DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

SAAKAŞVİLİNİN GÜRCÜSTAN SƏRHƏDİNİ NECƏ KEÇDİYİ MƏLUM OLUB

Gürcüstanın Baş Prokurorluğu keçmiş prezident Mixeil Saakaşviliyə dövlət sərhədini qanunsuz keçməsi ilə bağlı ittiham irəli sürüb. “Report” agentliyinin xəbərinə görə, ittihamda siyasətçinin ölkəyə daxil olma marşrutu göstərilib.

İstintaq çərçivəsində müəyyən olunub

 ki, sentyabrın 28-də saat təxminən 23:00-da Poti limanına Ukraynanın Çernomorsk limanından “Vilnüs” adlı gəmi daxil olub. Sentyabrın 29-da saat 01:04-də gəmidən süd məhsulları ilə yüklənmiş qoşqulu yük maşını çıxıb. Avtomobil qeydiyyatdan öncə gözləmə zonasında olub və buradan 01:44-də çıxışa yollanıb. Bir az hərəkət etdikdən sonra saat 01:47-də Poti limanı ərazisində yük maşını dayanıb və sürücü maşının arxa qapısına istiqamətlənib, oradan saat 01:49-da Mixeil Saakaşvili yük maşınının kabinəsinə sağ tərəfdən daxil olub.

Bununla M.Saakaşvili dövlət nəzarətindən yan keçməklə qanunsuz olaraq sürücünün köməyi ilə dövlət sərhədini keçib. Qeyd olunan tarixdə saat 02:00-da M.Saakaşvili onu qarşılayan “Mercedes” markalı avtomobilə minib və öncə Abaşa rayonunun Tkviri kəndinə, daha sonra isə mikroavtobusla Batumiyə yola düşüb.

Qeyd edək ki, Gürcüstanın üçüncü prezidenti oktyabrın 1-də Tbilisidə saxlanılıb və Rustavidəki 12 saylı cəzaçəkmə müəssisəsinə yerləşdirilib.

 

HİNDİSTAN SUALTI GƏMİSİ PAKİSTAN ƏRAZİSİNƏ DAXİL OLMAQ İSTƏYİB

Pakistan Hərbi Dəniz Qüvvələri ölkənin ərazi sularına girməyə çalışan Hindistan sualtı gəmisinin qarşısını alıb. “Teleqraf.com”un verdiyi xəbərə görə, bu barədə Pakistan Silahlı Qüvvələrinin İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.

Açıqlamada hərbi dəniz qüvvələrinin ölkənin dəniz sərhədlərini qorumaq üçün fasiləsiz müşahidə apardığı bildirilib.

Açıqlamada Pakistanın ərazi sularına girməyə çalışan Hindistan ordusunun sualtı gəmisinin qarşısının dəniz patrul təyyarəsi tərəfindən alındığı və bunun artıq üçüncü belə hal olduğu vurğulanır.

Həmçinin açıqlamada əvvəlki iki olayın vaxtı ilə bağlı məlumat verilməyib. 2019-cu ilin martında və 2016-cı ilin noyabrında Hindistanın sualtı gəmiləri Pakistanın ərazi sularına girmək istəyərkən ələ keçirilmişdi.

 

DÜNYADA KORONAVİRUSA YOLUXANLARIN SAYI 4 FAİZ AZALIB

Son bir həftə ərzində dünyada 2,7 milyondan çox insan koronavirus infeksiyasına yoluxub, 46 mindən çox insan isə koronavirusdan vəfat edib. “Trend” agentliyinin məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının həftəlik bülletenində açıqlama verilib.

Məlumata əsasən, daha öncəki həftə ilə müqayisədə yoluxma və ölüm hallarının sayı azalıb. “Oktyabrın 11-dən oktyabrın 17-dək koronavirusa 2,7 milyondan çox insan yoluxub, 46 mindən çox insan isə koronavirusdan dünyasını dəyişib. Bu öncəki həftə ilə müqayisədə müvafiq olaraq 4 və 2 faiz azdır”.

Eyni zamanda bildirilir ki, artıq “alfa” ştammı 197, “delta” ştammı 193, “beta” ştammı 145, “qamma” ştammı isə 99 ölkədə qeydə alınıb.

 

İRAN SON 50 İLİN ƏN BÖYÜK QURAQLIQ DÖVRÜNÜ YAŞAYIR

İranda son 50 ilin ən şiddətli quraqlığı yaşanır. “APA”nın  məlumatına görə, bunu İranın energetika naziri Əli Əkbər Mehrabian bəyan edib. O bildirib ki, ölkənin su bəndlərində suyun həcmi 18 milyard kubmetrə qədər azalıb.

“Ötən illə müqayisədə yağıntılar cari ildə 50 faiz, ötən 50 illə müqayisədə isə 37 faiz az olub”, - deyə Ə.Mehrabian bildirib.

