Elmi-texniki yeniliklər
Maraqlı

Elmi-texniki yeniliklər

Dünya zülmətə qərq ola bilər

New Jersey Texnologiya İnstitutunun alimləri planetimizin getdikcə qaranlıqlaşmaq üzrə olduğunu açıqlayıblar. Səbəbini isə Yerin və okeanların istiləşməsi ilə əlaqələndirirlər.
Elm adamları Ayı işıqlandıran Yerdəki işığın əks etdirmə gücünü müşahidə edərək ölçüblər. Araşdırma üçün 1998-ci ildən 2018-ci ilə qədər 20 illik məlumatları toplayan elm adamları, Yerdəki işığın əks olunma qabiliyyətinin 0,5 faiz azalmasını və günəş şüasının təxminən 30 faizinin planetimizə çatdığını öyrəniblər. Alimlər planetimizdəki işıqlanmanın həm ona çatan günəş şüasından, həm də işığın əks olunma qabiliyyətindən asılı olduğunu müəyyənləşdiriblər.
Qlobal istiləşmə səbəbindən okeanlardakı istiləşmə daha az parlaq buludların yaranmasına səbəb olmaqla günəş şüasının da kosmosda daha az əks olunması ilə əlaqəlidir. Əvvəlki tədqiqatların nəticələri istiləşmənin artmasının planetdə işığın daha çox əks olunmasını təmin edəcəyinə və bununla da bu problemin azalacağına dair ümid verirdi. Təəssüf ki, yeni nəticələr işığın zəifləməsinin istiliyi azaltmaq əvəzinə, artırdığını göstərir. Bu da planetin gələcəyi üçün daha çox təhlükə deməkdir.
Elm adamları önümüzdəki illərdə daha ətraflı araşdırmaların aparılmasının vacib olduğunu söyləyiblər.

İnformasiya "Science Alert" veb saytına istinad edilib.

 

Kosmosda ilk bədii film çəkiləcək

Rusiya kinemotoqrafiya tarixində ilk dəfə olaraq Beynəlxalq Kosmik Stansiyasında (ISS) uzunmetrajlı film çəkiləcək. Komandanın heyəti Soyuz MS-19 Kosmik gəmisi ilə Qırğızıstanın Baykonur kosmodromundan orbitə yola düşüb.
Rusiya Kosmik Agentliyi (ROSCOSMOS), “Pervıy” kanal və  kino istehsalı şirkətinin ortaq layihəsi olan "Vızıv" (Çağırış) adlı filmdə, Yuri Qaqarin adına Kosmonavt Hazırlıq mərkəzində xüsusi təlim keçmiş aktyorlar rol alacaq. Filmin bir hissəsini çəkmək üçün rejissor Klim Şipenko, baş rolda yer alan 37 yaşlı aktrisa Yuliya Peresild və kosmonavt Anton Şkaplerovla yanaşı, heyət üzvlərinin kosmosda 12 gün qalacağı nəzərdə tutulub. Çəkiliş qrupunun Yerə oktyabrın 17-si qayıdacağı planlaşdırılır.
Uzunmetrajlı fantastik "Çağırış" filminin sujet xətti bir həkimin kosmosa səyahət edən, ürəyində problemləri olan kosmonavtın həyatını xilas etməsi üzərində qurulub.
NASA daha əvvəl Hollywoodun məşhur aktyorlarından biri Tom Cruzun Space X raketi ilə kosmosda filmə çəkiləcəyini açıqlamışdı. Lakin Rusiya bu addımı ilə məşhur aktyoru qabaqladı.
"Bu möcüzədir və inanılmaz bir şansdır. Kosmos qabaqcıl sahədir və heç nəyə baxmayaraq hələ də irəlidəyik. Kosmik proqram haqqında anlayışı olmayan təcrübəsiz insanların orbitə aparılması olduqca çətin missiyadır. Əgər ehtiyac yaranarsa orbitə gələcəkdə xaricdən mütəxəssislərin dəvəti də nəzərə alınıb"-deyə Rusiya dövlət korporasiyası, ROSCOSMOS-un və layihənin rəhbəri Dmitri Roqozin mətbuata verdiyi açıqlamada bildirib.
İnformasiyanı "PHYS ORG" veb saytı yayıb.

