DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

TÜRK ORDUSUNUN YENİ ƏMƏLİYYATA BAŞLAMASI AN MƏSƏLƏSİDİR

Rusiya və Birləşmiş Ştatlarla diplomatik danışıqlar uğursuz olacağı təqdirdə, Türkiyə Suriyada PKK/YPG terror təşkilatına qarşı yeni hərbi əməliyyatlara başlayacaq. “Teleqraf.com”un verdiyi xəbərə görə, bu barədə “Röyters” agentliyi Türkiyədəki rəsmi ənbələrə istinadən məlumat yayıb.

Agentlik qeyd edib ki, ən pis ehtimalı nəzərə alan Türkiyə indidən əməliyyat hazırlıqlarını həyata keçirir.

Məlumatda başda Tel-Rıfat bögəsi olmaqla, potensial terror yuvalarının hədəfə alınacağı iddia olunub: “Qərar artıq verilib və lazım olan ölkələrlə əlaqələndirmə aparılacaq. Məsələ ABŞ və Rusiya ilə müzakirə olunacaq. Diplomatiya nəticə verməsə və YPG bu bölgələri tərk etməsə, əməliyyat qaçılmaz görünür”.

 

RUSİYA VƏ ABŞ ARASINDA STRATEJİ HÜCUM SİLAHLARI İLƏ BAĞLI GÖRÜŞ KEÇİRİLİB

Rusiya və ABŞ strateji hücum Silahlarının məhdudlaşdırılması haqqında START-3 müqaviləsinin həyata keçirilməsi ilə bağlı məsləhət komissiyasının növbəti iclasını keçirib. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

Bildirilir ki, START-3 müqaviləsinə uyğun olaraq yaradılan ikitərəfli məsləhət komissiyasının 19-cu iclası Cenevrədə keçirilib.

ABŞ və Rusiya nümayəndə heyətləri bununla əlaqədar praktiki məsələlər ətrafında müzakirələrini davam etdiriblər.

Qeyd edək ki, START-3 müqaviləsi 2011-ci ilin fevralında qüvvəyə minib. Şərtlərə əsasən, tərəflər nüvə arsenalını azaldacaq ki, 7 il ərzində qitələrarası ballistik raketi, sualtı qayıqlarda və ağır bombardmançı təyyarələrdə ballistik raketlərin sayı 700, döyüş başlıqlarının sayı isə 1550-ni keçməsin.

 

BMT LİVANDA MÜNAQİŞƏ TƏRƏFLƏRİNİ ŞİDDƏTƏ SON QOYMAĞA ÇAĞIRIB

BMT-nin baş katibi Antonio Quterreş Livandakı münaqişə tərəflərini şiddətə son qoymağa çağırıb. “Teleqraf.com”un verdiyi xəbərə görə, bunu baş katibin nümayəndəsi Stefan Düjarrik keçirdiyi brifinq zamanı bəyan edib.

“Baş katib Beyrutda baş verən hadisədən çox narahatdır. Bütün maraqlı tərəfləri təcavüzü dərhal dayandırmağa və təxribatçı hərəkətlərdən çəkinməyə çağırırıq”, - deyə BMT rəsmisi bildirib.

Stefan Düjarrik əlavə edib ki, Antonio Quterreş ötən ilin avqustunda Beyrut limanında baş verən partlayışla bağlı tam və qərəzsiz araşdırma aparılmasını müdafiə edir.

Xatırladaq ki, “Haraket Amal” partiyasının tərəfdarları oktyabrın 14-də Livanın Tayuni bölgəsinə toplaşıblar. Nümayişçilər ötən il Beyrut limanında baş verən partlayış işinə nəzarət edən hakim Tarek Bitarın işdən çıxarılmasını tələb ediblər.

 

ƏFQANISTANDA MƏSCİDDƏ TERROR AKTI TÖRƏDİLİB

Əfqanıstanda  oktyabrın 15-də məsciddə törədilən terror aktı nəticəsində ölənlərin sayı 62-yə, yaralanların sayı isə 70 nəfərə çatıb. Bu barədə “Report” agentliyi məlumat yayıb.

“Taliban” hərəkatının sözçüsü Zabiullah Mücahid bildirib ki, ölkənin Qəndəhar şəhərində yerləşən şiə məscidindəki bu partlayış böyük cinayətdir. O, cinayətkarların tutularaq cəzalandırılacağı barədə xalqa söz verib.

Qeyd edək ki, Əfqanıstanın keçmiş prezidenti Həmid Kərzai də terror aktını pisləyib və bunu ölkədə sabitlik əleyhinə qəsd adlandırıb.

Xatırladaq ki, ötən cümə günü də Gündüz vilayətində şiələrin toplaşdığı “Seyid-Abad” məscidində partlayış törədilmişdi. Həmin terror aktında məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürmüşdü.