Qeyd edək ki, İran quraqlıq zonada yerləşir və ötən 50 il ərzində bu ölkədə müxtəlif dövrlərdə quraqlıq müşahidə olunub. 1992-2002-ci ildə baş verən quraqlıq ölkənin əkinçilik sahəsinə ciddi ziyan vurub və bəzi şəhərlərdə, o cümlədən paytaxt Tehranda içməli suya kvotalar tətbiq edilib. Həmçinin su çatışmazlığı bəzi şəhər və əyalətlərdə ciddi etirazlara səbəb olub.

 

SERGEY LAVROV “TALİBAN” NÜMAYƏNDƏLƏRİ İLƏ GÖRÜŞÜB

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada “Taliban” hərəkatının nümayəndə heyəti ilə görüşüb. Bu barədə “APA”nın Moskva müxbiri məlumat yayıb.

Bildirilir ki, Sergey Lavrov taliblərlə Əfqanıstanda vətəndaşların hüquq və azadlıqlarına riayət edilməsini müzakirə etdiyini və ölkə ərazisindən üçüncü dövlətlərə qarşı istifadə edilməməsinə dair verdiyi vədləri yerinə yetirməyə çağırdığını söyləyib.

Nazirin sözlərinə görə, Əfqanıstanda davamlı sülhə nail olmağın açarı, əhalinin ən geniş təbəqələrinə söykənən inklüziv hökumətin qurulmasıdır.

Eyni zamanda, Sergey Lavrov qeyd edib ki, ölkədə hazırkı vəziyyəti stabil adlandırmaq olmaz, çünki terrorçular bu vəziyyətdən istifadə etməyə çalışırlar. XİN başçısı həmçinin dünya ölkələrini Əfqanıstana yardım etməyə çağırıb.

 

ABŞ-DAN ŞİMALİ KOREYAYA SƏRT XƏBƏRDARLIQ

ABŞ oktyabrın 19-da iki ballistik raketini sınaqdan keçirən Şimali Koreyaya təxribatları dayandırmaq barədə xəbərdarlıq edib. “Teleqraf.com”un verdiyi xəbərə görə, bu barədə Ağ Evin mətbuat katibi Cen Psaki açıqlama verib.

Sözügedən sınaqlarla əlaqədar, ABŞ Müdafiə Nazirliyinin və Dövlət Departamentinin fəaliyyətlərinin davam etdiyini qeyd edən mətbuat katibi Şimali Koreyanın ballistik raket sınağını qınadıqlarını söyləyib.

Cen Psaki Şimali Koreyanın bu addımının BMT-nin Təhlükəsizlik Şurasının bir çox qərarını pozduğunu və bölgənin stabilliyinə təhlükə yaratdığını vurğulayıb. “Şimali Koreyanı daha çox təxribatdan yayınmağa və davamlı dialoqa qatılmağa dəvət edirik”, - deyə Ağ Evin mətbuat katibi vurğulayıb.

Eyni zamanda, bölgədə təcili dialoq və diplomatiyaya ehtiyac olduğunu vurğulayan Cen Psaki Şimali Koreya ilə heç bir şərt olmadan görüş təkliflərinin hələ də qüvvədə olduğunu dilə gətirib.

 

TÜRKİYƏNİN YENİ PUA-SI ORDUNUN İSTİFADƏSİNƏ VERİLİB

Türkiyə Aviasiya və Kosmik Sənayesi tərəfindən hazırlanan “Anka-Aksungur” silahlı pilotsuz uçuş aparatı Türkiyə Silahlı Qüvvələrinin istifadəsinə verilib. “APA”nın məlumatına görə, bu barədə Türkiyə müdafiə sənayesi naziri İsmail Dəmir bəyan edib.

Nazir qeyd edib ki, “Anka-Aksungur” bütün testlərdən uğurla çıxıb və ilk belə silahlı pilotsuz aparatı Türkiyə Dəniz Qüvvələri Komandanlığına təqdim edilib. “Anka-Aksungur” 750 kiloqram faydalı yük götürməklə 50 saat havada qalmaq qabiliyyətinə malikdir.

Qeyd edək ki, “Anka-Aksungur”un uzunluğu 12, hündürlüyü isə 3 metr təşkil edir. PUA-nın gövdəsi mərkəzi qanadlar altındadır. Avionika, kamera və sensor sistemləri burun hissədə cəmlənib. Sursat və ya digər xarici yükləri yerləşdirmək üçün hər qanadın altında üç asqı mövcuddur. Bu sabit nöqtələr 150, 300 və 500 kiloqram ağırlığında yük daşımaq üçün nəzərdə tutulur.

PUA gündüz və gecə çoxfunksiyalı kəşfiyyat, müşahidə, hücum əməliyyatları yerinə yetirə bilir. “Aksungur” TEBER-81 (lazerlə idarə olunan MK-81 bombası), TEBER-82 (lazerlə idarə olunan MK-82 bombası), LUMTAS, MAM-L, “Roketsan Cirit”, MAM-C, HGK-3, KGK-82 və digər sursatları tətbiq etməyə qadirdir.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.