DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

ABŞ RƏSMİSİ: İRANA NÜVƏ SİLAHINA SAHİB OLMAĞA İMKAN VERİLMƏYƏCƏK

“İran nüvə proqramında əhəmiyyətli irəliləyiş əldə edib və nüvə bombası hazırlamaq ərəfəsindədir”. “Teleqraf.com”un xəbərinə görə, bu barədə “Röyters” agentliyi ABŞ-ın Prezident Administrasiyasındakı mənbələrə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, Tehran cəmi bir neçə aya atom bombası hazırlamaq üçün kifayət qədər zənginləşdirilmiş uran əldə edə bilər. “Aydındır ki, bu olduqca narahatedici xəbərdir”, - deyə mənbə qeyd edib.

Agentlik ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Cek Sallivanla İsrail Milli Təhlükəsizlik Şurasının rəhbəri Eyal Xulat arasındakı görüşün detallarını da açıqlayıb. Mənbə ABŞ-ın İranın nüvə probleminin diplomatik həllinə sadiq qalacağını bildirib.

“Lakin Vaşinqton nüvə silahı istehsal edən və sahibi olan başqa bir dövlətin yaranmasının qarşısını almaq üçün müxtəlif üsullardan istifadə etməyə hazırdır. İran heç vaxt nüvə silahına sahib ola bilməz, bu vədimizə tam sadiqik”, - deyə ABŞ-ın rəsmi nümayəndəsi vurğulayıb.

 

YAPONİYANIN YENİ BAŞ NAZİRİ ABŞ PREZİDENTİNƏ ZƏNG EDİB

Yaponiyanın baş naziri Fumio Kisida və ABŞ prezidenti Cozef Bayden arasında telefon danışığı baş tutub. “Trend”in məlumatına görə, bu barədə baş nazir telefon danışığının yekunları üzrə jurnalistlərə açıqlamasında bəyan edib.

Fumio Kisidanın sözlərinə görə, telefon danışığı təxminən 20 dəqiqə davam edib. O deyib: “Yaponiya-ABŞ ittifaqını gücləndirməyə, azad və açıq Hind-Sakit okean bölgəsi konsepsiyasının həyata keçirilməsi üzərində çalışmağa hazır olduğumuzu təsdiqlədik”.

Baş nazir bildirib ki, Cozef Bayden Təhlükəsizlik Müqaviləsinin 5-ci maddəsinə əsasən Yaponiyanı müdafiə edəcəyinə dair öhdəliyini bir daha təsdiqləyib.

Fumio Kisida həmçinin Çin, KXDR, koronavirusla mübarizə məsələləri üzrə əməkdaşlığı davam etdirməyə razılaşıblar.

 

BVF İQTİSADİ TƏNƏZZÜLƏ DAİR PROQNOZUNU AÇIQLAYIB

Beynəlxalq Valyuta Fondu (BVF) 2022-ci ildə inkişaf etmiş ölkələrdə istehsalat rəqəmlərinin pandemiyadan əvvəlki səviyyəyə qayıdacağını güman edir. “Report” agentliyinin xəbərinə görə, bunu BVF-nin icraçı direktoru Kristalina Georgiyeva fondla Dünya Bankının müşavirəsi ərəfəsində keçirilən videokonfransda bildirib.

Təşkilat rəhbəri cari ilin yekununa görə dünyada iqtisadi artım sürətinin 6 faizdən az olacağını gözlədiklərini də diqqətə çatdırıb.

“İyul ayında biz dünya boyu 6 faizlik artım proqnozunu vermişdik. Lakin yenilənmiş proqnozumuzdan da görəcəyiniz kimi, bu il iqtisadi artımın bir qədər azalacağını gözləyirik”, - deyə icraçı direktor vurğulayıb.

Kristalina Georgiyevanın sözlərinə görə, dünya əhalisinin əksəriyyəti peyvəndlənməmiş qalsa, qarşıdakı 5 il ərzində dünya ÜDM-i 5,3 trilyon ABŞ dolları azala bilər.

 

BƏƏ VENERA PLANETİNİN TƏDQİQATI ÜÇÜN MİSSİYA GÖNDƏRƏCƏK

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Venera planetinin və asteroidlər qurşağının tədqiq olunması üçün kosmik proqram işə salıb. “Trend” agentliyinin məlumatına görə, bu barədə BƏƏ-nin vitse-prezidenti və baş naziri, Dubay əmiri Məhəmməd bin Rəşid əl Məktum öz “Twitter” səhifəsində qeyd edib.

BƏƏ-nin baş naziri bildirib ki, bu proqram asteroidlərdən birinin səthinə kosmik aparatın enməsini nəzərdə tutur.

