DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

MÖVLUD ÇAVUŞOĞLU “TALİBAN”IN NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞÜB

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Əfqanıstandakı “Taliban” hökumətinin xarici işlər naziri Əmir Xan Müttəqi ilə görüşüb. “APA”nın xəbərinə görə, görüş Əmir Xan Müttəqinin rəhbərlik etdiyi nümayəndə heyətinin Ankaraya səfəri çərçivəsində baş tutub.

Mövlud Çavuşoğlu görüş zamanı bir çox məsələlərlə bağlı “Taliban”a tövsiyələr verdiklərini vurğulayıb. O deyib: “İlk olaraq “Taliban” nümayəndə heyəti Əfqanıstandakı vəziyyət barədə bizi məlumatlandırdı. Hər şeydən əvvəl, ölkənin birliyi üçün Əfqanıstandakı bütün etnik və dini qrupların nümayəndələrinin hökumətə daxil edilməsi önəmlidir. Qadınların iş həyatında çalışa bilmələri ilə də bağlı öz tövsiyələrimizi verdik”.

XİN rəhbəri qeyd edib ki, görüşdə Türkiyənin Məzari-Şərif və Herat Baş Konsulluqlarının fəaliyyətinin bərpası məsələsi də müzakirə edilib.

Bununla yanaşı, M.Çavuşoğlu qeyd edib ki, “Taliban” nümayəndə heyəti humanitar və inkişafla bağlı yardımların, Əfqanıstana sərmayə qoyuluşunun davam etdirilməsinə dəstək verilməsini rica edib.

 

ABŞ BƏŞƏR ƏSƏDLƏ BAĞLI YENİ ŞƏRTLƏRİ AÇIQLADI

“Suriyadakı böhranın siyasi həll prosesində müsbət irəliləyiş əldə edilmədən Bəşər Əsəd rejimi ilə münasibətləri normallaşdırmaq səylərini dəstəkləmək niyyətində deyilik”. “Teleqraf.com”un verdiyi xəbərə görə, bunu ABŞ-ın dövlət katibi Entoni Blinken bəyan edib.

Bir çox ərəb ölkəsinin son vaxtlar Bəşər Əsədlə münasibətləri normallaşdırmağa çalışdığı sualını cavablandıran Entoni Blinken Cozef Bayden administrasiyasının Suriyadakı əsas məqsədinin ehtiyacı olan insanlara humanitar yardım çatdırmaq və münaqişələri mümkün qədər azaltmaq olduğunu qeyd edib.

Dövlət katibi bildirib ki, siyasi həll prosesində irəliləyiş əldə edilmədən Bəşər Əsəd rejimi ilə münasibətləri normallaşdırmaq haqda düşünmək mənasızdır. “Bu əldə edilmədən sanksiyaların ləğv edilməsi və digər addımların atılması mümkün deyil”, - deyə Entoni Blinken vurğulayıb.

 

RUSİYA VƏ TÜRKİYƏ BİRGƏ FƏALİYYƏT PLANI İMZALAYIBLAR

Türkiyə və Rusiya ölkələrində turizm fəaliyyəti ilə məşğul olan investorlara dəstək verməklə bağlı razılıq əldə ediblər. “Trend” agentliyinin məlumatına görə, Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy və Rusiya Turizm Federal Agentliyinin rəhbəri Zarina Doquzova Ankarada buna dair iki ölkə arasında turizm sahəsində birgə fəaliyyət planı imzalayıblar.

Bu təşəbbüs çərçivəsində hər iki tərəfdən bir sədr, üzv və katibdən ibarət bir işçi qrupu yaradılması planlaşdırılır.

Müqavilənin bir hissəsi olaraq, “tərəflərin ölkələrindən gələn turistlərin həyatı və sağlamlığını təhdid edən fövqəladə hallar haqqında bir-birlərini dərhal məlumatlandıracaqları” güman edilir.

Bununla yanaşı, tərəflər turizm sahəsində birbaşa əlaqələri gücləndirmək barədə razılığa gəliblər. Bu, Rusiya və Türkiyə turizm idarələri, sənaye strukturları və müəssisələr arasında potensial tərəfdaşlar üçün tövsiyələr də daxil olmaqla məlumat mübadiləsinə aiddir.

 

“BOEING” TƏYYARƏLƏRİNDƏ YENİ PROBLEM AŞKARLANIB

ABŞ-ın “Boeing” korporasiyası “787 Dreamliner” təyyarələri ilə bağlı yeni bir problemi həll etməyə çalışır. “APA”nın məlumatına görə, bu barədə “The Wall Street Journal” nəşri şirkətdəki mənbələrinə istinadən xəbər verib.

Bildirilir ki, söhbət təyyarənin titan hissələrindəki qüsurlardan gedir. Belə ki, həmin hissələrin möhkəmliyi lazım olandan daha aşağıdır. “Boeing”in təxminən 25 milyard dollarlıq “787 Dreamliner” tədarükünü dayandırmaq məcburiyyətində qalmasının başqa bir səbəbi də məhz sözügedən problemdir.

