Maraq dünyamız
Maraqlı

Maraq dünyamız

Təcrübələrdə niyə məhz siçanlardan istifadə olunur?

Bir çox elmi araşdırma xəbərlərində, "siçanlar üzərində edilən təcrübələr nəticəsində" və ya buna bənzər başqa bir cümləyə mütləq rast gəlirik. Bəs bu heyvanları elmi araşdırmaların "ulduzu" edən səbəb nədir?
İlk ağla gələn səbəb, gəmiricilərin çox kiçik olmasıdır. Laboratoriyada fil və ya zürafə kimi böyük canlılar üzərində sınaq aparmaq olduqca çətin və təhlükəli ola bilərdi. Əlbəttə ki, əsl səbəb bu deyil.
Əslində laboratoriyada istifadə edilən siçanlar sırf bu məqsədlə xüsusi olaraq yetişdirilir və bu prosesin müddəti olduqca qısadır. Bir sözlə, gəmiricilər istifadə üçün yetişdirilən və ən ucuz başa gələn canlılardır. Onların sürətli və tez bir zamanda çoxalması tədqiqat üçün çox faydalıdır. Siçanların ömrünün qısa olması elm adamlarına bir sıra xəstəlikləri asanlıqla araşdırmağa imkan verir.
Təbii ki, əsl səbəb təkcə bununla da bitmir. Belə ki, insan və siçanların genlərinin bir-birinə bənzərliyi 90 faizdən çoxdur. Bu isə alimlərə, insan genlərinin müəyyən faktorlara necə reaksiya verə biləcəyini öyrənmək üçün zəmin yaradır. Genetika xaricində, siçanların bioloji sistemləri (orqanları) də insanlarınkına bənzəyir.
Digər başlıca səbəblərdən biri də, siçanların asanlıqla genetik olaraq dəyişdirilə bilməsidir. Geni dəyişdirilmiş gəmiricilər elm adamlarına genlərin müəyyən bir xəstəliyə səbəb olub-olmadığını öyrənməyə kömək edir.
Geni dəyişdirilmiş gəmiricinin başqa bir nümunəsi isə transgenik siçanlardır. Bu növ siçanlara xarici DNT nəql olunur. Bu isə, insanlara təsir edən xüsusi xəstəliklərin modelləşdirilməsi və genetik funksiyalarının öyrənilməsi üçün çox məhsuldar üsuldur.

 

Beynimizdə xatirələr necə formalaşır?

Beynimiz duyğu siqnalları tərəfindən toplanan bütün məlumatları kodlaşdırır. Ancaq ətrafımızı dərk etmək, onunla konstruktiv şəkildə qarşılıqlı əlaqə qurmaq üçün bu duyğu siqnallarının əvvəlki təcrübələrimiz və mövcud hədəflərimizin kontekstində şərh edilməsi lazımdır. Max Planck Beyin Araşdırmaları Qrupunun alimləri beyində yuxarıdan aşağıya doğru məlumatların mənbəyini təyin ediblər.
Beyin quruluşunun ən böyük hissəsini, yəni 90 faizini təşkil edən neokorteks genişlənərək, məməlilərin təkamülü boyunca fərqli inkişaf edir və insanları ən yaxın qohumlarından fərqləndirə biləcək bir çox qabiliyyətə malikdir. Üstəlik bu bölgədəki disfunksiya psixi xəstəliklərin inkişafında da mühüm rol oynayır. Neokorteks bütün yüksək idrak funksiyalarını iki ayrı məlumat axınında bir araya gətirərək aktivləşdirir: ətraf mühitdən siqnalları daşıyan "aşağıdan yuxarı" və keçmiş təcrübələrimizi kodlayan daxili məlumatları ötürən "yuxarıdan aşağı" axını.
Daxili məlumatlar haqqında bildiklərimiz körpəlikdən formalaşır. Neokorteksin ən üst qatı yuxarıdan aşağıya məlumat daşıyan başlanğıc nöqtələri, talamusun bir bölgəsini, yəni informasiyaların mənbəyini əhatə edir. Alimlər tərəfindən uzun illərdir aparılan araşdırmalara görə, autizm və şizofreniya kimi bir sıra neyrodegenerativ xəstəliklərin yuxarıdan aşağıya doğru gedən siqnalların pozulması ilə əlaqəli olma ehtimalı yüksəkdir.

 

Qanın qırmızı olmasına baxmayaraq, damarlarımız niyə mavidir?

