Maraq dünyamız
Maraqlı

Maraq dünyamız

İnsanlar ölümsüz ola bilərmi?

Dünyadakı bütün canlıların axır-əvvəl bir gün məhv olması həyatın qanunudur. Bu fikir çox da təsəlliverici olmasa da, təəssüf ki ölüm yaşamaq üçün ödəməli olduğumuz qaçılmaz bədəldir. Ancaq tibb və texnologiya inkişaf etdikcə insanların ömrü də uzanır. Bəs insan ömrü bu sürətlə artmağa davam edərsə, bir gün ölümsüz ola bilərikmi?
Elm adamları nanotexnologiya ilə bioloji yaşlanmanı dayandırmaq, beyin çipləri vasitəsilə insanları daha ağıllı etmək və kosmos texnologiyalarının inkişafı sayəsində həyatımızın ətraf mühitə təsirlərini aradan qaldırmaqla çox yaxın gələcəkdə ölümsüzlüyün mümkün ola biləcəyini iddia edirlər.
Sonsuz yaşamaq üçün ilk növbədə bədənin qocalma sürətini dayandırmaq lazımdır. Təbiətdə artıq bu problemi həll edə biləcək bir qrup heyvan növü var. Məsələn, meduzaya bənzəyən onurğasız hidra yeni hüceyrələr yaratmaq üçün daim bölünən kök hüceyrələrdən ibarətdir. Daimi yeni hüceyrə axını hidranın özünü cavanlaşdırmasına və sonsuza qədər gənc qalmasına imkan verir. Alimlər insanlarda da buna bənzər prosesi yaratmaq üçün hüceyrələrin yaşlanmasını dayandırmaq və xəstəliklərin qarşısını almağın mümkün olduğunu söyləyirlər.
Ancaq yeni tədqiqatlar göstərir ki, nanotexnologiyanı ehtiva edən gələcək texnologiyalarla, insanlar bioloji hüdudlarını aşa bilər. Bu, 400 nanometrdən aşağı olan materialların yenidən dizayn edilməsi deməkdir. Kiçik maşınlar qanda dövr edərək qocalmanın qarşısını almaqla bəlkə də zaman keçdikcə hüceyrələrdəki zərərləri də aradan qaldıra bilərlər.


İnsanlar hələ də təkamül edirmi?

Təkamül dedikdə ağlımıza ilk olaraq fikir "təbii seleksiya" (seçmə) və ya “ən güclü olanın sağ qalması” fikri gəlir. Məsələn, ət uğrunda mübarizə apardığımız Daş dövrü üçün bu fikir daha məntiqli görünürdü. Bu ifadələr indiki dövr üçün də keçərlidirmi?
Biz insanlar demək olar ki, dünyanın hər yerində məskunlaşmışıq. Yaşadığımız dünyanı formalaşdıran texnologiyaları və mədəniyyətləri inkişaf etdirmişik. Bəs özümüz necə, hələ də inkişaf edirikmi?
Elm adamları bu sualı "bəli" deyərək cavablandırırlar. Lakin onlar bizim təkamüllə bağlı yanlış fikirlərə sahib olduğumuzu da söyləyirlər. Belə ki, alimlər təkamül kimi bildiyimiz "təbii seleksiya" ilə "ən güclü olanın sağ qalması" ifadələrinin ayrı-ayrı mənalar kəsb etdiyini bildirərək  belə izah ediblər: Təkamül sadəcə bir populyasiyanın zamanla dəyişməsi, təbii seleksiya isə təkamülün baş verə biləcəyi bir mexanizmdir.
Alimlər, təkamülün hələ də bir sıra mexanizmlərlə, yəni zamanla genlərimizdəki dəyişikliklərlə gerçəkləşdiyini söyləyirlər. DNT-dəki dəyişikliklər bizə nəzərəçarpacaq dərəcədə təsir göstərməsə də, "genetik sürüşmə" adlanan fərqli bir mexanizm ilə irəliləyərək heç bir seçimə ehtiyac duymadan bu gün də davam edir.
Əslində bu seçimləri özümüz yaradırıq. Məsələn, bütün məməlilər kimi insanlar da süd verməyi dayandırdıqda südü həzm etmək qabiliyyətini itirərlər. Əslində bu seçimlə özümüzə təzyiq göstərdiyimiz təbii seçmə nümunəsidir. Bu səbəbdən təkamül, təbii seleksiya və genetik sürüşmə kimi fərqli mexanizmlər vasitəsilə davam edir. Ətrafımızdakı bütün şərtlər bizim üçün uyğun olsa belə, yenə də inkişaf edirik.

