ÖLÜMÜYLƏ UCALANLAR 
Region

ÖLÜMÜYLƏ UCALANLAR 

Vətən  üçün  doğulmaq,  Vətən  üçün  yaşamaq,    Vətən  üçün  ölmək  şərəflidir.  Belə  vətən  fədailərindən  biri  də qəhrəmanlığı,  yüksəldiyi  şəhidlik  zirvəsi  ilə  ürəklərdə  yaşayan,  torpaqlarımızın  bütövlüyü  uğrunda   gedən  döyüşlərdə  qəhrəmancasına  şəhid  olan  şəhid  Mayor  Hüseynov  Nazim  Yaqub  oğludur.

O, 1977-ci il oktyabr ayının 1-də İmişlinin  Bəhrəmtəpə  qəsəbəsində  doğulub  boya-başa  çatıb.  Bu gün yaşasaydı, 44 yaşını qeyd edəcəkdi. Vətən müharibəsi zamanı Füzulinin, Cəbrayılın və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Mayor Nazim Hüseynov oktyabrın 8-də Hadrut döyüşləri zamanı şəhid olub və  İmişli  rayonunun Bəhrəmtəpə qəsəbəsindəki qəbiristanlıqda dəfn edilib.

Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamları  ilə  ölkəmizin ərazi  bütövlüyünün  təmin  edilməsi  uğrunda  döyüş  əməliyyatlarında  iştirakına,  hərbi  hissə  qarşısında  qoyulmuş  tapşırıqların  icrası  zamanı  vəzifə  borcunu  şərəflə  yerinə  yetirdiyinə,  şəxsi  igidlik  və  şücaət  nümayiş  etdirdiyinə  görə  Hüseynov  Nazim  Yaqub  oğlu  ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Hərbi xidmətlərə görə”  medalları ilə təltif edilib.

Doğum günündə keçirilən  mərasimdə İmişli  Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, hüquq-mühafizə orqanlarının rəhbərləri  şəhidin yaxınları  və məktəblilər  iştirak etdilər.  Mərasimdə  iştirakçılar tərəfindən şəhidimizin məzarı ziyarət edilib, önünə gül-çiçək dəstələri qoyulub,  ruhuna  dualar oxundu.  RİH başçısı bildirdi ki, rəşadətli Azərbaycan Ordusu 2020-ci ilin 27 sentyabrında başlayan İkinci Qarabağ müharibəsində Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı  İlham Əliyevin rəhbərliyi ilə müasir hərb tarixi üçün nümunə olan əsl qəhrəmanlıq dastanı yazdı. 

 Mərasim   iştirakçıları Nazim  Hüseynovun  ata ocağına gələrək Vətən uğrunda canından keçən şəhidimizə Allahdan rəhmət, ailəsinə səbir dilədilər. Burada çıxış edənlər Nazim Hüseynovun keçdiyi mənalı həyat yolundan söz  açaraq,  vətənimizin bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş şəhidlərin əziz xatirələrinin daim uca tutulacağını qeyd etdilər. Məktəblilər vətənpərvərlik mövzusunda şeirlər səsləndirdilər.

Ərəstun ABDULOV,

              “Respublika”.