DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

ƏRDOĞANDAN YUNAN BAŞ NAZİRİN AÇIQLAMASINA MÜNASİBƏT

“Türkiyədə hazırda 4,5 milyon miqrant var. Bu məsələdə ən çox əziyyət çəkən ölkə də Türkiyədir”. “Report” agentliyinin verdiyi xəbərə görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstanın baş naziri Kiryakos Miçotakisin açıqlamasına münasibət bildirərkən bəyan edib.

Məlumata əsasən, Ərdoğan bildirib ki, Türkiyə miqrantlar məsələsində lazım olan addımların atılmasını gözləyir.

“Miçotakisin ABŞ-da görüş istəyini qarşılayacağıq. Təəssüf ki, verdiyi bu açıqlamada arzuolunmaz ifadələr var. Bununla bağlı Xarici İşlər Nazirliyimiz lazımi izahları verib. Bu işdə nə qədər səmimi olduqlarını görəcəyik. Türkiyə heç kimin qapısının qulu deyil. Qarşımızda vicdanla atılacaq addımları görməliyik”, - deyə Türkiyə prezidenti vurğulayıb.

Əfqanıstana humanitar yardımla bağlı sualı cavablandıran Ərdoğan qeyd edib ki, insani yardımlarda Türkiyənin heç bir tərəddüdü yoxdur.

 

DÖVLƏT DUMASINA SEÇKİLƏRDƏ “VAHİD RUSİYA” PARTİYASI LİDERDİR

Rusiya Mərkəzi Seçki Komissiyası (MSK) Dövlət Dumasına keçirilən seçkilərdə protokolların 99 faizini hesablayıb. “APA”nın xəbərinə görə, MSK-nın açıqladığı nəticələrə əsasən, hakim “Vahid Rusiya” Partiyası 49,82 faiz səslə qalib gəlib.

Bildirilir ki, Kommunist Partiyası 19 faiz səslə ikinci, Liberal-Demokrat Partiyası 7,49 faiz səslə üçüncü, “Ədalətli Rusiya-Həqiqət Uğrunda” Partiyası 7,42 faiz səslə dördüncü, “Yeni İnsanlar” Partiyası isə 5,35 faiz səslə beşinci yeri tutub.

“Vahid Rusiya” Partiyasının Ali Şurasının katibi Andrey Turçak partiyasının seçkilərdə 315 mandat alacağını açıqlayıb.

Qeyd edək ki, Rusiya parlamentinin aşağı palatası 450 deputatdan ibarətdir. Parlamentdə konstitusiya çoxluğunu əldə etmək üçün partiyalara ən azı 300 mandata sahib olmaq lazımdır.

 

YAPONİYA VAKSİNİN ÜÇÜNCÜ DOZASI İLƏ BAĞLI QƏRAR VERİB

Yaponiyada “COVID-19” virusuna qarşı üçüncü doza peyvəndin vurulması ilə bağlı qərar qəbul edilib. “Teleqraf.com”un xəbər verir ki, ölkədə “COVID-19” üzrə Məsləhət Şurası 6 ay sonra virusa qarşı yaranan antikorların zəiflədiyini bildirib.

Bununla yanaşı, Yaponiyada yayılan “delta” ştammı da olmaqla bütün mutasiyalara qarşı iki doza peyvəndin effektsiz olduğu açıqlanıb.

Məsləhət Şurası könüllü olaraq üçüncü doza peyvəndlərin vurulması çağırışını edib.

Qərara əsasən, iki doza “Pfizer”, “Moderna” və ya “AstraZeneca” peyvəndi vurduranlar müraciət etdikləri halda eyni adlı peyvəndlə vaksinasiya olunmalıdırlar.

 

ROMA PAPASININ ŞƏXSİ MÜHAFİZƏSİNƏ QADINLAR CƏLB EDİLƏCƏK

Roma Papasının şəxsi mühafizəsinə qadınlar cəlb edilə bilər. “Sputnik” informasiya agentliyinin verdiyi xəbərə görə, İsverçrə qvardiyasına daxil olan mühafizə heyətinə qadınların qəbulu nəzərdən keçirilir.

Qadınların işə götürülmə ehtimalı əvvəllər də İsveçrə mediası tərəfindən bildirilmişdi. Belə ki, onlar elit bölmələrin işçiləri olmalı idilər.

Verilən xəbərə görə, seçim prosesində onlara kifayət qədər ciddi tələblər qoyulur: qadınlar yaxşı fiziki formada, xoş görünüşlü olmalı, həmçinin kəşfiyyat testindən keçməli, xarici dil biliklərini nümayiş etdirməli və katolik olmalıdırlar.

Qeyd edilir ki, müqavilə əsasında xidmət iki ildən 25 ilə qədər davam edə bilər. Onların qazancı ayda təxminən 1,2 min avro təşkil edəcək.