 

Yağışdan sonra havadan gələn xoş qoxunun səbəbi nədir?

Düzgün işləyən qoxu sisteminə sahib olan hər kəs, yəqin ki, təzə yağış qoxusunu tanıyır. Yağış qoxusu demək olar ki, hər kəsə xoşbəxtlik hissi bəxş edir. Görəsən, yağışdan sonra nə baş verir ki, hava bu qədər gözəl qoxuyur?
Əslində, bu prosesin baş verməsinin səbəbi bitkilərlə yanaşı bir az da kimya ilə əlaqədardır. Yağışdan sonra gələn xoş qoxu "petrichor" adlanır. Bu söz daş mənasını ifadə edən  "Petra" və mifoloji Yunan tanrılarının damarlarında axan maye anlamını verən "ichor" sözündən gəlir. Ehtiyac duyduğumuz bu qoxu damarlarımızdakı qanda da mövcuddur. Bu termini ilk dəfə 1964-cü ildə, yağışdan sonra gələn qoxunu araşdıran iki avstraliyalı alim işlətmişdir.
Alimlər göstərir ki, quraqlıq dövründə bəzi bitkilər torpaqda və süxurlarda udulmuş yağları saxlayır və uzun sürən bir quraqlıq dövründən sonra ilk yağışlarda bu yağlar geosmin adlı maddə ilə birləşərək havaya nüfuz edir. Geosmin, spin istehsal edən aktinomiset adlı bir torpaq bakteriyası tərəfindən istehsal olunan kimyəvi maddədir. Əslində məsələ bununla da bitmir. Bəs, bu qoxu havaya necə yayılır?
Elm adamları, 2015-ci ildə yüksək sürətli kameralardan istifadə edərək qoxunun havaya necə yayıldığını müəyyən etdilər. Yağış damlası keçirici bir səthə düşəndə içərisindəki hava boşluqları sıxışaraq yuxarı qalxır və damcının səthində partlayaraq aerozol adlanan mikroskopik hissəciklər buraxır. Beləliklə, bu aerozollar küləklə yayılaraq xoş qoxunu bizə çatdırır.

 

Hıçqırıqların səbəbi nədir?

Hıçqırıqlar diafraqmanın ani və ya qeyri-iradi daralması nəticəsində baş verir. Diafraqma tənəffüs prosesində mühüm rol oynayan ağciyərlərin altındakı günbəz formalı bir əzələdir. Nəfəs aldığımız zaman diafraqma daralaraq aşağıya doğru hərəkət edir ki, bu da qabırğanın genişlənməsinə, ağciyərlərdən havanın çıxmasına səbəb olur.
Qırtlağın yuxarı hissəsindəki epiglottis adlanan qapaq, udma zamanı nəfəs borusunu bağlayır, yemək və tüpürcəyin traxeyaya qaçmasına maneə törədir. Diafraqmanın ani və qeyri-ixtiyari daralması havanın ağciyərlərə tez daxil olmasına və epiglottis qapağının qəfildən bağlanmasına səbəb olur. Hıçqırıq zamanı eşitdiyimiz səs bu qəfil hərəkətdən qaynaqlanır.
Diafraqmanın rahatlanmasını təmin edən sinir impulslarının daşınması prosesində ortaya çıxan problemlərin qəfil daralmaya səbəb olduğu düşünülür. Ancaq niyə hıçqırırıq və bunun səbəbi nədir sualına hələ də konkret cavab tapılmayıb.
Çox miqdarda yemək, qazlı içkilər, stress hıçqırıqlara səbəb ola bilər. Ancaq belə hallarda hıçqırıqlar bir neçə dəqiqə ərzində yox olur. Uzun müddət davam edərsə, başqa bir xəstəliklərin əlaməti ola bilər.

 

Hazırladı:

Elenora HƏSƏNOVA,

“Respublika”.