DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

ƏRDOĞAN 10 ÖLKƏ SƏFİRİNİ "PERSONA NON QRATA" ELAN ETMƏYİ TAPŞIRIB

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Xarici İşlər Nazirliyinə ABŞ, Kanada, Fransa, Finlandiya, Danimarka, Almaniya, Niderland, Yeni Zelandiya, Norveç və İsveç səfirlərini “persona non grata” elan etməyi tapşırıb. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə Ərdoğan Eskişehirdə çıxışı zamanı bəyan edib.

“Bura Türkiyədir, zənn etdiyiniz qəbilə dövləti deyil. Lazım olan təlimatı xarici işlər nazirimizə verdim. Onların “arzuolunmaz şəxs” elan olunmasını bir an öncə həll edəcəksiniz, dedim. Türkiyəni anlamalı, bilməlidirlər, anlamadıqları halda, tərk edəcəklər. Millətimizə yan baxanla cüzi dostluğumuz belə ola bilməz”, - deyə Ərdoğan vurğulayıb.

Bildirilir ki, səfirlər Türkiyə XİN-ə dəvət edilərək onlara Vyana Konvensiyasına riayət edilməsinin zəruriliyi xatırladılıb.

Məlumata əsasən, diplomatlar Türkiyə hakimiyyəti tərəfindən 2016-cı ilin iyulunda dövlət çevrilişinə cəhddə təqsirləndirilən Osman Kavalanın məhkəməsi ilə bağlı sosial şəbəkələrdə səsləndirdikləri ifadələrlə əlaqədar “arzuolunmaz şəxs” elan ediliblər.

 

ABŞ RUSİYA İLƏ STABIL MÜNASIBƏTLƏRDƏ MARAQLIDIR

ABŞ prezidenti Cozef Bayden rəsmi Moskva ilə proqnozlaşdırıla bilən və stabil münasibətlərdə maraqlıdır. “Teleqraf.com”un xəbərinə görə, bunu ABŞ müdafiə naziri Lloyd Ostin NATO-ya üzv ölkələrin müdafiə nazirlərinin görüşündən sonra açıqlamasında bildirib.

“Düşünürəm ki, prezident Cozef Bayden Rusiya ilə proqnozlaşdırıla bilən və stabil münasibət niyyətindədir”, - deyə nazir qeyd edib.

Bununla yanaşı, Pentaqon rəhbəri bunun ABŞ və Rusiya kimi ölkələr üçün son dərəcə vacib olduğunu vurğulayıb.

Eyni zamanda, Lloyd Ostin ABŞ-ın müttəfiqlərinə və tərəfdaşlarına öz ərazilərinin təhlükəsizliyini təmin etmək səylərində kömək etməyə davam edəcəyini bildirib.

 

ÇİN “MİQ-19”UN ƏSASINDA YENİ DRONLAR YARADIR

Çinin Hərbi Hava Qüvvələri “MiQ-19” qırıcıları əsasında hazırlanmış ”Shenyang J-6" qırıcılarını kütləvi şəkildə dəyişdirərək, müasir dronlar yaradır. Bu barədə “Report” agentliyi məlumat yayıb.

“Defence News” müdafiə nəşrinin xəbərinə görə, peyk vasitəsilə çəkilən şəkillərdə Lyançen təyyarə bazasında yerləşdirilmiş 50 pilotsuz uçuş aparatı qeydə alınıb. Bildirilir, digər dronlar Yantan-li bazasında yerləşdirilib.

Nəşr bildirib ki, təyyarələrin belə pilotsuz versiyaları potensial düşmənin hava hücumundan müdafiə sistemini zəiflətmək üçün kütləvi hücum məqsədilə nəzərdə tutulub.

 

HAVA LİMANI SƏRNİŞİNLƏRİ ŞƏHƏR MƏRKƏZİNƏ UÇAN TAKSİLƏRLƏ ÇATDIRACAQ

Romanın Leonardo da Vinçi adına “Fiumicino” Hava Limanı 2024-cü ildə yeni aerotaksi xidməti təqdim edəcəyini açıqlayıb. “APA”nın verdiyi xəbərə görə, “Volocopter” adlandırılan aerotaksilər sərnişinləri hava limanından şəhər mərkəzinə çatdıracaq.

Ekoloji cəhətdən tamailə təmiz və demək olar ki, səssiz olan sözügedən taksi markası “VoloCity helikopter” sinifinə aiddir.

Məlumata əsasən, aerotaksilərin uçuş qiyməti 140 avro göstərilib. Bu gediş qiyməti, ənənəvi adi taksilərdən, təxminən iki dəfə bahadır. Aerotaksilər şəhər tıxaclarından yan keçməklə cəmi 10 dəqiqəyə ünvanda olacaq.

Birinci mərhələdə pilot kabinəsində bir sərnişin və bir pilotun olması planlaşdırılır. Malların daşınması üçün isə nəqliyyat vasitələrinin pilotsuz rejimdə istifadəsi planlaşdırılır. İlkin olaraq 6 aerotaksinin fəaliyyətə başlayacağı gözlənilir.

