Sağlam həyat
Maraqlı

Sağlam həyat

Dəmirlə zəngin qidalar ürəyin “dostu”dur

Ürək-damar xəstəlikləri dünyada hər il təxminən 18 milyon insanın həyatına son qoyan ölümün, ən başlıca səbəblərindən biridir. Bu xəstəliyi olan insanlar üçün dəmir çatışmazlığı məlum risk faktorlarından biri hesab edilsə də, əhali arasında bu, bir o qədər də aktual problem sayılmır. Elə bu səbəbdən də fransalı alimlər dəmir çatışmazlığı ilə ürək xəstəlikləri arasındakı əlaqəni araşdırıblar. “ESC Heart Failure” jurnalında dərc olunan araşdırmanın hesabatına görə, dəmir çatışmazlığı olan orta yaşlı insanların ürək-damar xəstəliklərinə tutulma riski 25 faiz daha çoxdur.

Əslində dəmir bədənin tarazlığının qorunmasında ən vacib amillərdən biri olmaqla yanaşı, oksigenin qəbulunda və istifadəsində mitokondrial funksiyada da böyük rol oynayır. Alimlər tərkibi dəmirlə zəngin olan ispanaq, mərcimək, göbələk və çərəzlər də daxil olmaqla, bir sıra qidaların gündəlik istehlakının dəmir çatışmazlığını aradan qaldıraraq ürək-damar xəstəlikləri riskini aşağı salacağını söyləyiblər. Onlar tərkibi C vitamini ilə zəngin qidaların isə bədəndə dəmirin mənimsənilməsinə kömək etdiyini vurğulayıblar.

Tədqiqatçılar qrupu 13 il ərzində Avropa ölkələrində 12 mindən çox insanın sağlamlıq məlumatlarını araşdırıblar. Məlum olub ki, bəzi insanlarda dəmirin normada olması, onlarda yaranan Ürək-damar xəstəliklərinin qarşısının alınmasına zəmin yaradır .

“Bu müşahidəli bir araşdırma idi və dəmir çatışmazlığının ürək-damar xəstəliklərinə səbəb olduğu qənaətinə gəldik. Bununla birlikdə, bu əlaqənin olduğuna dair sübutlar artdıqca, tapıntılar nəticələrimizi təsdiqləmək üçün əlavə araşdırmalara əsas verir” - Almaniyanın ürək Mərkəzinin doktoru Benedikt Scharge mətbuat konfransında bildirib.

 

Xərçəngi yox edən müalicə üsulu tapıldı

İngiltərəli alimlər xərçəng hüceyrələrini tamamilə məhv edə bilən yeni müalicə üsulu kəşf ediblər. Mütəxəssislər iki immunoterapiya dərmanının birləşməsinin, inkişaf etmiş müxtəlif xərçəng növlərinə qarşı təsiredici yeni bir silah ola biləcəyini iddia edirlər.

London Xərçəng Araşdırmaları İnstitutu (İCR) və Royal Marsden tədqiqatçıları tərəfindən aparılan təcrübələrə görə, immunoterapiya dərmanlarının qarışığı, xərçəng hüceyrələrini məhv etmək üçün xəstələrin immun sistemindən istifadə etməklə, onların həyatda qalması istiqamətində müsbət tendensiya təmin edir. Alimlər nivolumab və ipilimumab dərmanlarının birləşməsinin xərçəng şişlərinin azalmasına səbəb olduğunu kəşf ediblər. Təcrübələr zamanı, bu üsulla bəzi xəstələrdə xərçəng hüceyrələrinin tamamilə yox olması məlum olub. Xəstələrdə xərçəngin heç bir əlamətini tapa bilməyən mütəxəssislər heyrətləndiklərini dilə gətiriblər. Dörd il əvvəl xərçəng xəstəliyinə tutulmuş və sağ qalması sual altında olan 77 yaşlı bir xəstə sınaqlara qatıldıqdan bir neçə həftə sonra tamamilə sağaldığını söyləyib.

Elm adamları immunoterapiya müalicəsinin xəstələrdə uzun müddət sağ qalma şansını artırmaqla yanaşı, inkişaf etmiş xərçəng hüceyrələrini məhv etmək üçün tətbiq edilən kimyaterapiya ilə müqayisədə daha az yan təsir göstərdiyini də söyləyiblər.

“Tapıntılarımız xərçəngin müalicəsində inqilab edə biləcək heyrətamiz yenilikdir. Ümid edirik ki, immunoterapiya xəstələrə əhəmiyyətli dərəcədə fayda verə biləcək daha ağıllı müalicə üsulu olacaq” - deyə İCR-nin professoru Kristian Helin bildirib.

 

Bu bitki təbii antidepressantdır?