 

ABŞ ENERJİ BÖHRANI İLƏ BAĞLI AVROPAYLA TƏMASDA OLDUĞUNU AÇIQLAYIB

ABŞ enerji böhranı fonunda Avropa İttifaqındakı müttəfiqləri və tərəfdaşları ilə sıx əlaqə saxlayır. “Report”un xəbərinə görə, bunu Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays keçirdiyi brifinqdə bəyan edib.

“Vəziyyətin inkişafından narahatıq və ticarət sessiyaIarını yaxından izləyirik”, - deyə Ned Prays vurğulayıb.

Mətbuat katibinin sözlərinə görə, yüksək enerji qiymətləri bərpa olunan enerji mənbələrinə keçməyin vacibliyini ortaya qoyur.

Bundan əvvəl Avropa İttifaqının enerji  məsələləri üzrə komissarı Kadri Simson qeyd edib ki, ittifaqın qaz anbarları 77 faiz doludur. Bu, hava şəraitindən asılı olaraq təşkilat ölkələri tərəfindən illik qaz istehlakının təxminən 20 faizini təmin etmək üçün kifayətdir.

 

FRANSA VƏ İNGİLTƏRƏ ARASINDA GƏRGİNLİK PİK HƏDDƏ ÇATIB

“Böyük Britaniya sularında fransız balıqçılara balıq tutmaq üçün lisenziya verilməyəcəyi təqdirdə, səkkiz gün ərzində adekvat addım atacağıq”. “Teleqraf.com”un verdiyi xəbərə görə, bunu Fransanın Avropa İttifaqı işləri üzrə dövlət naziri Kleman Bon bildirib.

Nazir açıqlamasında bu problemlə əlaqədar çox səbirli olduqlarını və İngiltərənin fransız balıqçılara lazımi lisenziyanın məlumat çatışmazlığı yox, siyasi səbəblərdən verilmədiyini vurğulayıb. Bunun təkcə Fransa üçün deyil, Avropa üçün də problem olduğunu bildirən Kleman Bon avropalı tərəfdaşlarını bu mövzuda səfərbər etdiklərini qeyd edib.

Bununla yanaşı, nazir Böyük Britaniyanın fransız balıqçılarına lisenziya verməməyə davam edəcəyi və bu yöndə müsbət siqnal almayacaqları təqdirdə, 8 gün ərzində Fransa və ya Avropa səviyyəsində adekvat addım atacaqlarını vurğulayıb.

 

KORONAVİRUSUN SAĞLAMLIQ ÜÇÜN DAHA BİR TƏHLÜKƏSİ MƏLUM OLUB

Almaniyada bir qrup alim “SARS-CoV-2” koronavirusunun görmə orqanlarına nüfuz edə biləcəyini, həmçinin sinir hüceyrələrində ciddi fəsadlar yarada biləcəyini iddia edib. “Report”un verdiyi xəbərə görə, bu barədə “Maks Plank” İnstitutunun mütəxəssisləri tərəfindən "bioRxiv" nəşrində məqalə dərc edilib.

Məqalədə gözün tor qişasının hüceyrələrinin “SARS-CoV-2”nin təsirinə məruz qalması qeyd olunur.

Alimlər hesab edirlər ki, torlu qişanın fotoreseptorlarında və sinir hüceyrələrində koronavirusun çoxalma yerini göstərən viral zonalar mövcuddur. Bundan əlavə, mütəxəssislər koronavirus infeksiyası olan bəzi xəstələrin görmə problemlərindən şikayət etdiyini vurğulayırlar.

Tədqiqat nəticəsində məlum olub ki, torlu qişanın hüceyrələrində virusun öz-özünə çoxalması və gözlərdə “SARS-CoV-2” infeksiyası “ACE2” reseptorlarından asılıdır.

 

TÜRKİYƏ SAKİNİ DÜNYANIN ƏN UZUN QADINI KİMİ REKORDLAR KİTABINA DÜŞÜB

Türkiyə sakini Rumeysa Gelgi dünyanın ən uzun boylu qadını kimi tanınıb. Belə ki, onun boyu 215,16 santimetr təşkil edir. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə Ginnesin “Rekordlar Kitabı”nın saytında məlumat yerləşdirilib.

Bildirilir ki, Rumeysa Gelgi hələ 2014-cü ildə 18 yaşında olarkən ən uzun yeniyetmə kimi rekorda imza atıb.

Gelginin yüksək boy artımının səbəbi kimi nadir xəstəliklə - skeletin və daxili orqanların inkişafında sürətli böyümə və anomaliyalara səbəb olan “Weaver” sindromu göstərilir.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.