Maraq dünyamız
Maraqlı

Maraq dünyamız

GMO genlərimizə təsir edə bilərmi?

Son vaxtlar insanlarda narahatçılıq doğuran suallardan biri də genetik modifikasiya olunmuş qidaların, yəni GMO-ların təhlükəli olub-olmamasıdır. Görəsən, bu qidaları orqanizmimiz üçün təhlükə mənbəyi hesab etməliyikmi? Bəs qida mütəxəssisləri bu barədə nə deyir?
İlkin olaraq, GMO nədir sualına aydınlıq gətirək. GMO müasir biotexnologiya üsulu ilə müxtəlif mənşəli canlı orqanizmlərin geninin kombinasiyası vasitəsilə əldə edilmiş istənilən canlı orqanizmdir. Bu zaman heyvan geninin bitkiyə, yaxud əksinə, bitki geninin bitkiyə, heyvan geninin isə heyvana köçürülməsi baş verir. Burada əsas məqsəd donor orqanizmlərdən arzu olunan əlamətləri idarə edən genlərin köçürülməsi və onların yeni sahib orqanizmdə sintez olunmasıdır.
Sevindirici xəbər odur ki, qida təhlükəsizliyi mütəxəssislərinin böyük əksəriyyəti bitkilərdən heyvanlara qədər geni dəyişdirilmiş orqanizmlərin ümumiyyətlə, insan istehlakı üçün təhlükəsiz olduğunu düşünürlər. Onların fikrincə, bu qidalar insan geninə təsir etmir. Bişmiş və ya emal olunmuş qidalarda DNT-lərin məhv olması, yaxud parçalanmasına baxmayaraq, əksəriyyətində az da olsa genlər qalır, lakin həzm sistemimiz onları genetik quruluşumuza heç bir təsir etmədən parçalayır. Qidalar bişirilərkən və ya emal edilərkən mənşəyindən asılı olmayaraq DNT molekullarının tamamilə parçalanmasına səbəb olur. Eyni şəkildə yeyilən DNT-lərin çoxu həzm sistemimiz tərəfindən parçalanır. Lakin az miqdarda parçalanmış DNT-lər heç bir təsir olmadan qana və orqanlara keçə bilər. Bu isə genlərimizə təsir etmir.

 

Niyə yaşlandıqca dərimiz qırışır?

Dərimiz yaşlanmanın təsirlərini ən aydın şəkildə üzə çıxaran orqandır. Dəridəki qırışların əsas səbəbi yaşlanma olsa da, digər amillər də buna səbəb ola bilər.
Dərinin üst təbəqəsi olan epidermisin tərkibində keratin miqdarı yüksəkdir. Keratin dəriyə mexaniki müqavimət göstərən komponentdir. Epidermisin altındakı dermis təbəqəsi daha qalındır, sinirləri, qan damarlarını, dərini sıx, möhkəm tutan kollageni və ona elastiklik verən elastini ehtiva edir. Yaşlandıqca bu zülalların istehsalı azalır. Məsələn, iyirmi yaşdan sonra dermis qatında kollagen istehsalı hər il təxminən bir faiz azalır. Bundan əlavə, bu zülallar qalınlaşmağa və topa bənzər bir forma almağa başlayır. Elastin və kollagen zülallarının kimyəvi quruluşundakı bu dəyişikliklər dərinin elastikliyinin itirilməsinə,  asanlıqla deformasiyaya uğramasına, beləliklə, qırışların meydana gəlməsinə səbəb olur.
Bundan əlavə, ultrabənövşəyi dalğa uzunluqlarında yüksək enerjili şüalara məruz qalma da təbii yaşlanma prosesini və qırışların əmələ gəlməsini sürətləndirən əhəmiyyətli faktordur. Dalğa uzunluğu 315 nanometrdən çox olan ultrabənövşəyi şüalar (UVA) dərinin dermis qatına nüfuz etməklə kollagen zülallarını zədələyir. Bu da dərinin sərtləşməsinə və qırışların əmələ gəlməsinə səbəb olur.

 

Yuxuları idarə etmək mümkündürmü?

