DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

ƏRDOĞAN: "TALİBAN" HƏLƏ Kİ, GÖZLƏNTİLƏRİ DOĞRULTMUR

“Əfqanıstanda yeni geopolitik həqiqətlə üz-üzəyik”. “APA”nın verdiyi xəbərə görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “G20” ölkələrinin Əfqanıstanla bağlı videokonfrans formatında keçirilən fövqəladə iclasında çıxışı zamanı bəyan edib.

Prezidentin sözlərinə görə, dialoq kanalları açıq tutularaq mərhələli şəkildə “Taliban”ı inklüziv hökumət qurmağa yönəltmək lazımdır.

Ərdoğan bildirib ki, “Taliban”ın müvəqqəti hökuməti hələ ki, gözləntiləri doğrultmur. Əfqanıstanda humanitar böhranın dərinləşdiyini vurğulayan Türkiyə dövlət başçısı əfqan xalqı ilə güclü şəkildə həmrəy olmağın zəruriliyini qeyd edib.

Eyni zamanda, Ərdoğan vurğulayıb ki, bir müddət əvvəl Kabil Beynəlxalq Hava Limanında, eləcə də ölkənin digər bölgələrində baş vermiş terror aktları terror təhlükəsinin hələ də qalmasına bariz nümunədir.

Türkiyə Prezidenti ölkəsinin 5 milyon miqranta ev sahibliyi etdiyini də xatırladıb.

 

KİM ÇEN IN ÖLKƏSİNİN HƏRBİ POTENSİALINI ARTIRACAQ

Şimali Koreya lideri Kim Çen In ölkəsinin düşmən qüvvələrinə qarşı hərbi potensialını artıracağını bildirib. “Teleqraf.com”un xəbərinə görə, Kim Çen In ordunun müdafiə qabiliyyətinin artırılmasının ABŞ və ya Cənubi Koreyaya qarşı müharibə məqsədi daşımadığını bildirib.

Şimali Koreya lideri ABŞ-ın bölgədəki mövcudluğu səbəbiylə Cənubi Koreya ilə hazırki gərginliyi aradan qaldırmağın asan olmadığını bəyan edib. O deyib: “ABŞ tez-tez ölkəmizə düşmən olmadığını bildirir, lakin bunun həqiqətən belə olduğuna inanmaq üçün heç bir əsas yoxdur”.

Cənubi Koreyanın ölkəsinə qarşı ikili standartlarla yanaşdığını qeyd edən Kim  Çen In bunun ikiüzlülük olduğunu vurğulayıb. “Seul özünümüdafiə hüquqlarını pozmağa davam edəcəyi təqdirdə Pxenyan buna cavab verəcək”, - deyə ölkə lideri əlavə edib.

Kim Çen In ordunun hərbi gücünün artırılmasında məqsədin Seulu hədəf almaq olmadığını da iddia edib: “Düşmənimiz Cənubi Koreya və ABŞ kimi xüsusi bir ölkə və ya qüvvələr deyil, müharibənin özüdür. Lakin sülh üçün özünümüdafiə hüququmuzdan imtina etməyəcəyik”.

 

PANDEMİYA 100 MİLYON İNSANI YOXSULLUQ HƏDDİNƏ ÇATDIRIB

BMT-nin baş katibi Antonio Quterreş Beynəlxalq Valyuta Fondunun dövlətlərin koronavirus pandemiyasından bərpasına həsr olunmuş tədbirində çıxışı zamanı bildirib ki, “COVID-19” pandemiyası dünyada 100 milyondan çox insanı yoxsulluğa sürükləyib. Bu barədə “Report” agentliyi məlumat yayıb.

“Pandemiya dünyada yüz milyondan çox insanı yoxsulluq həddinə çatdırıb. Dörd milyarddan çox insanın praktiki olaraq heç bir sosial dəstəyi yoxdur; səhiyyə xidməti mövcud deyil, təcili ehtiyac olduqda gəlirlərin qorunması yoxdur”, - deyə Quttereş bildirib.

Baş katibin sözlərinə görə, peyvəndlərin paylanılmasındakı bərabərsizlik dünyanı milyonlarla insanı ölümə məhkum edir, trilyonlarla dollara başa gələ biləcək və ən kasıb ölkələrin iqtisadiyyatına zərbə vura biləcək iqtisadi tənəzzülü uzadır.

“Pandemiyaya son qoymaq və qlobal iqtisadiyyatın davamlı, hərtərəfli şəkildə bərpasını təmin etmək üçün cəsarətli və kollektiv sıçrayışa ehtiyacımız var”, - deyə Antonio Quterreş vurğulayıb.

 

ÜST-DƏN PEYVƏNDİN ÜÇÜNCÜ DOZASI İLƏ BAĞLI AÇIQLAMA

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) İmmunlaşdırma üzrə Strateji Məsləhətçi Qrupu koronavirusa qarşı peyvəndin üçüncü dozasına ehtiyacı olan bir qrup şəxsin adını açıqlayıb. “Trend” agentliyinin məlumatına görə, bu barədə “The New York Times” qəzeti xəbər verib.