Verilən xəbərə əsasən, missiya Venera planetinin və yeddi asteroiddən ibarət qurşağın tədqiqatını aparacaq. Missiyanın 2028-ci ildə işə salınması planlaşdırılır.

Xatırladaq ki, 2020-ci ilin iyulunda BƏƏ Marsa “Əl-Amal” missiyasını yola salmışdı. Bu il fevralın 9-da missiya Marsın orbitinə çatıb.

 

BAYDEN: DEFOLT TƏHLÜKƏSİ DOLLARIN STATUSUNU TƏHDİD EDİR

“ABŞ Konqresinin dövlət borcunun yuxarı həddinin artırılmasına razılıq verməyəcəyi təqdirdə baş verə biləcək potensial defolt, dolların dünyanın ehtiyat valyutası statusunu təhlükəyə atacaq”. “Report” agentliyinin verdiyi xəbərə görə, bunu ABŞ prezidenti Cozef Bayden bəyan edib.

Bununla yanaşı, prezidentin sözlərinə görə, razılıq əldə edilməsə Amerikanın kredit reytinqi aşağı salınacaq, kredit faizləri isə artacaq.

“Respublikaçılar nəinki işlərini görməkdən imtina edirlər, həm də səlahiyyətlərindən istifadə etməklə iqtisadiyyatı fəlakətli hadisədən qorumaqla bağlı görəcəyimiz işlərə mane olacaqları ilə hədələyirlər. Ölkəni xilas etməyə kömək etmək istəmirsinizsə, onda onu məhv etməmək üçün yoldan çəkilin”, - deyə Cozef Bayden vurğulayıb.

Bayden həmçinin, ABŞ-ın borc öhdəliklərini yerinə yetirməyəcəyinə zəmanət verə bilməyəcəyini söyləyib. Amerika lideri bu problemin həllinin respublikaçıların Konqresdəki davranışlardan asılı olacağını vurğulayıb.

 

BRİTANİYA RƏSMİLƏRİ KABİLDƏ “TALİBAN” LİDERLƏRİ İLƏ GÖRÜŞÜB

Böyük Britaniyanın baş naziri Boris Consonun Əfqanıstan üzrə xüsusi nümayəndəsi Saymon Qass Kabildə “Taliban” liderləri ilə görüşüb. “APA”nın xəbərinə görə, bu barədə Britaniyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Britaniyanın Əfqanıstandakı Missiyasının müvəqqəti işlər vəkili Martin Lonqden də Saymon Qassla birlikdə “Taliban”la danışıqlar aparmaq üçün Əfqanıstana gedib.

Verilən xəbərə görə, Britaniya rəsmiləri Mövləvi Əmir Xan Muttəqi, Molla Əbdül Qani Baradar və Mövlavi Əbdül-Salam Hənəfi də daxil olmaqla “Taliban”ın yüksək səviyyəli üzvləri ilə görüşüblər.

Görüşdə Əfqanıstandakı humanitar böhranın və ölkənin terrorçuların yuvasına çevrilməsinin qarşısını almağın yolları müzakirə olunub.

 

“FACEBOOK” SERVERLƏRİN ÇÖKMƏSİNİN SƏBƏBİNİ AÇIQLAYIB

“Facebook” sosial şəbəkəsinin oktyabrın 5-də serverlərinin çökməsi magistral marşrutizatorların konfiqurasiyasının yanlışlıqla dəyişdirilməsi nəticəsində baş verib. “Trend”in məlumatına görə, bu barədə “Facebook”un nöqsan aradan qaldırıldıqdan sonra yaydığı bəyanatda bildirilir.

Qeyd edək ki, magistral marşrutizatorlar müxtəlif data mərkəzləri arasında məlumatın ötürülməsini təmin edən avadanlıqlardır.

Bəyanatda qeyd olunur ki, mühəndislər konfiqurasiyada yanlışlıqla dəyişikliklər edib və nəticədə data mərkəzləri arasında əlaqə pozulub.

Eyni zamanda “Facebook” şirkətinin ofisində elektron qurğular da sıradan çıxıb ki, bununla əlaqədar əməkdaşlar giriş kartları ilə ofisə daxil ola bilməyiblər.

Yaranan qüsur nəticəsində “Facebook” və şirkətə məxsus “Messenger”, “WhatsApp” və “Instagram” yeddi saata yaxın müddət ərzində işləməyib.

Bununla yanaşı, şirkət yayılan məlumatlara baxmayaraq, istifadəçilərin məlumatlarının sızmasının qeydə alınmadığını bəyan edib.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.