“Keyfiyyətə olan diqqətimizi artırdıq və daim komandamızın və tədarük zəncirinin bütün üzvlərini diqqət tələb edən problemləri qaldırmağa təşviq edirik”, - deyə şirkətin sözçüsü bildirib. O həmçinin qeyd edib ki, şirkətin fəaliyyətinin pozulmasına baxmayaraq, istehsalın təkmilləşdirilməsi və öz standartlarının yüksəldilməsi istiqamətində irəliləyişlər var.

Xatırladaq ki, “Boeing 737 MAX” tipli təyyarələrin uçuşları ardıcıl iki dəfə baş verən aviaqəzalardan sonra bütün dünya üzrə dayandırılıb. Qəzalar 346 nəfər insanın ölümünə səbəb olub. Hər iki qəzaya səbəb təyyarənin burnunun əyilmə bucağına cavab verən “MCAS” sisteminin nasazlığı olub.

 

VLADİMİR PUTİN ÖLKƏSİNİN ABŞ-LA MÜQAYİSƏDƏ HƏRBİ ÜSTÜNLÜYÜNDƏN DANIŞIB

Rusiya prezidenti Vladimir Putin ölkəsinin ABŞ-la müqayisədə hərbi üstünlüyündən söz açıb. “Teleqraf.com”un verdiyi xəbərə görə, Vladimir Putin Rusiyanın hipersəsli silah sistemlərinin ABŞ-dan daha güclü olduğunu iddia edib.

“Sistemlərimiz “Mach 20” raketlərindən daha sürətlə uçur. Bu, təkcə hipersəsli yox, qitələrarası raketdir. Bu, ondan daha ciddi silahdır və artıq Rusiya ordusunda silahlanmada dayanır”, - deyə Vladimir Putin vurğulayıb.

Prezidentin sözlərinə görə, hipersəsli silahların mövcudluğu perspektivli silahların hazırlanması sahəsində ABŞ-ı qabaqlamağı mümkün edib.

“Artıq belə sistemlərə sahibik və tarixdə ilk dəfə yüksək rəqabətli silah sistemlərində əsas rəqibimiz - ABŞ-ı belə qabaqlayırıq. Lakin bunlardan hər kəsi təhdid etmək üçün sui-istifadə etmirik”, - deyə Vladimir Putin əlavə edib.

 

LİVANDA NÜMAYİŞÇİLƏRƏ ATƏŞ AÇANLARIN KİMLİYİ MÜƏYYƏNLƏŞİB

Livan ordusu paytaxt Beyrutda nümayişçilərə atəş açan silahlıların kimliyini müəyyən edə bilib. “Report”  agentliyinin verdiyi xəbərə görə, bu barədə “Al-Mayadeen” telekanalı məlumat yayıb. Hadisə ilə bağlı ümumilikdə 9 nəfər saxlanılıb.

Qeyd edək ki, “Hizbullah” və “Haraket Amal” partiyasının tərəfdarları oktyabrın 14-də paytaxtın Tayuni bölgəsinə etiraz aksiyasına toplaşıblar. Nümayişçilər ötən il Beyrut limanında baş verən partlayış işini araşdıran komissiyanın rəhbəri, hakim Tarek Bitarın işdən çıxarılmasını tələb ediblər.

Etirazçıların Ədalət Sarayına doğru yürüşü zamanı naməlum şəxslər onlara atəş açıb. Yerli mətbuatın yazdığına görə, atışma nəticəsində 6 nəfər ölüb, 60-dan çox adam yaralanıb. Ölkənin baş naziri bildirib ki, Livanda 15 oktyabr Beyrut hadisələrinin qurbanları üçün matəm günü elan edilib.

 

“BREXIT” BRİTANİYA AVTOMOBİL SƏNAYESİNƏ ÖZ TƏSİRİNİ GÖSTƏRİB

“Brexit”dən sonra enerji qiymətlərində sıçrayış və Avropa İttifaqının yeni qaydaları Böyük Britaniyanın əsas ixracatına - avtomobil ixracına təsirini göstərməyə başlayıb. “Trend” agentliyinin məlumatına görə, avtomobil sənayesinin nümayəndələri bu sahədə rəqabət qabiliyyətlərinin aşağı düşəcəyindən narahatdırlar.

Böyük Britaniya Avtomobil İstehsalçıları və Satıcıları Cəmiyyətinin məlumatına əsasən, 10 şirkətdən 9-u Aİ-dən çıxdıqdan sonra xərclərində artım yaşayıb və firmaların 60 faizi ittifaqla ticarətin əlavə xərclərinin “çox” olduğunu bildirib.

Bu problemlərə baxmayaraq, Aİ İngiltərənin əsas ticarət tərəfdaşı olaraq qalır, çünki istehsal olunan avtomobillərin təxminən yarısı ittifaq ölkələrinə göndərilir və ixrac olunan nəqliyytaın demək olar ki, hamısı Avropa yollarına çıxır.

Eyni zamanda, bildirilir ki, 2021-ci ildə Avropaya Britaniya ixarcı iki milyard funt sterlinq azalaraq 72 milyard təşkil edib.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.