Şəhid xatirə bulağı
Sosial həyat

Şəhid xatirə bulağı

Şəhidlərin ad günündə anım mərasimləri keçirmək, onların şərəfinə tikilən xatirə bulaqlarının açılışını təşkil etmək artıq qürurlu ənənəyə çevrilmişdir. Bu günlərdə şəhid Əmral Xəmmədovun xatirəsi yad olundu. İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayevin və icra hakimiyyətinin məsul işçilərinin iştirakı ilə şəhid ailələri və ictimaiyyət nümayəndələri öncə şəhidin doğulduğu Çaxırlı kənd qəbiristanlığında olan məzarını ziyarət edib üzərinə tər qərənfillər qoyaraq, ruhuna dualar oxuyub, əziz xatirəsini yad etdilər.

Əmral Xəmmədov 2 oktyabr 2001-ci ildə İmişli rayonunun Çaxırlı kəndində anadan olub. Vətən müharibəsi zamanı Xüsusi Təyinatlı Dəstələrin əsgəri olaraq Murovdağ və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. İgid döyüşçü oktyabrın 15-də Hadrut istiqamətində gedən döyüş zamanı şəhid olub. Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirakına, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə, şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə, Əmral Xəmmədov ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Xocavəndin azad olunmasına görə” və “Kəlbəcərin azad olunmasına gorə” medalları ilə təltif olunub.

Tədbir iştirakçıları Vətən müharibəsi şəhidi Əmral Xəmmədovun adını əbədiləşdirən xatirə bulağının qırmızı lentini kəsib açılışını etdilər. Mərasimdə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev çıxış edərək şəhidlərimizin əbədi ehtirama layiq olduğunu bildirərək şəhidin valideyninə Vətənimiz üçün ləyaqətli övlad böyütdüklərinə görə təşəkkür edib və Allahdan onlara səbir dilədi. Rayon rəhbəri Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dövlət səviyyəsində şəhid ailələrinə və müharibə iştirakçılarına göstərdikləri diqqət və qayğını xüsusi vurğuladı.

Mərasimdə şəhidin hərbi xidmət yoldaşları, təhsil aldığı orta məktəbin müəllimləri, ictimaiyyət nümayəndələri çıxış edərək şəhid Əmral Xəmmədov barədə xatirələrini bölüşdülər. Şəhidə Allahdan rəhmət, ailə üzvlərinə səbir dilədilər. Tədbirdə məktəblilər şəhidlərə həsr olunmuş ədəbi-bədii kompozisiya ilə çıxış etdilər.

Ərəstun ABDULOV,

“Respublika”.