DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

MERKEL: İRANIN NÜVƏ PROQRAMI İLƏ BAĞLI VƏZİYYƏT KRİTİKDİR

İranın nüvə proqramı ilə bağlı vəziyyət “həlledici həftələrə” qədəm qoyub və Rusiya ilə Çinin üzərinə Birgə Hərtərəfli Fəaliyyət Planını (BHFP) qorumaq üçün xüsusi məsuliyyət düşür. “Trend” agentliyinin məlumatına görə, bunu İsrailə səfəri çərçivəsində Almaniyanın Kansleri Angela Merkel bəyan edib.

“İranın uranın zənginləşdirməsindəki irəliləyişini izlədikcə bu məsələnin təcili xarakter aldığının şahidi oluruq”, - deyə Angela Merkel vurğulayıb.

Kansler qeyd edib ki, BHFP-ni heç vaxt ideal saziş hesab etməyib, lakin hazırda Tehranın nüvə silahına sahib olmasının qarşısını almaq üçün bundan yaxşı bir yol yoxdur.

“Danışıqlarsız keçən hər bir gün uranın zənginləşdirilməsi artırılır. Bu, özlüyündə kritik bir vəziyyətdir. Sözügedən mövzuda qarşımızda həlledici həftələr var. Burada hesab edirəm ki, müəyyən məsuliyyət Rusiya və Çinin üzərinə düşür”, - deyə kansler qeyd edib.

 

DONALD TRAMP: ABŞ-IN HƏRBİ TEXNİKASI RUSİYA VƏ ÇİNİN ƏLİNƏ KEÇİB

“Rusiya və Çin ABŞ-ın Əfqanıstandan götürmədiyi helikopterləri artıq söküb və onun sistemini öyrənirlər”. “Report”  agentliyinin verdiyi xəbərə görə, bunu ABŞ-ın keçmiş prezidenti Donald Tramp bildirib.

Eks-prezidentin sözlərinə görə, artıq Rusiya və Çində ABŞ helikopterlərinın nümunələri mövcuddur. Tramp deyib: “Onlar “Apache” helikopterlərini söküblər. Onun sistemini öyrənib tezliklə ən yaxşı texnikanı yığacaqlar”.

Bununla yanaşı, Donald Tramp bildirib ki, Amerika qoşunları Əfqanıstanı tərk edərkən “köhnə helikopterləri sıradan çıxarıblar, yeni silahlara əl vurulmayıb”.

Keçmiş prezident həmçinin qeyd edib ki, atılmış silahların bir hissəsi artıq “qara bazarda” peyda olub.

 

BƏŞƏR ƏSƏD ƏRƏB ÖLKƏLƏRİ İLƏ ƏLAQƏLƏRİ BƏRPA EDİR

Suriyadakı Bəşər Əsəd rejimi ərəb ölkələri ilə diplomatik əlaqələri yenidən bərpa etməyə başlayıb. “Teleqraf.com”un verdiyi xəbərə görə, bu barədə “Röyters” agentliyi məlumat yayıb.

“Qərb ölkələri 10 ildən artıq davam edən vətəndaş müharibəsində Bəşər Əsəd rejiminə qarşı məsafə saxladıqları halda, ABŞ-ın müttəfiqləri olan ərəb ölkələri Dəməşqlə iqtisadi və diplomatik əlaqələri inkişaf etdirmək üçün yavaş da olsa hərəkətə keçiblər”, - deyə agentlik qeyd edib.

Bildirilir ki, Qərb ölkələri Suriyada davam edən vətəndaş müharibəsində məhz Bəşər Əsədi məsul görür. “Qərbdən fərqli olaraq, ərəb ölkələri indi Əsədin öz hakimiyyətini qoruyacağına və bu istiqamətdə addımlar atacağına inanır. ABŞ-ın Əfqanıstandan çıxması, ərəb ölkələrində Amerikaya qarşı inamsızlıq yaradıb, indi onlarda öz yollarını özləri seçməli olduqlarına dair inam artıb. Vaşinqtonun getdikcə geri çəkilmə siyasətinə güc verməsi, Çinin bölgəyə artan diqqəti ərəb liderlərini öz gələcəkləri haqda düşünməyə vadar edir”, - deyə agentliyin məlumatında vurğulanır.

 

BRAZİLİYA PREZİDENTİ MASKA TAXMADIĞI ÜÇÜN CƏRİMƏLƏNİB

Braziliya prezidenti Jair Bolsonaru San-Paulo əyalətinin sahilindəki Peyrube şəhərinə səfəri zamanı qoruyucu maska taxmadığı üçün cərimələnib və daha sonra koronavirus əleyhinə peyvənd olunmadığı üçün futbol matçına da buraxılmayıb. Bu barədə “Report” agentliyi “Globo” telekanalına istinadən xəbər verib.

Məlumata əsasən, prezident şənbə günü şəhərdə gəzib, sakinlərlə şəkil çəkdirib. O, gəzinti zamanı “COVID-19”a qarşı profilaktik tədbir olaraq ölkədə və şəhərdə taxılması məcburi olan maskadan istifadə etməyib. “Meriya prezidentin üzündə qoruyucu maska olmadığı üçün onun 500 dollar cərimələndiyini təsdiqləyib”, - deyə telekanal bildirib.

