DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

TÜRKİYƏ PREZİDENTİNDƏN ABŞ-A GÖZLƏNİLMƏZ TƏKLİF

Amerika qoşunları Əfqanıstandan çıxarılandan sonra ABŞ Suriya və İraqla bağlı da eyni addımı atmalıdır. “Sputnik” informasiya agentliyinin məlumatına görə, bu fikri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

“Əlbəttə, əgər mənim seçim imkanım olsaydı, onların eynilə Əfqanıstandan olduğu kimi Suriya və İraqdan da çıxarılmasını istərdim. Əgər biz bütün dünyada sülh məqsədlərinə xidmət etmək istəyiriksə, bu ölkələrdə qalmağın mənası yoxdur”, - deyə Ərdoğan “CBS” telekanalına müsahibəsində bildirib.

Türkiyə lideri qeyd edib ki, bu ölkələrin xalqları və hökumətləri müstəqil şəkildə qərar qəbul etmək hüququna malikdirlər.

Bununla yanaşı, Ərdoğan vurğulayıb ki, Türkiyə Suriya Ərəb Respublikasında mövcudluğunu bu ölkənin bərpasına yardım etmək məqsədilə saxlayır. “Biz Suriyada 10 min evin tikintisi ilə məşğuluq. İnsanları, ailələri öz vətənlərindən qovub çıxarıblar. Biz onlar üçün ev tikirik. Mənə maraqlıdır ki, başqa ölkələr orada nə işlə məşğuldur? Bunu anlamaq çox vacibdir”, - deyə prezident bildirib.

 

ALMANİYADA ANGELA MERKEL DÖNƏMİ BAŞA ÇATDI

Almaniyada təxminən 60,4 milyon seçicinin iştirak etdiyi və kansler Angela Merkelin namizədliyi olmadan keçirilən parlament seçkiləri başa çatıb. “Teleqraf.com”un verdiyi xəbərə görə, ilkin açıqlamalarda Sosial Demokrat Partiyasının (SDP) 25,7 faiz səslə birinci yerdə olduğu bildirilib. Beləliklə, SPD 2017-ci il seçkilərinə nisbətən səslərini 5 faiz artırıb.

Xristian-Demokratik İttifaqı/Xristian-Sosial İttifaqı (XDİ/XSİ) 24,1 faiz səslə ikinci yerdədir. Yaşıllar Partiyası isə 4 il əvvəlki seçkilərlə müqayisədə səs nisbətini 4,9 faiz artıraraq 14,8 faizə çatdırıb. Beləliklə, Yaşıllar Partiyası seçkilərdə indiyə qədər ən yüksək səs toplayıb.

XDİ/XSİ partiyalarının kanslerliyə vahid namizədi Armin Laşet XDİ/XSİ-nin liderliyi altında koalisiya qurmaq üçün əlindən gələni edəcəyini bildirib.

Eyni zamanda, SDP-dən baş nazir vəzifəsin namizəd Olaf Skolz seçkilərin nəticələrindən məmnun olduğunu və alman xalqının onu kansler görmək istədiyini bəyan edib.

 

BRİTANİYA BENZİN BÖHRANINI HƏRBÇİLƏRİN KÖMƏYİLƏ HƏLL ETMƏK NİYYƏTİNDƏDİR

Britaniya hökuməti yüksək tələbat səbəbiylə krallığın boş qalan yanacaqdoldurma məntəqələrinə yanacaq tədarükünü təşkil etmək üçün hərbçilərdən istifadə edə bilər. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə “The Times” nəşri hökumətdəki mənbələrinə istinadən məlumat yayıb.

İddiaya əsasən, yanacaqdoldurma məntəqələrinə benzin aparacaq tankerlərin sürücüləri hərbçilər olacaq. Ehtimal edilir ki, baş nazir Boris Conson qısa zaman ərzində logistika böhranının həlli üçün ordunun cəlb edilməsi ilə bağlı qərar qəbul edəcək.

Müvafiq əməliyyata artıq “Escalin” adı verilib və ağır tonajlı yük avtomobillərini idarə etmək hüququna malik hərbçilər yaxın günlərdə müvafiq tapşırıqları yerinə yetirəcəklər.

Nəşrin məlumatına görə, yanacaq şirkətlərinə kömək etmək üçün ölkənin müxtəlif bölgələrindən kifayət qədər sürücü cəlb etmək bir həftə çəkə bilər. Nazirlər Kabineti, bu vaxta qədər yanacağa olan tələbatın azalacağına ümid edir.

 

KORONAVİRUS ƏLEYHİNƏ BURUN SPREYİ KƏŞF EDİLİB

İngiltərədə “COVID-19”a yoluxmanı əhəmiyyətli dərəcədə azaldan yeni virus əleyhinə burun spreyi hazırlanıb. “Teleqraf.com”un verdiyi xəbərə görə, spreyin koronavirusa qarşı 8 saatlıq müdafiə təmin etdiyi bildirilib.

Alimlər “pHOXWELL” preparatının köhnə normal həyata qayıdışımızı sürətləndirə biləcəyini qeyd ediblər.

