FAKTLAR VƏ RƏQƏMLƏR
İQTİSADİYYAT

FAKTLAR VƏ RƏQƏMLƏR

62877,4 milyon manatlıq ümumi daxili məhsul istehsal olunub

D övlət Statistika Komitəsinin məlumatına görə, 2021-ci ilin yanvar-sentyabr aylarında ölkədə 62877,4 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,8 faiz çox ümumi daxili məhsul istehsal olunmuşdur. İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1,4 faiz, qeyri-neft-qaz sektorunda isə 6,2 faiz artmışdır.

ÜDM istehsalının 40,1 faizi sənaye, 10,3 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,1 faizi nəqliyyat və anbar təsərrüfatı, 6,9 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 5,2 faizi tikinti, 1,8 faizi informasiya və rabitə, 1,1 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 18,4 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 9,1 faizini təşkil etmişdir.

Əhalinin hər nəfərinə düşən ÜDM 6279,0 manata bərabər olmuşdur.

 

Əsas kapitala 9560,2 milyon manat vəsait yönəldilib

Bu ilin ötən doqquz ayında  əsas kapitala 9560,2 milyon manat məbləğində  vəsait yönəldilmişdir. Neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 9,7 faiz, qeyri-neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi 8,0 faiz azalmışdır. İstifadə olunmuş vəsaitin 6407,2 milyon manatı və ya 67,0 faizi məhsul istehsalı sahələrinə, 2425,8 milyon manatı (25,4 faizi) xidmət sahələrinə, 727,2 milyon manatı (7,6 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş vəsaitlərin 6303,6 milyon manatını və ya 65,9 faizini daxili vəsaitlər təşkil etmişdir. Əsas kapitala yönəldilmiş vəsaitlərin 6388,8 milyon manatı və ya 66,8 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur.

Əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 56,9 faiz, büdcə vəsaitləri 22,3 faiz, sair vəsaitlər 7,4 faiz, əhalinin şəxsi vəsaitləri 7,1 faiz, bank kreditləri isə 6,3 faiz təşkil etmişdir.

 

Ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1684,9 min nəfərdir

C ari il sentyabrın 1-nə kimi ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 14,0 min nəfər və ya 0,8 faiz artaraq 1684,9 min nəfər olmuş, onlardan 900,6 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 784,3 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərmişdir.

Muzdla işləyənlərin 19,1 faizi təhsil, 18,7 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 12,8 faizi sənaye, 8,2 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,5 faizi tikinti, 6,6 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,4 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,5 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,5 faizi peşə, elmi və texniki fəaliyyət, 1,8 faizi maliyyə və sığorta fəaliyyəti, 13,9 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olmuşlar.

2021-ci ilin yanvar-avqust aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,2 faiz artaraq 725,6 manat təşkil etmişdir. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olmuşdur.

“Respublika”.