 

Su təmizləyən hidrogel tablet

Dünya əhalisinin təmiz və içməli suya olan tələbatının getdikcə artmasını nəzərə alan amerikalı alimlər bu qlobal problemin həlli yolunda təqdirəlayiq addım atıblar. Austin Texas Universitetinin mühəndisləri çirklənmiş suyu sürətlə təmizləyə bilən hidrogel tablet hazırlayıblar. Yeni tablet, həmçinin bütün dünyada su qıtlığının da qarşısını ala bilər.
Su hazırda daha çox qaynama və ya posterizasiya üsulu ilə təmizlənir. Bu üsullar həqiqətən təsirli olsa da bir çox gəliri aşağı olan ölkələrdə yüksək enerji sərfiyyatı ilə nəzərəçarpacaq dərəcədə problemlərə səbəb olur. Yeni tablet 1 saata bir litr suyu dezinfeksiyaetmə qabiliyyətinə malik olmaqla yanaşı, həm də 99.999 faiz çox səmərəli şəkildə bakteriyaları zərərsizləşdirə bilən hidrogen peroksid  yaradır. Hidrogen peroksid, əsas hüceyrə komponentlərini hədəf alaraq bakteriyalara hücum etmək üçün aktivləşdirilmiş karbon hissəciklərinə qarışır. Bu üsulla su təmizləmənin ən böyük üstünlüyü enerji sərfiyyatının olmamasıdır.
Bundan əlavə, hidrogel tabletlər günəş şüasından istifadə etməklə suyun müxtəlif zərərli çirkləndiricilərdən ayrılmasını da təmin edə bilər. Hazırda araşdırma qrupu hidrogellərin suda zərərsizləşdirə biləcəyi müxtəlif növ patogenlər və virusların sayını artırmaq üzərində işləyir. Qarşıda olan digər plan isə istehsalın nizamlanması ilə yanaşı, tabletlərin istənilən ölçüdə və aşağı qiymətə hazırlanmasıdır.
"Çoxfunksiyalı hidrogelimiz qlobal su qıtlığının qarşısının alınmasında böyük fərq yarada bilər. İstifadəsi asan olan məhsulumuzun kütləvi istehsalının genişmiqyaslı olacağına ümid edirik"-deyə həmmüəllif Guihua Yu qeyd edib.
Tədqiqatla bağlı məlumat "Advanced Materials" jurnalında dərc edilib.

 

Robot texnologiyasında yenilik

Elm və texnologiyada hər yeni inkişafla addım-addım fantastik dünyaya yaxınlaşırıq. Caltech mühəndisləri indi həm uçmağı, həm də gəzməyi bacaran robotun ilk prototipinin görüntülərini paylaşıblar.
Leonardo və ya Leo adlandırılan ikiayaqlı uçan robot gələcəkdə qəzalı infrastrukturların yoxlanılması, təmiri, əlçatmaz yerlərə avadanlıqların daşınması, fəlakət baş verən zonalarda çətin və təhlükəli işlərdə kömək edəcək. Layihə gələcəkdə kosmik tədqiqatlar kimi mürəkkəb missiyaların həyata keçirilməsində də istifadə oluna bilər.
Batareya və sensorlarla təchiz olunmuş robotun çəkisi cəmi 2.58 kiloqram və 75 santimetr uzunluğundadır. Elastik ayaqlarından istifadə etməklə sanki bir quş kimi havaya qalxan Leonun dörd yelpəkçik və əyilmiş elektrik itələyiciləri ilə sinxronizasiya olunması, sıçrayışları, topuqlarındakı dik dabanları isə robotun balanslı mövqeyini təmin edir.
Caltech komandası, gələcəkdə robotun yüksəkgərginlikli xətlərin yoxlanılması və körpülərin monitorinqi kimi bir sıra çətin tapşırıqları yerinə yetirməsini hədəfləyir. Bütün bunlara əlavə olaraq mühəndislər çətin ərazilərdə, yaxud səthlərdə uçuşlar və enişlər üçün adaptiv eniş qurğuları yaratmağı planlaşdırırlar. Qarşıda hələ uzun bir yol olsa da, robotun indiyə qədər hazırlanan qurğular içərisində tamamilə yeni bir növ olması onun böyük potensiala sahib olduğunu göstərir.
İnformasiya "TechXplore" veb saytında yayımlanıb.


Hazırladı:

Elenora HƏSƏNOVA,

“Respublika”.