 

MAKRON BAYDENLƏ BÖHRANLI VƏZİYYƏTİ MÜZAKİRƏ EDƏCƏK

Avstraliyanın fransız sualtı qayıqlarını almaqdan imtina etməsi məsələsi yaxın günlərdə Fransa prezidenti Emmanuel Makron və ABŞ prezidenti Cozef Bayden tərəfindən müzakirə ediləcək. “Report”un verdiyi xəbərə görə, bu barədə Fransa hökumətinin rəsmi nümayəndəsi Qabriel Attal “BFM” telekanalının efirində məlumat verib.

Hökumət sözçüsü bildirib ki, Cozef Bayden vəziyyəti müzakirə etmək üçün Emmanuel Makrona müraciət edib. Danışıqlar bir neçə gün ərzində baş tutacaq.

Qabriel Attalın sözlərinə görə, iki ölkə liderinin arasında danışıqlar sözügedən məsələdə irəliləyiş əldə etmək məqsədi daşıyır. “Bu böhranın mərkəzində iqtisadi deyil, strateji maraqlar dayanır. Yəni, bu, Hind-Sakit okean bölgəsində yerləşən güclərin tarazlığının pozulması ilə bağlı bir məsələdir. Söhbət gələcəyimizin bir hissəsindən və Çinlə münasibətlərimizdən gedir”, - deyə hökumət rəsmisi vurğulayıb.

Qeyd edək ki, söhbət 12 sualtı qayığın inşasına dair Avstraliyanın Fransa ilə imzaladığı müqavilənin ləğvindən gedir. Sənəd 2016-cı ildə imzalanıb və 50 milyard Avstraliya dolları dəyərindədir.

 

ABŞ TÜRKİYƏ YAXINLIĞINDA HƏRBİ BAZALAR QURUR

Türkiyədən 40 kilometr uzaqlıqda yerləşən Yunanıstanın Aleksandrupolis şəhərində hərbi baza yaradan ABŞ indi də Çanaqqala boğazının ətrafındakı adalar üzərində yeni bazalar qurmağı planlaşdırır. “Teleqraf.com”un xəbərinə görə, Pentaqonun Limni, Mnidilli, Semadirek və Skiri olmaqla, xüsusilə Limni adasından hava əməliyyatları məqsədilə istifadə edə biləcəyi qeyd olunur.

Məlumata əsasən, qeyri-hərbi statusda olan bu adalarda məhdud sayda əsgər yerləşdirmək istisna olmaqla bazalar qurmaq Lozanna müqaviləsinin pozulması deməkdir.

Ehtimal olunur ki, ABŞ və Yunanıstanın oktyabrın 14-15-də bir araya gələrək müdafiə razılaşması imzalayacağı gözlənilir. Gözlənilən odur ki, bu razılaşmada Aleksandrupolisdən ABŞ-ın hərbi məqsədlər üçün istifadə etmə müddəti daha 5 il müddətinə uzadılacaq.

 

BİR SIRA ÖLKƏLƏRDƏ UŞAQLAR ARASINDA AZ TANINAN VİRUS YAYILIB

ABŞ, İsveçrə, Böyük Britaniya və Yaponiyada həkimlər uşaqlar arasında tənəffüs yolu xəstəliklərinə səbəb olan, az tanınan respirator-sinsitial virusa (RSV) kütləvi yoluxma hallarını qeydə alıblar. “Report”un verdiyi xəbərə görə, bu barədə “BBC” agentliyi məlumat yayıb.

Alimlərin sözlərinə görə, “COVID-19” pandemiyası respirator-sinsitial virusların  yayılmasına təsir edib və karantin tədbirlərinə görə uşaqlarda virusa qarşı immunitet inkişaf etməyib.

Məlumat üçün qeyd edək ki, kəskin respirator virus infeksiyaları, yoluxucu virus xəstəliklərinin böyük qrupunu özündə birləşdirir. Həmin xəstəliklər zamanı əsasən tənəffüs sistemi üzvlərinin selikli qişaları zədələnir. Bu qrup xəstəliklərə: qrip, paraqrip, adenovirus, rinovirus və respirator-sinsitial virusların törətdiyi xəstəliklər aiddir.

 

KABİL AEROPORTU FƏALİYYƏTİNİ BƏRPA EDİB

Əfqanıstanın paytaxtı Kabildəki beynəlxalq hava limanı daxili və beynəlxalq uçuşlar üçün açılıb. “Sputnik” informasiya agentliyinin verdiyi xəbərə görə, bu barədə Əfqanıstanın Mülki Aviasiya İdarəsi məlumat yayıb.

Açıqlamada qeyd olunur ki, bu il avqustun 26-da törədilən partlayış nəticəsində Kabil hava limanına dəyən ziyan aradan qaldırılıb.

Aeroport Türkiyə, ABŞ və Qətər mütəxəssislərinin birgə səyləri nəticəsində bərpa olunub və hava limanı reysləri qəbul etməyə başlayıb.

Xatırladaq ki, Kabil aeroportu yaxınlığında baş verən partlayışlarda 100 dən çox insan halak olub.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.