DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

TÜRKİYƏNİN PARİS SAZİŞİNİ TƏSDİQLƏMƏSİ BMT TƏRƏFİNDƏN ALQIŞLANIB

Birləşmiş Millətlər Təşkilatı (BMT) Türkiyə parlamentinin Paris İqlim Sazişini təsdiqləməsini alqışlayır. “Report”un “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Dujarrik bildirib.

“Bütün ölkələrin anlaşmanın məqsədlərinə çatması üçün səylərini artırmağa davam etmələri çox vacibdir”, - deyə S.Dujarrik müsahibəsində qeyd edib.

Rəsmi nümayəndə xatırladıb ki, BMT baş katibi Antonio Quterreş “G20” ölkələrinin bu məsələdə irəliləməli olduqlarını açıq şəkildə ifadə edib.

Xatırladaq ki, Türkiyə Böyük Millət Məclisinin (TBMM) Baş Məclisi oktyabrın 6-da Paris İqlim Sazişinin ratifikasiyası haqqında qanun layihəsini qəbul edib.

Paris İqlim Sazişi 2015-ci ildə 190-dan çox ölkənin imzaladığı ilk qlobal iqlim sənədidir. O, qlobal istiləşmənin qarşısının alınmasına dair dünya planını müəyyənləşdirir.

 

AVSTRİYA KANSLERİ KORRUPSİYADA ŞÜBHƏLİ BİLİNİR

Avstriya prezidenti Aleksander Van der Bellen ölkə Prokurorluğunun kansler Sebastian Kurtsa qarşı şübhələri fonunda departamentin işini sərbəst aparmasını istəyib və bildirib ki, söhbət hələlik yalnız bir araşdırmadan gedir. “APA”nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, baş verənlərə münasibət bildirən ölkə prezidenti qanunun aliliyinin əsaslarına güvənməyi təklif edib.

“Prokurorluğun vəzifəsi bir insanın nüfuzundan asılı olmayaraq şübhələri araşdırmaq və ittiham yaradan, eləcə də bəraət qazandıran məqamları müəyyən etməkdir. Hazırda yalnız o məlumdur ki, Prokurorluq araşdırma aparır”, - deyə Van der Bellenin açıqlamasında qeyd olunub.

Prezident bildirib ki, hər kəs araşdırmalarla bağlı fikirlərini açıq şəkildə ifadə etmək hüququna malikdir və “təbii ki, məhkəmə sistemini obyektiv şəkildə tənqid etmək də olar”.

Qeyd edək ki, iqtisadi və korrupsiya cinayətlərinin araşdırılması üzrə Avstriya Prokurorluğu S.Kurts barəsində korrupsiya işi ilə bağlı araşdırma aparıldığını təsdiqləyib.

 

“TALİBAN”DAN TOYLARLA BAĞLI YENİ QADAĞALAR

“Taliban” Əfqanıstanda toyların keçirilməsi ilə bağlı yeni qadağalar tətbiq edib. “Report” agentliyinin məlumatına görə, qərara əsasən, mərasim musiqiçilərin iştirakı olmadan keçiriləcək, qadınlar və kişilər bir-birlərindən aralı oturacaqlar.

Qeyd edilir ki, əvvəllər toylarda kişi və qadın otaqlarının arakəsmə ilə ayrılmasına icazə verilirdi. Lakin “Taliban” bunun kifayət olmadığı qənaətindədir.

Xatırladaq ki, bir müddət öncə, “Taliban” hərəkatı qadınlara gözəllik salonlarına getməyi, kişilərə isə saqqallarını təraş etməyi qadağan edib.

 

NASA YER KÜRƏSİNİ ASTEROİDLƏRDƏN QORUYACAQ

NASA ilk dəfə olaraq Yer kürəsinin potensial təhlükəli asteroidlərdən müdafiəsini sınaqdan keçirəcək. “APA”nın xəbərinə görə, bu barədə “The Washington Post” qəzeti yazıb.

ABŞ kosmik araşdırmalar agentliyi məlumatına əsasən, noyabr ayında başqa bir asteroidlə toqquşaraq onun orbitini dəyişdirməsi gözlənilən asteroidlərdən birinə doğru xüsusi zondla təchiz edilmiş raket buraxacaq.

Kaliforniyadakı Vandenberq kosmik qüvvələr bazasından 24 noyabr tarixində “Space X” şirkətinə məxsus “Falcon 9” daşıyıcı raketin “DART” zondu ilə birlikdə  buraxılması planlaşdırılır.

Qeyd edək ki, 2016-cı ildə NASA Yer kürəsini asteroidlərdən qorumaq üçün tədbirlərin əlaqələndirilməsi bürosunu yaradıb və qurum bu yolla planet üçün təhlükə yarada biləcək asteroidlərin və kometaların axtarışlarını həyata keçirir.

