Elmi-texniki yeniliklər
Maraqlı

Elmi-texniki yeniliklər

Avtonom robot aşpaz hazırlanıb

Nə vaxtsa evinizdə şəxsi robot aşpazınızın olmasını heç xəyal etmisinizmi? Təsəvvür edin ki, istər səhər, istərsə də axşam yeməyini bir düyməni basmaqla, tam arzuladığınız kimi, ağız dadınıza uyğun  hazırlayan bir robotunuz var. Bunu yəqin ki, kişilərdən daha çox, qadınlar xəyal edər. Artıq bu xəyal gerçəkləşmək üzrədir. Belə ki, “Science of Meals” jurnalında dərc edilən məqalədə, Kolumbiya Universitetinin tədqiqatçıları yeməyin bişirilməsi üçün lazer və yığılması üçün isə 3D çap texnologiyasından istifadə edərək rəqəmsal aşpaz robotu ərsəyə gətirmək üzrə olduqlarından bəhs olunub.
Mexanika Mühəndisliyi kafedrasının professoru Hod Lipsonun rəhbərliyi ilə İnventiv Maşınlar Laboratoriyasının işçiləri “Rəqəmsal Qida” adlı layihələrini yekunlaşdırmağa hazırlaşırlar. Qeyd edək ki, Lipsonun qrupu 2007-ci ildən bəri 3D çaplı yeməklərin hazırlanması ilə məşğuldur.
Komanda çap edilən, lazerlə bişmiş ətlər arasındakı dad fərqini və nəm tutma parametrlərini qiymətləndiriblər. Alimlər lazerlə bişmiş ətin 50 faiz daha az kiçildiyini, ikiqat nəm saxlandığını və ənənəvi qaydada hazırlananlarla müqayisədə dad keyfiyyətinin daha yaxşı olduğunu ortaya çıxarıblar: “Pişirmə prosesi, yeməklərin ləzzətli olması üçün çox vacibdir. Ləzzət və toxumaların inkişafı üçün lazerlə bir üsul ortaya çıxara biləcəyimizi düşündük. Gözübağlı dequstatorlarımız ənənəvi bişmiş nümunələrdən daha çox lazerlə hazırlanan ətlərə üstünlük verdilər. İndi insanların hər bir qidanı hazırlaya bilmələri üçün bu sistemi proqramlaşdırmaqla məşğuluq. Bəyəndiyiniz mahnıları paylaşdığınız kimi, bir gün rəqəmsal yemək reseptlərini də bir-birinizə göndərə biləcəyinizə ümid edirik”- deyə Lipson qeyd edib.

 

Marsda suyun tükənməsinin səbəbi məlum olub

Marsın səthindəki su kütləsinin sürətlə tükənməsi ilə bağlı sual astronomları çaşdırmağa davam edərkən, yeni araşdırma ağla gəlməyən bir faktoru ortaya qoyub. Sent-Luis-Vaşinqton Universitetində aparılan yeni araşdırma bunun əsas səbəbini Qırmızı planetin çox miqdarda su tuta bilməyəcək qədər kiçik olması ilə əlaqələndirib.
1980-ci ildən bəri aparılan uzaqdan zondlama tədqiqatları və Marsdan gələn meteoritlərin təhlili planetin bir zamanlar Yerdəki kimi su ilə zəngin olduğunu sübut etmişdir. NASA-nın Viking orbital kosmik gəmisi, Curiosily, İnadkarlıq zondları vasitəsilə Marsda çay, krater və daşqın kanallarının izləri ilə bağlı heyrətamiz dəlillər tapmışdır.
Bu dəlillərə baxmayaraq, planetin səthində heç bir maye suyun tapılmaması tədqiqatçıların bir sıra ehtimalları irəli sürməsinə səbəb oldu. Onların arasında, Marsın zəifləyən maqnit sahəsinin qalın atmosferin itirilməsi ilə nəticələnə bilmə ehtimalı da var. Ancaq “PNAS” jurnalında nəşr olunan araşdırmaya görə, Marsda suyun tükənməsinin əsas səbəbi planetin sahəsinin kiçikliyi ilə bağlıdır.
“Həyatı dəstəkləmək və piltə tektonikasını davam etdirmək üçün qayalı planetlərdə kifayət qədər suyun var ola bilməsi böyük bir sahə tələb edir. Bu hədd Marsın kütləsini aşır”-araşdırmanın həmmüəllifi Vaşinqton Universitetinin professoru Kun Wang izah edib.
Wang və əməkdaşları kalium elementinin sabit izotoplarından istifadə edərək müxtəlif planetlərdə uçucu elementlərin mövcudluğunu, paylanmasını və miqdarını araşdırmağı da planlaşdırırlar.