Yeməklərə ləzzət qatan, vitamin “anbarı” hesab etdiyimiz göbələyin sağlamlığa olan faydalarını saymaqla bitmir. Tərkibi zülal, lif, vitamin, minerallar və su baxımından zəngin olan göbələk bədənimizin müqavimətini artırmaqla yanaşı, şəkərli diabet, ürək-damar və xərçəng kimi bir sıra xəstəliklərə qarşı ideal qida hesab olunur. Bütün bunlarla yanaşı, amerikalı alimlər yeni araşdırmaları ilə bu qidanın həm də ruhi sağlamlığa fayda verə biləcəyini ortaya çıxarıblar.

Penn Tibb Kollecinin tədqiqatçıları, 2005-2016-cı illər arası 24 mindən çox insanın pəhriz və psixi sağlamlıq məlumatlarından istifadə edərək göbələklə depressiya arasındakı əlaqəni araşdırıblar. Məlum olub ki, göbələklərin tərkibində olan ergotionin adlı maddə beyinə antioksidant təsir göstərməklə hüceyrə və toxumaları zədələnmədən qoruyaraq şizofreniya, bipolyar pozğunluq, depressiya kimi bir sıra ruhi xəstəliklərin qarşısını ala bilər.

Elm adamları ən çox yayılmış ağ düyməli göbələklərin zəngin kalium qaynağı olduğunu müəyyənləşdiriblər. Alimlər bu göbələklərin sinirlərin böyüməsinə təsir edən hüceyrələri stimullaşdırmaqla yanaşı, əsəb gərginliyinin də aradan qaldırılmasına effektiv təsir edə biləcəyini söyləyirlər.

“Göbələklərin tərkibindəki ergotionin amin turşusunun iltihab əleyhinə təsir gücünə malik olması, stress riskini azaltmaqla depressiyaya da nəzərəçarpacaq dərəcədə effektiv təsir göstərə bilər” - deyə tədqiqat rəhbəri Cibril Ba qeyd edib.

Alimlər gələcəkdə digər göbələk növlərinin də tərkibini araşdıracaqlarını söyləyiblər.

Tədqiqatla bağlı məlumat “Journal of Affective Disorders” jurnalında dərc edilib.

 

Piylənmə bu problemə də səbəb olurmuş

Piylənmənin ürək-damar, şəkərli diabet kimi bir sıra ciddi xəstəliklərin inkişafına səbəb olması çoxlarımıza məlumdur. Ancaq xroniki piylənmənin orqanların funksiyasının pozulmasına necə səbəb olduğu hələ də elmə naməlum olaraq qalır. “Nature” jurnalında dərc olunan yeni bir məqalədə, yapon tədqiqatçılar piylənmənin həm də saç tökülməsinə səbəb olduğunu söyləyirlər .

Tokyo Tibb və Stomotologiya Universitetinin bir qrup tədqiqatçısı, yağlı qida istehlakı ilə yaranan və ya genetik piylənmənin saçların tökülməsinə təsirini araşdırıb. Alimlər piylənmənin səbəb olduğu iltihabın, saç follikulunun kök hüceyrələrinin (SFKH) inkişafına mane olmaqla tükənməsinə gətirib çıxara biləcəyini müəyyən ediblər.

Normalda saç follikulları müəyyən dövrlərdə özlərini yeniləyir. Bu dövr saçların uzanmasını təmin edən prosesin bir hissəsidir. İnsanlar yaşlandıqca kök hüceyrələri özlərini bərpa edə bilmədikləri üçün saçların incəlməsinə səbəb olur. Artıq çəkili insanlarda androgenetik alopesiya (kişilərdə keçəllik) riski daha çoxdur. Piylənmənin saç tökülməsinə hansı molekulyar mexanizmlərlə təsir etdiyini öyrənmək üçün tədqiqatçılar siçanlar üzərində təcrübələr aparıblar. Yüksək yağlı qidalarla bəslənən siçanların tük follikulunun kök hüceyrələrində iltihablı sitokin siqnallarının aktivləşməsi məlum olub.

“Qidalanma rasionunda müəyyən dəyişiklik, yəni  yağsız pəhriz yeməkləri ilə piylənmənin səbəb olduğu saç tökülməsinin qarşısını almaq olar. Tapıntılarımız saç tökülməsinin müalicəsinə potensial imkanlar açmaqla  yanaşı, gələcəkdə piylənmə ilə əlaqədar xəstəliklərin daha ətraflı araşdırılmasına da zəmin yaradır”- deyə araşdırmanın aparıcı müəllifi Hironobu Morinaga qeyd edib.

Hazırladı:

Elenora HƏSƏNOVA,

“Respublika”.