 

ABŞ VƏ RUSİYA ARASINDA İRANLA BAĞLI MÜZAKİRƏLƏR APARILIB

Moskva və Vaşinqton İranın nüvə proqramı ilə bağlı Birgə Hərtərəfli Fəaliyyət Planının yenidən qurulmasında maraqlıdır. “Report” agentliyinin məlumatına görə, bunu ABŞ-ın dövlət katibi Entoni Blinken rusiyalı həmkarı Sergey Lavrovla telefon danışığının məzmununu şərh edərkən bildirib.

E.Blinken qeyd edib ki, nüvə razılaşmasını tam şəkildə bərpa etmək üçün tərəflər arasında qarşılıqlı inam mühiti formalaşmalıdır.

Qeyd edək ki, Lavrovla Blinken arasında telefon danışığı oktyabrın 6-da ABŞ tərəfinin təşəbbüsü ilə baş tutub.

Xatırladaq ki, aprel ayından başlayaraq Vyanada rəsmi Tehranla beynəlxalq “beşlik” arasında İranın nüvə sazişinin bərpası üçün danışıqlar aparılır. Tərəflər ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyaların ləğv edilməsi, nüvə sahəsində öhdəliklərinin yerinə yetirilməsi, həmçinin ABŞ-ın Birgə Hərtərəfli Fəaliyyət Planına qayıtmasını müzakirə edirlər.

 

TÜRKİYƏNİN İSTEHSAL ETDİYİ DRONLAR CİDDİ NARAHATLIQ YARADIR

Rusiya Türkiyənin Ukraynaya satdığı pilotsuz uçuş aparatlarının qarşısını alacaq yeni texnologiyaya sahib olmadığı üçün narahatdır. “Teleqraf.com”un xəbərinə görə, rus mediasında bu narahatlığı ifadə edən məqalələr dərc olunub.

Məlumata əsasən, Rusiya mətbuatında qeyd edilir ki, türk PUA-ları Qarabağ savaşından sonra Donbasda əhəmiyyətli rola malik olmağa çalışır. Rusiyanın isə PUA-lara qarşı hər hansı bir silah istehsal etmədiyi xüsusilə vurğulanır.

Məqalədə həmçinin türk dronlarının son illər böyük bir inqilab etdiyinə diqqət çəkilir. Bildirilir ki, türklər iki gün ərzində “Bahar Qalxanı” əməliyyatı zamanı İdlib yaxınlığında Suriyanın 23 tankını, 23 artilleriya qurğusunu, 5 helikopter və “Pantsir-C1” sistemini məhv edib. Bununla yanaşı, “Osa” raket sistemi, “Tor” hava müdafiə sistemi və “Strela-10” sistemləri türk dronları qarşısında çarəsiz qalmışdı.

Eyni zamanda, “Akıncı” dronlarını “MQ-29 Reaper” dronlarına bənzədiyinə diqqət çəkən rus mediası qeyd edir ki, bu dronlar müharibə sahəsində ABŞ-ın bu tip PUA-larını belə geridə qoyub.

 

ÜST İLK DƏFƏ MALYARİYA PEYVƏNDİNİN İSTİFADƏSİNİ TƏSDİQLƏYİB

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) malyariya xəstəliyinə qarşı dünyada ilk peyvəndin istifadəsini təsdiq edib. “Report”un verdiyi xəbərə görə, bunu təşkilatın baş direktoru Tedros Adhanom Qebreyesus keçirdiyi mətbuat konfransında bildirib.

Baş katibin fikrincə, dünyada malyariyaya qarşı ilk peyvənd olan “RTS,S” Afrikada hər il on minlərlə uşağı xilas edə biləcək.

“Bu qədim və dəhşətli xəstəliyə qarşı təsirli peyvəndin olacağı günü səbirsizliklə gözləyirdim. Və bu gün peyvənd təsdiq edildi”, - deyə ÜST rəhbəri vurğulayıb.

Vaksinin təhlükəsiz olduğunu vurğulayan Qebreyesus təxminən dörd il davam edən klinik sınaqlardan sonra təşkilatın dərmandan istifadə barədə qərar verdiyini açıqlayıb.

 

AVROPADA QAZIN QİYMƏTİ KƏSKİN UCUZLAŞIB

Avropa birjalarında təbii qazın qiyməti oktyabrın 7-də min kubmetr üçün 1000 dollardan aşağı düşüb. “Trend”in məlumatına görə, Niderlandın “TTF” habında təbii qazın min kubmetri 973 dollara alınıb-satılır. Qiymət günün əvvəlində 1250 dollara bərabər olub.

Qeyd edək ki, ötən gün birjalarda təbii qazın qiymətləri 1957 dollaradək yüksəlsə də, daha sonra kəskin şəkildə 1325 dollaradək ucuzlaşıb.

Məlumata əsasən, ötən günlə müqayisədə ucuzlaşma 22 faiz təşkil edib.

Xatırladaq ki, bu il avqustun sonunda təbii qazın min kubmetri 590 dollar idi.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.