Spreyi hazırlayan “Raphael Labs” şirkətinin rəhbəri, professor Rakeş Uppal bunun əhəmiyyətli dönüş nöqtəsi olduğunu bəyan edib: “İndi pandemiya ilə mübarizə üçün təsiredici vasitəmiz var”.

Sözügedən sprey koronavirusun yaz dalğasının ən yüksək vaxtında Hindistanda peyvənd edilməmiş 600-dən çox tibb işçisinin üzərində sınaqdan keçirilib. “pHOXWELL” qəbul edənlərin 45 gün ərzində “COVID-19”a yoluxma ehtimalının spreydən istifadə etməyən tibb işçilərilə müqayisədə üç dəfə az olduğu üzə çıxıb.

 

BMT: BƏŞƏRİYYƏTİN NÜVƏ SİLAHI İLƏ MƏHV EDİLMƏSİ TƏHLÜKƏSİ MÖVCUDDUR

Dünya əvvəlki kimi bəşəriyyətin nüvə silahı ilə məhv olması təhlükəsinə yaxındır. “Sputnik” informasiya agentliyinin məlumatına görə, bu fikri BMT-nin baş katibi Antonio Quterreş bəyan edib.

Baş katibin sözlərinə görə, hazırda planetimizdə 14 min vahid nüvə silahı saxlanılır. O nüvə fəlakətindən yayınmaq üçün dünya ölkələrini bu məsələnin həllində konstruktiv tədbirlər görməyə çağırıb.

“Nüvə münaqişəsi buludlarını birdəfəlik dağıtmaq, dünyamızı nüvə silahlarından təmizləmək və yeni bir inam və sülh dövrü yaratmağın vaxtı çatıb”, - deyə Antonio Quterreş vurğulayıb.

Qeyd edək ki, sentyabrın 26-ı bütün dünyada Nüvə Silahlarının Tamamilə Ləğv Olunması Uğrunda Beynəlxalq Mübarizə Günü kimi qeyd olunur. Bu gün BMT Baş Məclisi tərəfindən 5 dekabr 2013-cü il tarixində insanların nüvə silahının təhlükəsi ilə bağlı məlumatlılıq və maarifləndirmə səviyyəsini artırmaq, eləcə də bu təhlükədən birdəfəlik qurtulmağın vacibliyini vurğulamaq məqsədi ilə təsis olunub.

 

“PFIZER” ŞİRKƏTİNİN RƏHBƏRİ PANDEMİYANIN BİTMƏ ŞƏRTLƏRİNİ AÇIQLADI

Hər il koronavirusa qarşı vaksinasiya aparılarsa, pandemiya sona çatacaq və dünya “normal həyata” qayıdacaq. “Trend” agentliyinin məlumatına görə, bunu “ABC News” telekanalına “Pfizer” şirkətinin baş direktoru Albert Burla bildirib.

Şirkət rəhbəri deyib: “Düşünürəm ki, normal həyatımıza qayıda bilərik. Düşünmürəm ki, bu, yeni virusların yaranmayacağı anlamına gəlmir. Hesab edirəm ki, vaksinasiyasız normal həyata qayıda bilmərik”.

Baş direktor əlavə edib ki, alimlər təsiri ən az bir il davam edəcək vaksinlər hazırlaya biləcəklər və bu, öz növbəsində pandemiyaya qalib gəlməyə imkan verəcək.

Albert Burla həmçinin qeyd edib ki, şirkət 5-11 yaşlı uşaqların koronavirusa qarşı peyvənd olunması üzrə aparılan tədqiqatın nəticələrini yaxın günlərdə ABŞ hökumətinə təqdim edəcək. Onun sözlərinə görə, “Pfizer”in peyvəndi bu yaş qruplarında təhlükəsizlik və effektivlik üzrə yüksək nəticə göstərib.

 

İSPANİYADA PÜSKÜRƏN VULKAN QARŞISINA ÇIXAN HƏR ŞEYİ MƏHV EDİR

İspaniyanın Kanar arxipelaqında yerləşən La Palma adasında Kumbre Vyexa vulkanının püskürməsi nəticəsində əmələ gələn lava sentyabrın 19-dan bəri 462 evi məhv edib. “Teleqraf.com”un xəbərinə görə, lava axını bir həftə ərzində 16,4 kilometr yol qət edərək 212 hektar ərazidə heyvandarlıq və kənd təsərrüfatı üçün istifadə olunan 40-dan çox anbar və tövləni də külə döndərib.

İki gün əvvəl vulkanın kraterində yaranmış fasilədən sonra daha sürətli axan lava yamacda yerləşən Todok kilsəsinin yanmasına səbəb olub. Adanın cənubunda 2,5 km məsafə qət edən lavanın saatda 30 metr sürətlə irəlilədiyi bildirilib.

La Palmadakı evlərindən təxliyə edilən təxminən 6 min insan otellərdə, idman salonlarında, qarajlarda və digər ada sakinlərinin evlərində qalır. Adanın üç rayonunda təhsil və digər müəssisələrin fəaliyyəti dayandırılıb.

Bununla yanaşı, 50 il ərzində La Palmada bir vulkanın ilk dəfə fəallaşdığını bildirən mütəxəssislər Kumbre Vyexanın püskürmələrinin daha bir neçə ay davam edəcəyini proqnozlaşdırırlar.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.