Kəhrəbada tapılan qədim həyat izləri

Harvard Universitetinin alimləri Myanmarda bir kəhrəbanın içində ən qədim su heyvanının fosilini aşkar ediblər. Xərçəng növünə aid edilən fosilin 100 milyon yaşı olduğu təxmin edilir. Tədqiqatçıların kəşfləri dəniz canlılarının keçmişinə dair məlumatların əldə edilməsinə yeni yollar açır.
"Science Advances" jurnalında dərc olunan araşdırmanın aparıcı müəllifi, Harvard Universitetinin tədqiqatçısı Javier Luque kəhrəbanın Çinin Myanmar vilayətində bir satıcıdan alındığını söyləyib.
Kəhrəbanın içərisində qapalı qalan fosillər paleontoloqların son illərdə əldə etdikləri ən heyranedici tapıntılar sırasındadır. İndiyə qədər sərtləşmiş qədim ağac qatranının kürələri içərisində tapılan hörümçək, kərtənkələ, mikroskopik heyvan, quş fosilləri,  dinozavrlar dövrünə aid  maraqlı məlumatların əldə edilməsinə kömək etmişdir. Ancaq  bu dəfə elm adamları kəhrəbanın içərisində indiyə qədər gizli qalan ən qədim xərçəng fosilini tapıblar.
Şimali Myanmarda tapılan kəhrəba nümunəsi üzərində işləyən Çin, ABŞ və Kanada alimləri kiçik xərçəng fosilinə "Cretapsora athanata" adı veriblər. Yüz milyon il bundan əvvələ aid edilən fosil səthi olaraq bugünkü xərçənglərə bənzəyir. Kompüter tomoqrafiyası zamanı bədən hissələri görüntülənən fosilin uzunluğu cəmi 5 millimetrdir. Tədqiqatçılar xərçəngin nə suda, nə də ki, tamamilə quruda yaşadığını düşünürlər. Onlar bu canlının meşədə şirin su kənarında yaşadığını ehtimal edirlər. İndiyə qədər tapılan bu növ fosillər 50 milyon il əvvələ aid edilirdi. Lakin yeni fosilin ikiqat daha yaşlı olması elm adamlarına sirli qalan dinozavr dövrünə aid bir sıra təkamül məlumatlarını əldə etməyə kömək edə bilər.

 

Robota snayper silahı quraşdırılıb

ABŞ ordusu üçün dördayaqlı robotlar hazırlayan Ghost Robotics və SWORD İnternational şirkətləri robot itin üzərinə snayper tüfəngi quraşdırıblar. Bu tüfəngin "təhlükəli elementlərə" qarşı istifadə ediləcəyi planlaşdırılır.
Dördayaqlılar ən çox yayılmış robot tətbiqləri arasındadır. Balans problemini təmin edən bu robotlar bir çox sahədə istifadə edilə bilər. Robot köpəklər dedikdə ağıla ilk olaraq Amerikada yerləşən Boston Dynamics gəlsə də, bu sahədə çalışan yeganə şirkət onlar deyil. Artıq bir neçə ildir ki, ABŞ ordusunun Hərbi Hava Qüvvələri Ghost Robotics və SWORD İnternational şirkətləri ilə əməkdaşlıq edir.
İki şirkət tərəfindən istehsal edilən SPUR (Xüsusi Təyinatlı Tüfəng) adlı robot 6,5 millimetrlik Creedmoor tüfəngini daşıyır. Şirkətdən verilən məlumata görə, silah xüsusi olaraq pilotsuz nəqliyyat vasitələri üçün nəzərdə tutulub.
Vaşinqtonda silah sərgisində nümayiş etdirilən robotun üzərinə quraşdırılan snayper tüfənginin 1200 metrə qədər atəş edə biləcəyi bildirilib. Robotun hazırlanmasında süni intellektdən istifadə olunmayıb. Dronlar kimi, onu kimsə uzaqdan idarə edir. Şirkətdən verilən məlumata görə, robot yıxılsa belə, anında təkrar ayağa qalxa bilir. Üzərinə təchiz olunmuş bir çox sensorlar sayəsində gecə-gündüz işləyə bilən SPUR silahı,  müdafiə sistemlərinin gələcəyi üçün perspektivli yollar açır. 

Məlumat "Stady finds" veb saytında yayımlanıb.

Hazırladı:

Elenora HƏSƏNOVA,

“Respublika”.