DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

ABŞ VƏ İSRAİL ARASINDA İRANLA BAĞLI GİZLİ MÜZAKİRƏLƏR

ABŞ və İsrail ötən həftə gizli şəkildə görüş keçiriblər. “APA”nın xəbərinə görə, görüşdə məqsəd Vyanada İranın nüvə razılaşması ilə bağlı danışıqlar bərpa olunmayacağı təqdirdə ehtiyat planı müzakirə etmək olub. Bu barədə “Axios” portalı İsraildəki mənbələrə istinadən məlumat yayıb.

Bildirilir ki, Amerika-İsrail arasında gizli strateji işçi qrupu yeni İsrail hökumətinin hakimiyyətə gəlişindən sonra ilk dəfə görüşüb. Tədbir videokonfrans formatında keçirilib. Görüşdə ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Ceyk Sallivan və israilli həmkarı Eyal Xulata iştirak edib.

Mənbələrin açıqlamasına görə, tərəflər İranın nüvə proqramı ilə bağlı Birgə Hərtərəfli Fəaliyyət Planı üzrə danışıqların dalana dirənməsindən narahat olduqlarını diqqətə çatdırıblar. Bundan başqa, onlar İranın nüvə aktivliyinin artdığını qeyd ediblər. İsrail bu məqamda detalları açıqlanmayan “B planı”na keçməyin vacibliyini vurğulayıb. Eyni zamanda, ABŞ yaxın vaxtlarda danışıqlar bərpa olunmayacağı təqdirdə, İrana qarşı yeni sanksiyalar tətbiq edəcəyini açıqlayıb.

 

“TALİBAN” BEYNƏLXALQ İCTİMAİYYƏTİN ŞƏRTLƏRİNİ QƏBUL ETMƏYİB

“Taliban” hərəkatı Əfqanıstandakı yeni hökumətin tanınması ilə bağlı beynəlxalq ictimaiyyətin irəli sürdüyü şərtləri qəbul etməkdən imtina edib. “Report” agentliyinin verdiyi xəbərə görə, bunu yeni hökumətin informasiya və mədəniyyət nazirinin müavini Zəbiullah Mücahid “Skynews Arabia” telekanalına müsahibəsində bildirib.

“Bizim hökumətin tanınması ilə bağlı beynəlxalq ictimaiyyətin irəli sürdüyü şərtlər qəbuledilməzdir”, - deyə nazir müavini vurğulayıb.

Zəbiullah Mücahid qeyd edib ki, belə tələblər beynəlxalq qanunvericiliyin pozulmasıdır. O deyib: “Hökumətin başqa dövlətlər tərəfindən tanınması “Taliban”ın, eləcə də əfqan xalqının hüququdur”.

Qeyd edək ki, “Taliban” Əfqanıstanda müvəqqəti hökumətin tərkibini elan edib. Onun tərkibi bir çox ölkə tərəfindən tənqid olunub. Hələlik heç bir dövlət bu hökuməti tanımayıb.

 

AVROPA ÖLKƏLƏRİNDƏ QAZ EHTİYATLARI ƏN AŞAĞI SƏVİYYƏYƏ ENİB

Avropa ölkələrində qış mövsümünün başlamasına bir həftə qalmış yeraltı anbarlarda qaz ehtiyatları 2011-ci ildən bəri ən aşağı səviyyəyə enib, bu da son 10 ildə qeydə alınan ən minimal göstəricidir. “APA”nın verdiyi xəbərə görə, bu barədə “Röyters” agentliyi məlumat yayıb.

Avropa Qaz İnfrastrukturu Assosiasiyasının açıqlamasına görə, Avropa İttifaqı ölkələrində və Böyük Britaniyada qaz anbarları hazırda təxminən 72 faiz doludur.

Verilən xəbərə əsasən, bir il əvvə

l anbarlarda qazın həcmi 94 faiz təşkil edirdi. Onillik ortalama məlumatlara görə, bir qayda olaraq, sentyabrın sonunda qaz anbarlarının 85 faizi dolu olurdu.

Avropada qış mövsümü oktyabrın 1-dən başlayacaq, o zaman həm qaza olan tələbat, həm də qiymətlər artmağa başlayacaq.

 

QİYAMÇI GENERAL ÖZ POSTUNDAN AYRILDI

Liviya şərqindəki qiyamçı qüvvələrin lideri general Xəlifə Həftar dekabrın 24-də keçiriləcək prezident seçkilərində iştirak etmək üçün “səlahiyyətlərini” üç aylıq təhvil verib. “Teleqraf.com”un xəbərinə görə, Xəlifə Haftar liderliyindəki hərbi qüvvələrin baş qərargah rəisi Əbdürrəzzaq ən-Nəzurini öz yerinə təyin edib. Məlumata əsasən, Əbdürrəzzaq ən-Nəzuri dekabrın 14-dək X.Həftarı əvəz edəcək.

