Ürəklərdə yaşayanlar
Sosial həyat

Ürəklərdə yaşayanlar

Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan, Qələbəmizin qazanılmasında böyük payı olan igid oğullarımızdan biri də Azərbaycan Silahlı Qüvvələrinin kiçik giziri, Vətən müharibəsi şəhidi Dəmirov Siyahim Əlizamin oğludur. Siyahim yaşasaydı, 31 yaşını qeyd edəcəkdi.

Döyüş yolu hələ Aprel döyüşlərindən keçən igidimiz Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı düşmənə qarşı aparılan hərbi əməliyyatlarda əsl igidlik nümunəsinə çevrildi. Torpağımızın, vətənimizin azadlığı uğrunda döyüşlərdə bir an belə geri çəkilməyən igidimiz 29.10.2020-ci il tarixdə Şuşa istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Döyüş meydanında göstərdiyi igidliyə görə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə  Dəmirov Siyahim Əlizamin oğlu  ölümündən sonra “Qarabağ” ordeni ilə təltif olunub.

Şəhidimizin doğum günü münasibətilə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı aparatının məsul əməkdaşları Yeganə Məmmədova və Heybət Əliyev, rayonun idarə və müəssisə rəhbərləri və işçiləri, şəhidin ailə üzvləri, hərbçi yoldaşları ilə birlikdə Siyahim Dəmirovun  doğum günü məzarı başında qeyd edildi. Şəhidin məzarı ziyarət edilərək gül-çiçək dəstələri düzülüb, ruhuna dualar oxundu, xatirəsi ehtiramla yad edildi. Məktəblilər tərəfindən şəhidin xatirəsinə həsr olunmuş şeir və kompozisiyalar ifa olundu.

Sonra tədbir iştirakçıları şəhidin yaşadığı evinin önündə inşa edilən xatirə bulağının açılışında iştirak etdilər. Tədbirdə Azərbaycan Respublikasının Dövlət himni səsləndirildikdən sonra vətənimizin azadlığı, müstəqilliyi və bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Beyləqan Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Yeganə Məmmədova tədbirdə çıxış edərək şəhidimizə Allahdan rəhmət diləyib, 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Qələbəyə görə Ali Baş Komandana, şəhidlərimizə, qazilərimizə borclu olduğumuzu bildirdi. Y.Məmmədova qeyd etdi ki, Ali Baş Komandan  İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımız yağı düşməndən azad edildi. Canını fəda edərək əsl qəhrəmanlıq göstərən şəhidlərimizin qanı ilə Azərbaycanımızın şanlı tarixi yazıldı. Azərbaycanın tarixi qələbəsinin mənbəyi xalqımızın həmrəyliyi, Ali Baş Komandan ətrafında sıx birləşməsi xalqın inamı, Azərbaycan ordusunun məğlubedilməzliyi, hünəri və qeyrəti idi. Azərbaycan xalqının qüruru, fəxri olan bütün şəhidlərimizin, o cümlədən də Dəmirov Siyahim Əlizamin oğlunun xatirəsinin daim əziz tutulacağını vurğulayan natiq Azərbaycan xalqı üçün igid, qeyrətli, mərd oğul yetişdirən şəhidin ailəsinə dərin ehtiramını bildirdi.

Şəhidin valideyinləri və hərbçi yoldaşları çıxış edərək qəhrəman  Siyahim Dəmirovun döyüş yolundan, şücaətindən, mərdliyindən söz açdılar və onun öz istəyi ilə hərbiçi peşəsini seçdiyini, sağlığında hərbi hissə rəhbərliyi və yoldaşları arasında dərin hörmət, nüfuz qazandığını, yüksək insani keyfiyyətlərə malik olduğunu vurğuladılar.

Mərasim iştirakçıları xatirə bulağının önünə gül dəstələri düzərək  şəhidin əziz xatirəsi ehtiramla yad etdilər.

Ərəstun ABDULOV,  

“Respublika”.