 

DNT sensoru yoluxucu virusları aşkar edəcək

İllinois Urbana-Champai Universitetinin tədqiqatçıları infeksion virusları dəqiqliklə aşkar edə bilən, DNT parçaları və nanopor qəbulunu özündə birləşdirən sensor hazırlayıblar. “Science Advances” jurnalında dərc edilən informasiyaya görə, sensorlar infeksiyalara səbəb olan adenovirus və COVID-19 kimi əsas virusları aşkar edəcək.
İnfeksiyanın növünü, yəni xəstəliyin yoluxucu olub-olmadığını öyrənmək çox vacibdir. Bu mənada sensor, spesifik DNT molekulları və həssas nanopor texnologiyası kimi iki əsas komponenti özündə birləşdirir. Aptamer adlanan spesifik DNT molekulları, virusun yoluxma vəziyyətini fərqləndirir. Bu sistem 30 dəqiqə ərzində nəticə verə bilir. Sensorda istifadə edilən aptamerlər, RCR testləri üçün istehsal olunan RNT nümunələrinə bənzər şəkildə geniş yayılmış DNT sintezatorları ilə asanlıqla istehsal edilə bilər. Çirkab sularda yoluxucu adenovirusu aşkar etmək qabiliyyəti potensial bir yanaşma tələb edir.
Tədqiqatçılar sensorların həssaslığını və seçiciliyini daha da təkmilləşdirmək, xüsusi avadanlıq ehtiyaclarını aradan qaldırmaq üçün DNT aptamerlərini rəng dəyişdirən çubuqlar və ya smartfonlarla işləyən sensorlar kimi digər aşkarlama üsulları ilə birləşdiriblər. Bu texnologiya, norovirus və enteroviruslar kimi insanların sağlamlığına təsir edən, suda yaranan viral patogenləri və COVID-19-a səbəb olan virus variantlarını aşkar etmək üçün daha çox kanallı platformlarda inkişaf etdirilə bilər.
“Sensorumuzu nümayiş etdirmək üçün adenovirusu seçdik. Çünki bu virus bütün dünyada su vasitəsilə insanları yoluxduran patogendir. Yeni texnologiyamız ətraf mühitin və əhalinin sağlamlığının daha etibarlı qorunmasını təmin edəcək”-tədqiqat müəllifi, professor Benito Marinas qeyd edib.

 

Yeni İPhone psixi sağlamlığı izləyəcək

ABŞ-ın texnologiya markası olan Apple-nin “Wall Street Journal” jurnalında nəşr olunan hesabatına görə şirkət sahibinin psixi sağlamlığını tanıya biləcək texnologiya üzərində işləyir.
Şirkətdən verilən məlumata görə, telefon sahibinin gündəlik məlumatlarını toplayaraq, depressiya və idrak geriliyini diaqnoz edə biləcək. Diaqnozun qoyulması alqoritm sistemi ilə təmin olunacaq. Telefon gün ərzində istifadəçisinin üz ifadələri, danışma tərzi, yerişi, mimika və hətta necə yatdıqlarını izləməklə diaqnozun qoyulmasını potensial olaraq alqoritm sistemi ilə təmin edəcək. Bununla birlikdə sistem, insanların yazı yazma sürətini və söhbətlərini də izləyəcək.
Hesabatdakı açıqlamaya görə, analizlərin hamısı telefonun özündə olacaq və şirkətin məxfilik prinsipinə uyğun olaraq Apple ilə paylaşılmayacaq. Apple sağlamlıq qeydlərini serverlərinə yükləmək əvəzinə telefonda məxfi saxlayacaq.
Texnologiyanın nə qədər təsirli olub-olmadığını yoxlamaq məqsədilə şirkət bir neçə universitetlə əməkdaşlıq etmək niyyətindədir. Sistemin hələ erkən mərhələdə olmasına baxmayaraq, təqdim olunan hesabata görə Apple  bu imkanlar haqqında optimist fikirdə olduğunu irəli sürüb.


Hazırladı:

Elenora HƏSƏNOVA,

“Respublika”.