 

MAKRONDAN AVRONU BEYNƏLXALQ VALYUTAYA ÇEVİRMƏK ÇAĞIRIŞI

Fransa prezidenti Emmanuel Makron Avropa şirkətlərini dolların təsirindən qorunmaq məqsədilə avronun geniş miqyasda beynəlmiləlləşməsinə çağırıb. “Report”un verdiyi xəbərə görə, bunu Fransa dövlət başçısı Brüsseldə Avropa İttifaqına daxil olan ölkələrin sammitindən sonra keçirdiyi mətbuat konfransında bildirib.

“Xüsusi olaraq qeyd etdim ki, avro iqtisadi siyasətimizin bir vasitəsidir. Əgər şirkətlərimizi dolların xarici təsirindən qorumaq istəyiriksə, avronun beynəlxalq valyuta olmasına çalışmalıyıq”, - deyə Makron vurğulayıb.

Qeyd edək ki, avro “Qoca qitə”nin 17 ölkəsinin rəsmi pul vahididir. Bundan başqa avro 7-si Avropa ölkəsi olmaqla, daha 9 ölkədə rəsmi valyutadır.

Avro 1999-cu ildən beynəlxalq maliyyə bazarına təqdim edilib, 2002-ci ilin 1 yanvar tarixindən isə nağd əsginaslar dövriyyəyə buraxılıb.

 

NATO Aİ-NIN HƏRBİ BÖLMƏSİNİN YARADILMASI TƏKLİFİNİ DƏSTƏKLƏMİR

“Avropa İttifaqının müdafiə sahəsi ilə bağlı artan səylərini yüksək qiymətləndirirəm”. “APA”nın verdiyi xəbərinə görə, bunu NATO-nun baş katibi Yens Stoltenberq mətbuat konfransında bəyan edib.

Baş katibin sözlərinə görə, NATO uzun illərdir Avropadan olan müttəfiqlərini müdafiə sahəsinə daha çox sərmayə yatırmağa, eyni zamanda daha yüksək bacarıqlar və imkanlar təqdim etməyə çağırır. O qeyd edib ki, bu məsələdə hər hansı yeni strukturlara ehtiyac yoxdur.

“Bizim Transatlantik Alyansımız təhlükəsizliyimizin təməl daşı olaraq qalır. Daha rəqabətli bir dünya ilə üzləşdiyimiz üçün Avropa və Şimali Amerika NATO-da birgə şəkildə güclü olmağa davam edəcək”, - deyə Yens Stoltenberq vurğulayıb.

Xatırladaq ki, bir müddət əvvəl Avropa Parlamentindəki ən böyük fraksiya olan Avropa Xalq Partiyası təşkilatın öz hərbi bölməsini yaratmaq təklifi ilə çıxış etmişdi.

 

“G7” ÖLKƏLƏRİ RƏQƏMSAL TİCARƏTLƏ BAĞLI YENİ RAZILIQ ƏLDƏ EDİB

“Böyük yeddilik” (G7) ölkələri rəqəmsal ticarət və sərhədlərarası məlumat mübadiləsi ilə bağlı razılığa gəliblər. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, ABŞ, Fransa və Yaponiya ticarət nazirlərinin oktyabrın 22-də Londonda baş tutan görüşünün yekunları üzrə qəbul edilmiş bəyanatda bildirilir.

Nazirlər rəqəmsal ticarətin uğurlu inkişafı üçün məlumatların sərhədlərarası sərbəst hərəkətinin vacib olduğunu vurğulayıblar.

Sənəddə qeyd edilir ki, mübadilə zamanı istifadə olunan məlumatların məxfiliyi, əqli mülkiyyət hüquqlarının və rəqəmsal təhlükəsizliyin qorunması başlıca prinsiplərdəndir.

Bəyanata əsasən, sözügedən prinsiplər xarici sərmayə və rəqəmsal ticarət üçün bazarların rəqabət qabiliyyətliliyini, şəffaflığını və əlçatanlığını təmin etməlidir.

 

YAPONİYA "NÜVƏ POTENSİALINI" BƏRPA EDİR

Yaponiya bərpa olunan enerji mənbələrinin inkişafını və atom elektrik stansiyaları  şəklində “nüvə potensialının” yenidən qurulmasını nəzərdə tutan yeni energetika siyasətini təsdiqləyib. “Teleqraf.com”un məlumatına görə, bu barədə “Assoşieyted Press” agentliyi xəbər verib.

Məlumata əsasən, bu cür qaydalar karbon neytrallığına nail olmaq üçün lazımdır. Enerji planı təmiz enerji mənbələrindən istifadənin kəskin artırılmasını nəzərdə tutur.

Yaponiya 2050-ci ilə qədər karbon neytrallığına nail olmaq üçün tullantıları 2013-cü il səviyyəsindən 46 faiz azaltmağına dair öhdəlik götürüb. Hazırda ölkədə bərpa olunan enerji mənbələrinin payı 22-24 faiz təşkil edir.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.