DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

ABŞ VƏ GÜRCÜSTAN MÜDAFİƏ SAHƏSİNDƏ SAZİŞ İMZALAYIB

Tbilisidə Gürcüstan və ABŞ-ın müdafiə nazirlikləri arasında saziş imzalanıb. “Report” agentliyinin verdiyi xəbərə görə, sənədi müdafiə nazirləri - Cuanşer Burçuladze və Lloyd Ostin imzalayıblar. Bildirilir ki, saziş Gürcüstanın müdafiə qabiliyyətinin gücləndirilməsinə yönəldilib.

Cuanşer Burçuladze qeyd edib ki, ABŞ-la möhkəm tərəfdaşlıq Gürcüstanın sabit inkişafı, həmçinin bölgədə sülh və təhlükəsizliyin qorunmasına imkan verir. “ABŞ-la strateji əməkdaşlıqda keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşuq”, - deyə nazir əlavə edib.

Pentaqon rəhbəri isə öz növbəsində bildirib ki, ABŞ Gürcüstanı güclü strateji tərəfdaş kimi qiymətləndirir. O deyib: “Bizim Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə dəstəyimiz dəyişməz olaraq qalır. Biz Gürcüstanın müdafiə sektorunda institusional islahatları dəstəkləyəcəyik, ölkənin NATO ilə əməkdaşlıq potensialını gücləndirəcəyik və qarşılıqlı fəaliyyəti təşviq edəcəyik”.

 

RUSİYA NATO İLƏ ƏMƏKDAŞLIĞI DAYANDIRIR

Rusiya Federasiyası NATO hərbi missiyasındakı fəaliyyətini dayandırır. “APA”nın xəbərinə görə, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib. Onun sözlərinə görə, noyabrın 1-dən Rusiyanın NATO-dakı nümayəndəliyi də fəaliyyətini dayandıracaq.

Bununla yanaşı, Rusiyanın XİN rəhbəri qeyd edib ki, NATO-nun Moskvadakı informasiya bürosunun fəaliyyəti də dayandırılır.

Sergey Lavrov məsələ ilə bağlı NATO-nun Beynəlxalq Katibliyinin məlumatlandırıldığını vurğulayıb.

Rəsmi Moskva bu qərarı Şimal Atlantika Alyansının Rusiyanın təşkilatdakı daimi nümayəndəliyinin 8 əməkdaşının akkreditasiyasının geri çağırılması haqda addımına cavab olaraq verib. Buna səbəb kimi onların casus fəaliyyəti göstərilib.

 

JOZEP BORREL NÜVƏ PROBLEMİ ÜZRƏ İRANLA DANIŞIQLARA HAZIRDIR

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali komissarı Jozep Borrel İranla nüvə problemi üzrə danışıqlara hazırdır. “Trend” agentliyinin məlumatına görə, bu barədə “İnterfaks” xəbər verib.

Jozep Borrel danışıqların nə zaman baş tutacağı sualına cavabında bildirib: “Mən sizə dəqiq tarix deyə bilmərəm. Lakin lazım gələrsə, onları qəbul etməyə hazıram”.

Ali komissar əlavə edib ki, “uğursuz addım atmaq şansımız olmadığı üçün” strateji səbir göstərmək lazımdır.

Eyni zamanda, Jozep Borrel İranın nüvə probleminin həllinin yeganə yolunun diplomatiya olduğuna əminliyini ifadə edib.

 

ÇİN İQTİSADİYYATI ÜÇÜN ƏSAS TƏHLÜKƏ AÇIQLANIB

Çin iqtisadiyyatı üçün əsas təhlükə daşınmaz əmlak sektorunda vəziyyətin daha da pisləşməsidir. “Report”un xəbərinə görə, bu barədə beynəlxalq sığorta şirkəti “Euler Hermes” tərəfindən edilən araşdırmada bildirilir.

Məlumata əsasən, Çinin ən böyük daşınmaz əmlak istehsalçılarından biri “Evergrande” şirkəti defoltun astanasındadır. Onun ümumi borcu 305 milyard dollardır. Rəsmi Pekin potensial istehsalçının defoltunun qlobal iqtisadiyyata, bazarlara və Çinin maliyyə sisteminə təsir edəcəyindən ehtiyat edir.

Çin üçün xarici təhlükə isə geosiyasi xarakter daşıyır. Belə ki, Tayvan və ABŞ-la münasibətlərdə gərginlik yenidən başlayıb. Lakin real qarşıdurma ehtimalı aşağı qiymətləndirilir.

Ekspertlər hesab edir ki, Çində iqtisadi artımın yavaşlaması dünya əmtəə qiymətlərinin daha da artmasına, tədarük gecikmələrinə, eləcə də ABŞ və Avropada istehsalın azalmasına səbəb ola bilər.

