Rəşadətli döyüş yolu
Region

Rəşadətli döyüş yolu

Bu günlərdə Göyçayın Şəhidlər Xiyabanında İkinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə yüksələn İlham Umud oğlu Hüseynovun ad günü məzarı önündə qeyd olunub.

Tədbirdə rayon icra hakimiyyətinin başçısı Mehdi Səlimzadə, şəhidin ailə üzvləri, dindarlar, ağsaqqallar və kənd sakinləri iştirak ediblər.

Şəhidin əziz xatirəsi ehtiramla yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb.

Göyçay rayon İcra Hakimiyyətinin başçısı M.Səlimzadə çıxış edərək qeyd edib ki, ötən il sentyabrın 27-dən noyabrın 10-dək davam edən 44 günlük Vətən müharibəsi ilk növbədə güclü həmrəyliyin, yenilməz ruhun təntənəsi idi. İşğalçılarla müharibədə Azərbaycan gəncliyi öz vətənpərvərliyini, əzmini bütün dünyaya nümayiş etdirdi. Bu isə böyük zəfərə aparan yolun başlanğıcı oldu. Çıxış edənlər İlham Hüseynovun keçdiyi döyüş yolundan, qəhrəmanlığından danışıblar.

Bu günlərdə 21 yaşı tamam olmuş İlham Hüseynov 2020- ci il oktyabrın 19-da Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. İlham Hüseynov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.

Gənc İlhamın məzarını ziyarət edən, əllərində al qırmızı qərənfillər tutmuş məktəblilər Vətən uğrunda canlarından keçmiş igidlərimizə həsr edilmiş vətənpərvər ruhlu şeir nümunələri ilə çıxış ediblər.

Qarayazı kənd sakinləri, şəhidin ailə üzvləri övladları ilə fəxr etdiklərini söyləyiblər, şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər.

Maarif RZAYEV,

“Respublika”.