Liviyanın Prezident Şurası və tabeliyindəki Milli Birlik Höküməti BMT tərəfindən ölkənin legitim hökuməti sayılır. Şura rəhbəri Məhəmməd əl-Mənfi Liviya ordusunun ali baş komandanı hesab edilir. Lakin ölkənin şərqindəki qiyamçı qüvvələrə rəhbərlik edən Xəlifə Həftar legitim hökuməti tanımır, Liviya Silahlı Qüvvələrinin baş komandanı olduğunu iddia edir.

 

TÜRKIYƏ MİNLƏRLƏ HƏRBÇİNİ SURİYA İLƏ SƏRHƏD BÖLGƏSİNƏ GÖNDƏRDİ

Türkiyə Suriyanın şimal-qərbinə əlavə qoşun göndərib. “Teleqraf.com”un verdiyi xəbərə görə, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Bildirilir ki, rəsmi Ankara uzun müddətdir ki, Rusiya tərəfindən dəstəklənən Suriya rejim qüvvələrinin İdlib əyalətinə hücum təşkil etmək cəhdlərinin Türkiyə sərhədinə yeni qaçqın axınına səbəb olacağından ehtiyat edir.

Agentlik qeyd edir ki, genişmiqyaslı hücum əlaməti olmasa da, rus təyyarələrinin və Suriya qüvvələrinin bölgəyə hücum saylarını artırması Türkiyə tərəfinin diqqətini çəkib.

Adı açıqlanmayan türk rəsmi şəxslərinə istinad edən agentlik iddia edir ki, İdlib istiqamətinə minlərlə əlavə əsgərin göndərilməsi Suriya quru qoşunlarının İdlibə hücumunun qarşısını almağa və Türkiyə sərhədinə gedən yolları nəzarəti götürməyə kömək edəcək.

 

ABŞ GENERALI RUSİYANI ÖLKƏSİ ÜÇÜN ƏSAS HƏRBİ TƏHLÜKƏ ADLANDIRIB

Amerika Silahlı Qüvvələrinin Şimal Komandanlığının rəisi general Qlen Van Herkin sözlərinə görə, Rusiya Birləşmiş Ştatlar üçün əsas təhdiddir. “Sputnik” informasiya agentliyinin verdiyi xəbərə görə, bu barədə o, “Air Force Magazine” nəşrinə müsahibəsində bəyan edib.

“Rusiya bu gün vətən üçün əsas hərbi təhlükədir. Bu, Çin deyil, Rusiyadır”, - deyə general qeyd edib.

Qlen Van Herkin sözlərinə görə, Çin “uzunmüddətli təhlükədir”, lakin Rusiya daha çox hərbi gücə malikdir.

“Su qayıqlarına, bombardmançılara, qanadlı raketlərə və s. malik olan Rusiya əsas hərbi təhlükə yaradır”, - deyə Şimal Komandanlığının rəhbəri fikrini yekunlaşdırıb.

Məlumat üçün qeyd edək ki, rəsmi Moskva dəfələrlə onun digər dövlətlərə qarşı aqressiv niyyəti olmadığını vurğulayıb.

 

“MODERNA” ŞİRKƏTİNİN RƏHBƏRİ: PANDEMİYA GƏLƏN İL BAŞA ÇATA BİLƏR

“Koronavirusa qarşı dərmanların hazırda artan istehsalı nəzərə alınarsa, pandemiya gələn ilin payızında başa çata bilər”. “Report” agentliyinin məlumatına görə, bunu ABŞ-ın “Moderna” əczaçılıq şirkətinin baş direktoru Stefan Bansel bildirib.

Baş direktorun sözlərinə görə, son altı ay ərzində istehsalat sahələrinin artdığı əsas götürülərsə, Yer kürəsində hamının peyvəndlənməsi üçün lazımi miqdarda dərman dozalarının 2022-ci ilin ortalarınadək əldə ediləcəyini gözləmək olar.

Stefan Bansel həmçinin qeyd edib ki, hazırda dünya üzrə geniş yayılan koronavirusun “delta” ştammı xeyli yoluxucu olduğu üçün peyvənddən boyun qaçıranlar böyük ehtimalla xəstələnəcəklər.

 

BÖYÜK BRİTANİYADA MİNLƏRLƏ QANUNSUZ MİQRANT SAXLANILIB

Böyük Britaniyada sentyabr ayında La Manş boğazı ilə qayıqlarla ölkəyə qanunsuz keçmək istəyən 3,8 min nəfər aşkarlanaraq saxlanılıb. “Report”un “BBC” agentliyinə istinadən verdiyi xəbərə görə, bu da ötən ildən bu yana ən yüksək göstərici sayılır. Daxili İşlər Nazirliyinin məlumatına əsasən, ilin əvvəlindən ölkəyə qanunsuz gələnlər 16,3 min nəfərdir, halbuki ötən ildə bu göstərici 8,4 min olub.

Bildirilir ki, qanunsuz miqrantlar Böyük Britaniyada qanuni icazə alaraq iş və müavinət hüququ əldə etməyin daha asan olduğunu düşünərək bu ölkəyə keçməyə can atırlar.

Qeyd edək ki, Böyük Britaniyanın Daxili İşlər Nazirliyi ölkədə sığınacaq əldə etmək qaydasının islahatını nəzərdə tutan qanun layihəsini hələ iyul ayında parlamentə təqdim edib.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.