J.Bolsonaru həmin gün həmçinin Braziliya çempionatında “Santos” və “Gremio” komandaları arasında keçirilən futbol matçına da qatıla bilməyib. Prezident deyib: “Santos”un oyununu izləmək istədim, lakin mənə peyvənd edilməli olduğumu söylədilər. Nə üçün? Peyvənd edilənlərdən daha çox antitelim var”.

 

ABŞ-IN MALİYYƏ NAZİRİ: ÖLKƏ MALİYYƏ BÖHRANI İLƏ ÜZLƏŞƏ BİLƏR

ABŞ Konqresindəki qanunvericilər dekabr ayına qədər dövlət borc limitinin növbəti dəfə artırılması barədə razılığa gəlməsələr, ölkə maliyyə böhranı ilə üzləşə bilər. “Trend” agentliyinin verdiyi xəbərə görə, bu fikri “ABC” telekanalının efirində ABŞ-ın maliyyə naziri Janet Yellen səsləndirib.

Nazirin sözlərinə görə, dövlət borc limitinin artırılmaması sosial müavinətlərin, hərbi maaşların gecikdirilməsi və uşaqlar üçün vergi güzəştlərinin dayandırılması ilə nəticələnəcək.

“Dünyanın ən etibarlı aktivi - Maliyyə Nazirliyinin qiymətli kağızlarının və dünyanın ehtiyat valyutası kimi dolların statusu sarsıla bilər. Borclanma limitinin qaldırılmaması, ehtimal ki, tənəzzülə, hətta maliyyə böhranına səbəb ola bilər. Bu bir fəlakət olar”, - deyə nazir xəbərdarlıq edib.

Ötən həftə Senat ABŞ-ın borclanma limitini 480 milyard dollara qədər artırmağın lehinə səs verib ki, bu da müvafiq xərclərin dekabrın 3-nə kimi ödənilməsi deməkdir. Ağ Evdən verilən məlumata əsasən, prezident Cozef Bayden bu təşəbbüsü Nümayəndələr Palatası tərəfindən təsdiqləndikdən sonra imzalayacaq. Bunun oktyabrın 12-də baş verəcəyi gözlənilir.

 

PAKİSTANIN NÜVƏ PROQRAMININ RƏHBƏRİ VƏFAT EDİB

Pakistanın nüvə fizikası üzrə alimi, ölkənin nüvə proqramının rəhbəri Əbdül Qadir Xan 86 yaşında dünyasını dəyişib. “Report”un verdiyi xəbərə görə, bu barədə “ARY News” telekanalı alimin ailəsinə istinadən məlumat yayıb.

Qeyd olunur ki, Əbdül Qadir Xanın ölümünə koronavirusa yoluxduqdan sonra yaranan ağır xəstəlik səbəb olub.

Pakistanın baş naziri İmran Xan öz “Twitter” səhifəsində yazıb: “Ölkə öz milli qəhrəmanını itirib. Xalqımız onu sevib. Pakistan nüvə silahını yaratdığı üçün ona minnətdardır”.

Pakistanda nüvə proqramının inkişafı 1956-cı ildə Pakistan Atom Enerjisi Komissiyasının yaradılması ilə başlayıb. Əvvəllər uranın zənginləşdirilməsi üçün qaz sentrafuqaları istehsal edən “URENCO” Avropa konsorsiumunda işləyən Əbdül Qadir Xan 1975-ci ildə nüvə proqramının inkişafına qoşulub.

 

METAN TULLANTILARI İLƏ BAĞLI TƏŞƏBBÜSƏ DAHA 24 ÖLKƏ QOŞULACAQ

2030-cu ildə atmosferə atılan metan qazının həcminin 2020-ci ilə nisbətən 30 faiz azaldılmasına dair ABŞ və Avropa İttifaqının (Aİ) irəli sürdüyü təşəbbüsə daha 24 ölkə qoşulmaq niyyətində olduqlarını bildiriblər. “Report”un xəbərinə görə, bu barədə ABŞ Dövlət Departamenti tərəfindən yayılan birgə açıqlamada bildirilir.

Xatırladaq ki, ötən ay şifahi şəkildə elan edilmiş bu təşəbbüsə ilkin olaraq ABŞ və Aİ ölkələri ilə yanaşı, Argentina, Böyük Britaniya, Qana, İndoneziya, İraq, İtaliya və Meksika qoşulub. Hazırda təşəbbüsə qoşulmuş ölkələrin payına qlobal ÜDM-in 60 faizi və metan tullantılarının 30 faizi düşür.

İstixana qazlarından biri olan metan karbon qazından sonra iqlim dəyişikliyinə səbəb olan əsas amil sayılır. Açıqlamaya görə, bu təşəbbüsün səmərəli həyata keçirilməsi ilə Yer kürəsində atmosferin orta hərarətinin artması 2050-ci ilə qədər azı 0,2 dərəcə zəifləyəcək.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.