Xüsusilə, immuniteti zəif olan insanlar üçün “COVID-19”a qarşı əlavə dərman dozası tövsiyə olunur. Bu tövsiyə “Pfizer-BioNTech”, “Moderna”, “AstraZeneca”, “Covishield”, “Johnson & Johnson”, “Sinopharm” və “Sinovac” vaksinləri ilə peyvənd olunan hər kəsə aiddir.

Bununla yanaşı, Çin vaksinləri olan “Sinovac” və ya “Sinopharm” ilə vaksinasiya  edilən 60 yaşdan yuxarı insanların üçüncü doza ilə peyvənd olunması məsləhət görülüb.

 

FRANSA PREZİDENTİNİN OSMANLI DÖVLƏTİ İLƏ BAĞLI İTTİHAMLARINA CAVAB

Əlcəzair Alimlər Birliyinin rəhbəri Əbdürrəzaq Qasım Fransa prezidenti Emmanuel Makronun Osmanlı dövləti ilə bağlı ittihamlarına cavab verib. “Teleqraf.com”un xəbərinə görə, o, osmanlıların Əlcəzairə müstəmləkəçi və işğalçı olaraq gəlmədiklərini, əksinə, əlcəzairlilər tərəfindən ispanların hücumlarına qarşı mübarizə üçün dəvət edildiklərini bildirib.

“Osmanlılar Əlcəzairə müstəmləkəçi və işğalçı olaraq gəlmədilər, əksinə, ispanların Səlib yürüşlərinə qarşı əlcəzairlərin dəvəti ilə gəldilər. Buna görə də Osmanlını qırğın və barbarlıqda günahlandırmaq doğru deyil. Osmanlı dövründə əlcəzairlilər həyatlarından məmnun idilər, türklər onların sərvətlərini talan etmədilər", - deyə Əbdürrəzaq Qasım vurğulayıb.

Osmanlının Əlcəzairdə öz dilini zorla yaymadığını qeyd edən Əbdürrəzaq Qasım türklərin bu ölkədəki yerli xalqın dininə, dilinə və inancına müdaxilə etmədiyini də diqqətə çatdırıb. O, Əlcəzairdəki müstəmləkəçilik, səfalət, işğal və şiddətin mənbəyinin Osmanlı yox, məhz Fransa olduğunu bəyan edib.

Bununla yanaşı, Əbdürrəzaq Qasım Əlcəzair hökumətini Fransa şirkətləri ilə ticarət əlaqələrinə son qoymağa da çağırıb.

 

İMRAN XAN ABŞ-I ƏFQANISTANDAKI HÖKUMƏTİ TANIMAĞA ÇAĞIRIB

“ABŞ-ın sabitliyi dəstəkləməyə səy göstərmək üçün Əfqanıstandakı hökuməti tanımaqdan başqa yolu yoxdur”. “Report” agentliyinin verdiyi xəbərə görə, bunu Pakistanın baş naziri İmran Xan “Middle East” nəşrinə müsahibəsində bildirib.

“Dünya Əfqanıstanla əməkdaşlıq etməlidir. Əgər “Taliban” sıxışdırılsa, o halda onun daxilindən ekstremistlər peyda ola bilər. Bu da tamamilə mümkündür. Onlar “Taliban”ı 2000-ci ilə qaytarsalar, bu, faciə olacaq”, - deyə baş nazir vurğulayıb.

İmran Xan bildirib ki, Əfqanıstan əhalisinin yarısı yoxsulluqdan da aşağı şəraitdə yaşayır. “Onun dövlət büdcəsinin 75 faizi xarici yardımların hesabına formalaşır. “Taliban”a qarşı embarqonun tətbiqi humanitar fəlakətə səbəb ola bilər”, - deyə İmran Xan əlavə edib.

Qeyd edək ki, "Taliban" ABŞ-ın sanksiya tətbiq etdiyi təşkilatlar siyahısındadır. Bu isə onlara ABŞ banklarındakı 10 milyard dollardan istifadəyə imkan vermir.

 

Aİ-NIN BİR SIRA ÖLKƏLƏRİ NÜVƏ ENERGETİKASININ İNKİŞAFINI DƏSTƏKLƏYİR

Avropa İttifaqının on ölkəsinin hökumət rəsmiləri yerli istehlakçılarını qiymət dəyişkənliyindən qorumaq üçün nüvə enerjisindən istifadəni gücləndirməyin vacib olduğu qənaətindədirlər. “Trend” agentliyinin məlumatına görə, bu barədə “Le Figaro” qəzetində dərc edilmiş məqalədə bildirilir.

Məqaləni Fransanın iqtisadiyyat, maliyyə və yenidənqurma naziri Bruno Le Mer, Rumıniya, Çexiya, Finlandiya, Slovakiya, Xorvatiya, Sloveniya, Bolqarıstan, Polşa və Macarıstanın iqtisadiyyat, energetika və baş nazirləri imzalayıblar.

Nazirlər nüvə enerjisinin Avropa istehlakçılarını “hazırda qazla bağlı vəziyyətdə müşahidə olunan” enerji qiymətləri dəyişkənliyindən qoruyacağına inamlarını ifadə ediblər. “Enerji qiymətlərinin yüksəlməsi xarici ölkələrdən enerji asılılığımızı azaltmağın nə qədər vacib olduğunu göstərir”, - deyə məqalədə qeyd olunub.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.