DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

MİXEİL SAAKAŞVİLİ GÜRCÜSTANDA SAXLANILIB

Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili Tbilisidə saxlanılıb. “APA”nın verdiyi xəbərə görə, bu barədə Gürcüstanın baş naziri İrakli Qaribaşvili hökumət administrasiyasında keçirdiyi brifinq zamanı bəyan edib.

Baş nazirin sözlərinə görə, axtarışda olan sabiq prezident Tbilisinin Qldani-Nadzaladevi rayonunda saxlanılıb. Mixeil Saakaşvilinin Gürcüstana qeyri-qanuni yollarla daxil olduğu bildirilir.

“Hüquq-mühafizə orqanlarımızın əməkdaşları axtarışda olan Mixeil Saakaşvilinin həbs edilməsi istiqamətində əməliyyat həyata keçiriblər”, - deyə İrakli Qaribaşvili vurğulayıb.

Baş nazir qeyd edib ki, hüquq-mühafizə orqanlarının onun Ukraynadan Gürcüstana hərəkəti barədə daha öncədən məlumatı olub. O əlavə edib ki, M.Saakaşvili penitensiar müəssisəyə yerləşdirilib.

Xatırladaq ki, Mixeil Saakaşvili oktyabrın 1-də öz feysbuk hesabında video yayaraq Batumi şəhərində olduğunu açıqlamışdı.

 

ÇİN: “AUKUS” MÜQAVİLƏSİ NÜVƏ SİLAHLARININ YAYILMASINI ARTIRA BİLƏR

Çin ABŞ, Böyük Britaniya və Avstraliya arasında imzalanan “AUKUS” xüsusi təhlükəsizlik müqaviləsinin bölgədə nüvə silahlarının yayılmasını artıra biləcəyi ilə bağlı xəbərdarlıq edib. “TRT” telekanalının verdiyi xəbərə görə, bu barədə Çinin xarici işlər naziri Van İ bəyan edib.

Çin Cənub-Şərqi Asiya Dövlətləri Birliyi (ASEAN) və digər bölgə ölkələrinin birgə səyləri ilə bölgənin dünyanın ən dinamik və ən sürətlə böyüyən hissəsinə çevrildiyini vurğulayan Vanq nüvə silahlanmasının və ümumi silahlanma yarışının refional rifah və sabitliyə zərər verəcəyini söyləyib.

Bununla yanaşı, Van İ “AUKUS”un bölgədə “soyuq müharibə” düşüncəsinin yenidən canlanmasına səbəb ola biləcəyini vurğulayıb.

Qeyd edək ki, “AUKUS” müqaviləsinə əsasən, Avstraliyanın Adelaida şəhərində nüvə enerjisi ilə işləyən ən azı 8 sualtı qayığın inşa ediləcəyi açıqlanmışdı.

 

UKRAYNA ƏRDOĞANDAN DƏSTƏK İSTƏYİB

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba prezident Vladimir Zelenskinin Rusiya tərəfindən saxlanılan Ukrayna vətəndaşlarının sərbəst buraxılmasına yardım etməsi üçün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğandan xahiş etdiyini bildirib. Bu barədə “TRT” telekanalı məlumat yayıb.

Dmitri Kuleba Vladimir Zelenski və Rəcəb Tayyib Ərdoğanın BMT-nin 76-cı Baş Assambleyasına qatıldıqları Nyu-York şəhərində təkbətək və nümayəndə heyətləri arasında uzun danışıqlar keçirdiklərini xatırladıb.

Ukrayna XİN başçısı bildirib ki, görüş zamanı Vladimir Zelenski Türkiyə prezidentinə Krım Tatar Milli Məclisi sədrinin müavini Nəriman Cəlal da daxil olmaqla 450 ukraynalı məhbusun siyahısını təqdim edib.

Ərdoğanın Rusiya prezidenti Vladimir Putindən onlar üçün xahiş etməsini istədiyini ifadə edən Dmitri Kuleba ukraynalıları Rusiya həbsxanalarından azad etmələrinin vacibliyini dilə gətirib.

 

QAZIN QİYMƏTİNİN KƏSKİN BAHALAŞMASI BRİTANİYADA ŞİRKƏTLƏRİ MÜFLİS EDİB

Böyük Britaniiyada qazın qiymətinin artması ilə əlaqədar bir sıra enerji tədarükçüləri müflisləşdiyini elan ediblər. “Trend” agentliyinin verdiyi xəbərə görə, bu həftə üç enerji tədarükçü şirkəti - “Igloo Energy Supply”, “Enstroga” və “Symbio Energy” müflis olub.

“Igloo Energy Supply” öz açıqlamasında yüksək qaz qiymətləri ilə əlaqədar mövcud şəraitlərdə işləməyin mümkün olmadığını bildirib.

Ümumilikdə avqustun əvvəlindən başlayaraq Böyük Britaniyada 1,7 milyon abunəçiyə xidmət göstərən beş enerji tədarükçüsü fəaliyyətini dayandırıb.

