Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi Qrupun növbəti iclası olub
Digər xəbərlər

Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi Qrupun növbəti iclası olub

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli məqsədilə yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Minalardan və partlamamış hərbi sursatlardan (PHS) təmizləmə üzrə İşçi Qrupunun növbəti iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasda Azərbaycan Respublikasının Nazirlər Kabinetin, Xarici İşlər, Müdafiə, İqtisadiyyat, Fövqəladə Hallar nazirliklərinin, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) və Dövlət Sərhəd Xidmətinin nümayəndələri iştirak ediblər.

Azad edilmiş ərazilərdə mina və partlamamış hərbi sursatların təmizlənməsi fəaliyyətinin icra olunması işlərinin əlaqələndirilməsi məqsədilə aidiyyəti dövlət orqanlarının nümayəndələrinin cəlb olunduğu İşçi Qrupda işğaldan azad edilmiş ərazilərdə təmizləmə fəaliyyətinə dair hesabatlar dinlənilib. Həmçinin hesabatlarda əksini tapmış məsələlər müzakirə olunub.

İşğaldan azad edilmiş ərazilərdə ANAMA tərəfindən icra edilən humanitar minatəmizləmə fəaliyyətinin gedişi barədə məlumat verilib. Qeyd olunub ki, 2020-ci il noyabrın 10-dan bu günədək 5430 hektar ərazi təmizlənib, 24 min 925 mina və PHS aşkarlanıb. Carı il ərzində isə 4854 hektar ərazi təmizlənib, 14 min 884 mina və PHS aşkarlanaraq zərərsizləşdirilib.

Müdafiə Nazirliyi tərəfindən həyata keçirilən minatəmizləmə əməliyyatları barədə təqdim olunmuş məlumata əsasən, cari il sentyabrın 1-dən 23-dək nazirliyin mühəndis bölmələri tərəfindən Ağdam, Cəbrayıl, Füzuli, Xocavənd və Qubadlı rayonlarında 1119 hektar ərazi təmizlənib, 91 PHS aşkar edilib. Cəbrayıl, Zəngilan və Füzuli rayonları üzrə çoxillik əkin sahələrinin təmizlənməsi başa çatıb, Qubadlı rayonunda isə 71 hektar ərazinin təmizlənməsi yekunlaşmaq üzrədir. Bu sahələrdən 1628,626 hektar ərazi təmizlənib. Təmizlənməli ərazi isə 427 hektardır. Ümumilikdə 12 min 14 hektar ərazi mina və partlayıcı sursatlardan təmizlənib.

Müdafiə Nazirliyinə verilmiş yeni layihə olan Ağdam rayonunun Xaçınarx-1 və Xaçınarx-2 kanalı, eləcə də subartezian quyularının təmizlənməsi əməliyyatlarına sentyabrın 27-dən başlanılıb.

İşğaldan azad edilmiş ərazilərdə Fövqəladə Hallar Nazirliyi tərəfindən icra olunan əməliyyatlar barədə sentyabrın 13-də məlumatların təqdim olunduğu bildirilib. Şəxsi heyətin müxtəlif ölkələrdə təlim keçməsi səbəbindən ANAMA tərəfindən onların uyğunlaşdırma təliminə cəlb edilməsi, eləcə də FHN-in 38 əməkdaşının Agentlik tərəfindən təlimlərdən sonra akkreditasiyadan keçirilməsi bildirilib.

Dövlət Sərhəd Xidməti tərəfindən həyata keçirilən minatəmizləmə əməliyyatları barədə təqdim olunmuş məlumata əsasən, ümumilikdə 286 hektar ərazi təmizlənib, 2976 mina və partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

İclasda Müdafiə Nazirliyi tərəfindən təmizlənmiş ərazilərin məlumatları və koordinatlarının ANAMA-nın İnformasiya şöbəsinə dolğun və uyğun şəkildə ötürülməsinə dair fikir mübadiləsi aparılıb. Həmçinin süni intellektdən istifadə edərək mina sahələrinin müəyyənləşdirilməsi mövzusu müzakirə olunub. Məlumat verilib ki, xarici şirkət tərəfindən təqdim olunmuş dronlar artıq test edilib, yersəthi və yeraltı həm plastik, həm də metal minaların aşkarlanmasında, minalı və şübhəli sahələrin müəyyənləşdirilməsində təsdiqini tapıb. Gün ərzində hava şəraitindən asılı olaraq 150-200 hektar ərazinin çəkilişi aparılır. Çəkilmiş ərazinin emalı isə 4-5 gündən sonra xəritə üzərində təyin edilir.

Müzakirələrdə əhalinin təmizlənmiş ərazilərə köçəcəyi dövrdə mina və partlayıcı sursatların təhlükəsinə dair yarana biləcək risklərin azaldılması məqsədilə görüləcək işlərə dair təkliflərin hazırlanması vurğulanıb. Bildirilib ki, ilk olaraq Zəngilana, infrastruktur layihələri başa çatdıqca isə digər rayonlara da vətəndaşların köç edilməsi başlayacaq. Bu isə öz növbəsində risklərin daha çox artmasına səbəb ola bilər. Baxmayaraq ki, maarifləndirmə fəaliyyəti həyata keçirilir, lakin köç prosesindən sonra təkcə bu fəaliyyətlə risklərin öhdəsindən gəlmək mümkün olmayacaq. Artıq qarşıda fərqli risklər və öhdəliklər durur. Bu mövzunun daha geniş müzakirəsi, müxtəlif şirkətlərdə çalışan insanların təhlükəsizliyinin təmin edilməsi, onları bu risklərdən qorumaq üçün görülə biləcək tədbirlər ətrafında fikir mübadiləsinin aparılması, eləcə də bu sahədə qurumların birgə kommunikasiya konsepsiyasının hazırlanması məqsədilə aidiyyəti qurumların nümayəndələrinin Zəngilana mümkün səfəri müzakirə olunub.

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 noyabr tarixli Sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahına Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev rəhbərlik edir.

AZƏRTAC