Oksigenlə zəngin olan qanın rəngi ürəyi tərk edənə qədər parlaq qırmızı olur. Damarlara tərkibində çox oksigen olmadan geri dönən qan, müəyyən qədər tündləşir. Qanın rəngi al-qırmızı olmasına baxmayaraq, nə üçün damarlar mavi görünür?
Əslində, sualın cavabı işıq elmi ilə bağlıdır. Damarları mavi görməyimizin əsl səbəbi, dalğa uzunluğundakı işığın rəngləri gözlərimizə əks etdirməsi ilə əlaqəlidir. Alimlər damarlarımızı qırmızı deyil, mavi görməyimizin səbəbinin bir neçə faktorla bağlı olduğunu izah edirlər. Onlardan birinə nəzər yetirək.
Mavi işıq insan toxumasına qırmızı işıq qədər dərindən nüfuz etmir. Belə ki, dəri səthinə yaxın damarların mavi işığı əks etdirmə qabiliyyəti daha çoxdur. Yəni al-qırmızı qan, qırmızı işığı daha çox udmaqla mavi işığı gözlərimizə əks etdirir. Elm adamları mavi işığın insan toxumalarından keçərkən daha asan yayılmaqla yanaşı, əks olunmağa da meyilli olduğunu söyləyirlər. Buna görə də damarlar, içərisində axan qanın qırmızı olmasına baxmayaraq, mavi görünür.

Bir asteroid Yer kürəsini öz orbitindən çıxara bilərmi?

Kosmosdan gələn zərbələr Yerin sürətinə bir o qədər təsir edə bilmir. Başqa sözlə desək, əgər etsəydi dünyanın sonu ola bilərdi.
Yerin kütləsinin çoxluğu və Günəşin ətrafında öz orbitində sürətlə hərəkət etməsi, onun təcilinin böyük olduğunu göstərir. Yerin orbitini əhəmiyyətli dərəcədə dəyişdirmək üçün onun sürətinə təsir etmək lazımdır. Dünyanın ən böyük asteroidləri belə Yerin sürətini dəyişdirə biləcək kütlə və kinetik enerjiyə malik deyildir.
Planetimizin bağlanma enerjisinin, orbital kinetik enerjidən daha böyük olması onu orbitindən çıxarmaq üçün ən böyük maneədir. Bu, o deməkdir ki, Yerin orbitini dəyişdirəcək hər hansı cism də, onu məhv edə biləcək qədər böyük olmalıdır.

 

Təyyarədə cib telefonunu söndürməsək nə baş verər?

Təyyarələrdə cib telefonlarından istifadə etməyin müəyyən üsulları olsa da, sərnişinlərin təhlükəsizliyini təmin etmək məqsədilə bu tətbiqə üstünlük verilmir.
Əslində bu mövzu uzun müddətdir ki, Hava Yolları Sənayesi tərəfindən müzakirə edilir. Texnologiya gündən-günə inkişaf etdikcə, cib telefonunun istifadəsi bu gün də təyyarələrə təsir edə bilərmi? Görəsən, təyyarədəki xəbərdarlıqlara rəğmən telefonumuzdan istifadə etməyə davam etsək, nə baş verər?
Əvvəlcə bəzi texniki detallara nəzər yetirək. Yerdən 3 kilometr yuxarı qalxarkən mobil telefondan istifadə etməyə çalışsaq, yerdəki baza stansiyaları  çox güclü siqnallar göndərməyə başlayacaq. Bu siqnalların təyyarənin rabitə siqnalları ilə ziddiyyət təşkiletmə imkanı var. Bu isə pilotlar üçün müəyyən çətinliklər yarada bilər. Belə ki, gələn siqnallar, xüsusən qalxma və enmə kimi mürəkkəb əməliyyatlar zamanı pilotun diqqətini yayındıra bilər.
Ancaq inkişaf edən texnologiya indi uçuş sistemlərinə təsir etməyəcək mobil telefon əlaqələrini təmin edir. AeroMobile və On Air kimi operatorlar sərnişinlərə təyyarədə mobil telefondan istifadə etmək imkanı vermək üçün 27 böyük hava yolu şirkəti ilə əməkdaşlıq edir. Təyyarədə telefon istifadəsinə imkan verən digər texnologiya isə miniatür baza stansiyasıdır. Təyyarələrə yerləşdirilən bu baza stansiyaları sayəsində müştərilər uçuş sisteminə təsir etmədən cib telefonundan istifadə edə bilərlər.

Hazırladı:

Elenora  HƏSƏNOVA,

“Respublika”.