Qeyd edək ki, Avropa birjalarında oktyabrın 1-də təbii qazın qiyməti min kubmetr üçün 1200 dollara çatıb. Halbuki avqustun sonunda təbii qazın min kubmetri 590 dollar təşkil edirdi.

 

TÜRKİYƏ TƏHLÜKƏSİZLİK ŞURASININ İCLASI KEÇİRİLİB

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib. “Report”un verdiyi xəbərə görə, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

İclasda iqlim dəyişikliyi ilə qlobal mübarizə, Əfqanıstanda humanitar vəziyyət, Suriya xalqının təhlükəsizliyi, Aralıq dənizindəki proseslər müzakirə olunub.

Daha sonra Türkiyənin Əfqanıstan xalqının firavanlığı və təhlükəsizliyi istiqamətində səylərini davam etdirəcəyi vurğulanıb. Həmçinin Əfqanıstanda humanitar böhranın qarşısının alınması üçün birgə qlobal səylərin göstərilməsi qeyd edilib.

Bununla yanaşı, iclasda Suriyada silahlı qruplaşmaların dinc insanları hədəfə alan və sabitliyə ziyan vuran hərəkətlərinin qarşısının alınması üçün Türkiyənin apardığı siyasi xətt xüsusilə vurğulanıb.

 

ABŞ-DAN İRANA SON XƏBƏRDARLIQ

ABŞ-ın dövlət katibi Entoni Blinken İranın nüvə razılaşmasına qayıtması vaxtının bitdiyi barədə növbəti dəfə xəbərdarlıq edərək, rəsmi Tehranın hərəkətə keçməsinin vacibliyini dilə gətirib. “Teleqraf.com”un verdiyi xəbərə görə, E.Blinken İranın düşünmək üçün vaxtının olmadığını bildirib.

Dövlət katibi ABŞ prezidenti Cozef Baydenin Vaşinqtonun 2015-ci il müqaviləsinə qaytarmağa hazır olduğu açıqlamasını təkrarlayıb.

Blinken qeyd edib ki, İran nüvə proqramında əldə etdiyi irəliləyişlər səbəbindən yenidən Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin şərtlərinə qayıtmaqla razılaşmadan faydalana bilməyəcək. Onun sözlərinə görə, Bayden administrasiyası aylardır İranla Vyanada aparılan danışıqlarda öz xoş niyyətini ortaya qoyub.

İran İbrahim Rəisinin prezident seçilməsindən sonra siyasi kursun dəyişməsi səbəbindən iyun ayında danışıqlarda fasilə istəyib. Danışıqların bərpası üçün tarix müəyyən edilməyib.

 

EKVADOR HƏBSXANASINDA QANLI QƏTLİAM

Ekvadorun qərbində yerləşən həbsxanada baş verən toqquşmalarda ən azı 116 nəfər həlak olub, 80 nəfər isə yaralanıb. “Teleqraf.com”un verdiyi xəbərə görə, bu barədə ölkə prezidenti Gilyermo Lasso bəyan edib.

Prezidentin sözlərinə görə, nizamı bərpa etmək və yeni zorakılıq epizodlarının qarşısını almaq üçün ölkənin penitensiar sistemində 60 gün müddətində fövqəladə vəziyyət elan edilməsi haqqında fərman imzalayıb.

Qeyd edək ki, həbsxanada toqquşmalar çərşənbə axşamı baş verib. Hakimiyyət rəsmiləri bildiriblər ki, silahlı toqquşmanın səbəbi müxtəlif dəstə nümayəndələri arasında baş verən münaqişə olub.

 

BÖYÜK BRİTANİYADA İNDİ DƏ QƏSSAB ÇATIŞMAZLIĞI YARANIB

Yanacaq böhranı ilə çətin günlər keçirən Böyük Britaniyada indi də qəssab qıtlığı yaranıb. “Teleqraf.com”un verdiyi xəbərə görə, hökumət ölkədə təlim keçmiş qəssab çatışmazlığı olduğunu açıqlayıb.

Bildirilir ki, Böyük Britaniyanın Nazirlər Kabineti xaricdən qəssabların gəlməsi üçün viza qaydalarındakı sərtliyi aradan qaldırır.

 Eyni zamanda, hökumət qəssabların ölkəyə gəlişi üçün ingilis dilini yaxşı səviyyədə bilmək tələbini də yumşaldır. Miqrasiya sisteminə görə, İngiltərədəki qəssablar ixtisaslı işçi sayılır və ölkəyə maneəsiz gələ bilərlər. Ölkəyə təxminən 1000 əcnəbi qəssab gətirmək planlaşdırılır.

Britaniyanın Ət Emalı Dərnəyinin məlumatlarına görə, hazırda supermarketlərdə ət satmaq üçün 15 min işçiyə ehtiyac var. Dərnək ingilis qəssabların maaşlarının və minimum əmək haqqının artırılmasını da təklif edib.

Məlumat üçün qeyd edək ki, Böyük Britaniyada təhsilli qəssab ildə 37 min funt-sterlinq qazanır.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.