Yuxuları idarə etmək qabiliyyəti daha çox elmi fantastika kimi görünsə də, ona təsir etmək üçün bir sıra üsullar mövcuddur. Alimlər fərqli üsullardan istifadə etməklə, istədiyimiz yuxunu görə biləcəyimizi iddia edirlər.

Xəyalların ümumiyyətlə, REM yuxusu (sürətli göz hərəkəti) mərhələsində meydana gəldiyi düşünülür. Bu mərhələ zamanı görülən yuxularda məntiqi düşüncə və qısamüddətli yaddaşdan cavabdeh olan beynin frontal bölgəsi hərəkətsiz olur. Ancaq bu bölgənin idarə edilə bilən yuxu zamanı oyaq vəziyyətdə olduğu düşünülür. Məntiqlə xəyalın eyni zamanda aktiv olduğu bu vəziyyət yuxunu idarə etmək imkanı yarada bilər.
Nəzarət edilə bilən yuxugörmə ehtimalını artırmaq üçün müxtəlif üsullardan istifadə olunur. Məsələn, gün ərzində daim şüurlu olduğunuzu xatırlamaq (reallıq testi) bu üsullardan biridir. Şüurumuzun yerində olduğu zamanlarda bu vəziyyətin təkrarlanaraq vərdiş halına gəlməsi, etdiklərimizin fərqinə varmağı artıraraq, məntiqə zidd bir hərəkəti məsələn, xəyalən uçduğumuz zaman bizə yuxuda olduğumuzu dərk etdirə bilər.

 

Qalaktikaların mərkəzində nə üçün qara dəliklər var?

Əksər qalaktikaların nüvələrində supermassiv qara dəliklərin olması astronomları düşündürən və mübahisələrinə səbəb olan mövzudur.
Bəzi qalaktikaların nüvələrində superkütləvi qara dəliklərin olduğuna dair dəlillər hələ 1960-cı ildə aşkar edilmişdir. O vaxtdan bəri ulduz orbitləri üzərində aparılan araşdırmalar göstərdi ki, hətta Süd Yolu kimi nisbətən sakit qalaktikalar da böyük qara dəliklərə sahibdir. Ancaq onların mənşəyi hələ də alimlərə bir sirr olaraq qalır. Qalaktikaların mərkəzində bir çox kiçik qara dəliklərin, nəhəng qaz buludlarının cazibə qüvvəsi ilə çökərək meydana gəlməsi ehtimalı da var.

 

İnsanın qan qrupu dəyişə bilərmi?

Qan qrupu irsi xüsusiyyətlərdən biridir. Fərqli qan qrupları qırmızı qan hüceyrələrindəki antigenlərin növünə və plazmada olan antikorlara görə təsnif edilir. Bunlardan ən məşhuru A, B və O sistemi ilə Rh sisteminin birlikdə istifadə edildiyi təsnifatdır.
Qan hüceyrələrinin əksəriyyəti bəzi sümüklərin boşluqlarında yerləşən sümük iliyi tərəfindən istehsal olunur. Sümük iliyi transplantasiyası bəzi qan, sümük xəstəliklərinin və müəyyən xərçəng növlərinin müalicəsində istifadə edilən bir üsuldur. Bu prosesdən sonra insanın qan qrupu dəyişə bilər.
 Transplantasiyadan əvvəl xəstəyə yüksək dozada şüa verilir, bu da onun sümük iliyinin funksiyasını itirməsinə və qan hüceyrələrinin məhv olmasına səbəb olur. Daha sonra donordan alınan sümük iliyi kök hüceyrələri xəstəyə köçürülür. Proses başa çatdıqdan bir neçə həftə sonra xəstə donorun qan qrupunu daşıyır.
Bundan əlavə, bəzi xəstəliklər çox nadir də olsa qan qrupu dəyişikliyinə səbəb ola bilər. Hətta bu yaxınlarda amerikalı alimlər qırmızı qan hüceyrələrinin səthindəki A və B antigenlərini çıxaran bir ferment tapıblar. Bu tapıntı qan qrupunun süni şəkildə dəyişdirilə biləcəyi anlamına gəlir.


Hazırladı:

Elenora HƏSƏNOVA,

“Respublika”.