Çİn vƏ Tayvan arasında gƏrgİnlİk artır

Çin və Tayvan arasında gərginlik pik həddə çatıb. Çin mətbuatında verilən xəbərlərə görə, ÇXR öz ordusunu döyüşə hazır vəziyyətə gətirib. “Teleqraf.com”un verdiyi xəbərə görə, bu barədə Çinin “Global Times” qəzeti məlumat yayıb.

Çinin son günlərdə həyata keçirdiyi təlimlərin Tayvan ordusunu da hərəkətə keçirməsinə baxmayaraq, sonuncunun mümkün müharibədə ciddi itkilər verə biləcəyi bildirilib.

Çin Kommunist Partiyasının nəzarətində olan dövlət mediası açıq şəkildə müharibə təhdidini davam etdirdiyi vaxt çinli rəsmilərin açıq hədələri də diqqətdən yayınmır.

Hər iki tərəfin hərbi qüvvələri müqayisə edildikdə aydın olur ki, Çinin 2,1 milyon əsgəri, 3260 təyyarəsi və 3205 tankı ilə Tayvan üzərində müqayisəsiz üstünlüyü var. Lakin mütəxəssislər Tayvanın coğrafi şərtlərinin partizan döyüşləri üçün uyğun olduğu üçün mümkün qarşıdurmada hər iki tərəfin ciddi itkilər verəcəyini də qeyd edirlər.

 

BMT POLŞA PARLAMENTİNİN MİQRANTLARLA BAĞLI YENİ QƏRARINI TƏNQİD EDİB

BMT-nin Qaçqınların İşi üzrə Agentliyi Polşa parlamentinin miqrantlarla bağlı qəbul etdiyi qanunu tənqid edib. “Report”un xəbərinə görə, dəyişikliyə əsasən rəsmi Varşava bundan sonra Polşaya qeyri-qanuni yolla daxil olan miqrantlara sığınacaq verməyəcək.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Polşadakı nümayəndəsi Kristin Qoyerin sözlərinə əsasən qanuna edilən dəyişikliklər beynəlxalq və Avropa İttifaqı qanunlarında təsbit edilmiş sığınacaq istəmək üçün əsas hüquqa xələl gətirir.

Kristin Qoyer qeyd edib ki, 1951-ci il ildə qəbul edilən Konvensiyaya əsasən sığınacaq axtaranlar sərhədi qanunsuz keçdiyinə görə cəzalandırıla bilməz.

 

İSVEÇRƏDƏ ENERJİ BÖHRANINA QARŞI TƏDBİRLƏR

İsveçrə hökuməti qarşıdan gələn qış fəslində ölkənin bütün istehlakçılarını elektrik enerjisi ilə təmin etmək üçün kifayət qədər gücün olmayacağını bəyan edib. Bu barədə “Report” agentliyi məlumat yayıb.

Bildirilir ki, ölkə hökuməti istehlakı azaltmaq üçün müəyyən tədbirlərin görülməsi barədə təşkilatlara bildiriş göndərməyi planlaşdırır.

Eyni zamanda, böyük elektrik stansiyalarından ən azı birində qəza baş verərsə, ölkə iki gün müddətinə enerjisiz qala bilər. Belə ki, İsveçrənin Avropanın elektrik bazarına girişi yoxdur.

Belə bir vəziyyətdə ölkə sakinlərindən enerjiyə qənaət etmələri istəniləcək, üzgüçülük hovuzlarının, kondisionerlərin və eskalatorların istifadəsi isə qadağan ediləcək.

 

ABŞ HÖKUMƏTİ HAKERLƏRƏ KÜLLİ MİQDARDA VƏSAİT ÖDƏYİB

Bu ilin birinci yarısında ABŞ hökuməti sosial şəbəkələrə hücum edən hakerlərə 590 milyon dollar ödəyib. “Report”  agentliyinin verdiyi xəbərə görə, ABŞ Maliyyə Departamentinin məlumatına əsasən, bu məbləğ ötən illə müqayisədə 42 faiz çoxdur.

Şirkətlərin şəbəkəsini sıradan çıxaran, yaxud məlumatları kodlaşdıran hakerlər əksər hallarda kriptovalyuta tələb edirlər.

Polisin yoxladığı 150-dən çox elektron kriptovalyuta saxlancında bütövlükdə 5,2 milyard dollar məbləğində pul köçürmələri aşkarlanıb. Həmin vəsaitlərin hakerlərə çatacağı güman edilir.

Qeyd olunub ki, kiberdələduzluq ölkənin maliyyə sektoru, biznesmenlər və ictimaiyyət üçün artan təhlükəyə çevrilir. Belə ki, 2020-ci ildə hakerlər kiberdələduzluq yolu ilə 416 milyon ABŞ dolları əldə ediblər.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.