DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

ABŞ, BÖYÜK BRİTANİYA VƏ AVSTRALİYANIN TƏHLÜKƏSİZLİK PAKTI

ABŞ, Böyük Britaniya və Avstraliya üçtərəfli təhlükəsizlik paktını elan ediblər. “APA”nın xəbərinə görə, “AUKUS” adlanan təşəbbüs ABŞ prezidenti Cozef Bayden, Britaniyanın baş naziri Boris Conson və Avstraliyanın baş naziri Skott Morrisonun qoşulduğu videkonfransda açıqlanıb.

Avstraliyanın baş naziri bildirib ki, hər üç ölkənin ekspertlərindən ibarət heyət nüvə enerjisi ilə işləyən yeni sualtı donanmanın yaradılması üçün birgə çalışacaqlar. Bu layihə Avstraliyanı nüvə reaktorları ilə idarə olunan sualtı gəmilərə sahib olan dünyanın yeddinci ölkəsi edəcək.

Cozef Bayden öz növbəsində qeyd edib ki, hazırkı strateji mühit bunu tələb edir: “Həm xalqlarımızın, həm də dünyanın gələcəyi qarşıdakı onilliklərdə çiçəklənən azad Hind-Sakit Okeanı regionundan asılıdır”.

Boris Conson isə vurğulayıb ki, hər üç ölkə coğrafi olaraq müxtəlif regionlarda olsalar da, hər zaman yaxın müttəfiq olublar.

 

KXDR BALLİSTİK RAKETLƏRİ İŞƏ SALMASI İLƏ BAĞLI AÇIQLAMA VERİB

Koreya Xalq Demokratik Respublikasının ballistik raketləri işə salması dəmir yolu raket kompleksinin sınağı ilə bağlı olub. “Report”un məlumatına görə, bu barədə Şimali Koreyanın Mərkəzi Teleqraf Agentliyi xəbər yayıb.

“Sınaq ilk dəfə istifadəyə verilən dəmir yolu mobil raket kompleksinin praktiki tətbiqinin təsdiq edilməsinə yönəlmişdi”, - deyə agentliyin xəbərində bildirilir.

Qeyd edilir ki, sınaq sentyabrın 15-də səhər saatlarında keçirilib və raketlər 800 kilometr məsafə qət edib. KXDR lideri Kim Çen In sınaqlarda iştirak etməyib.

Xatırladaq ki, sentyabrın 11 və 12-də Şimali Koreya uzaqmənzilli qanadlı raketləri sınaqdan keçirib. Cənubi Koreya prezidenti Mun Çje İn raket sınaqlarını təxribat adlandırıb.

 

BLİNKEN STOLTENBERQLƏ STRATEJİ KONSEPSİYANI MÜZAKİRƏ EDİB

ABŞ-ın dövlət katibi Entoni Blinkenlə NATO-nun baş katibi Yens Stoltenberq arasında telefon danışığı olub. “APA”nın verdiyi xəbərə görə, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays bəyan edib.

Məlumata əsasən, tərəflər NATO və Əfqanıstandakı vəziyyətlə bağlı yeni strateji konsepsiyanın hazırlanmasını müzakirə ediblər.

“Dövlət katibi Blinken və baş katib Stoltenber NATO-nun yeni strateji konsepsiyasının daha da inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi apararaq Əfqanıstandakı vəziyyəti, həmçinin, əfqan xalqına kollektiv dəstəyi müzakirə ediblər”, - deyə Ned Prays əlavə edib.

 

ABŞ-IN HƏR BEŞ YÜZ SAKİNİNDƏN BİRİ “COVID-19”UN QURBANI OLUR

ABŞ-ın hər 500 sakinindən biri koronavirus infeksiyasından vəfat edir. “Report”un verdiyi xəbərə görə, bu barədə Amerikada koronavirusa yoluxma və ölümlə bağlı statistika aparan Cons Hopkins Universitetinin açıqlamasında bildirilir.

Universitetin məlumatına görə, Birləşmiş Ştatlarda “COVID-19”dan 666525 ölüm faktı qeydə alınıb. Bildirilir ki, ölkədə 332,7 milyondan çox insan yaşayır. Bu, hər 500 amerikalıya bir ölüm faktı deməkdir.

ABŞ dünyada koronavirusa yoluxma və ölüm hallarının sayına görə birinci yerdədir. Universitetin məlumatına əsasən, pandemiyanın əvvəlindən bu günə kimi ölkədə 41 milyondan çox insan koronavirusa yoluxub.

Xatırladaq ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı 2020-ci ilin fevralında infeksiyanı “COVID-19” adlandırıb və mart ayında isə koronavirusu pandemiya elan edib.

 

MAKRON: İŞİD-IN BÖYÜK SƏHRADAKI BAŞÇISI ZƏRƏRSIZLƏŞDİRİLİB

Fransa prezidenti Emmanuel Makron “Böyük Səhrada İslam dövləti” qruplaşmasının başçısının Fransa silahlı qüvvələri tərəfindən zərərsizləşdirildiyini elan edib. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə dövlət rəhbəri özünün “Twitter” səhifəsində qeyd edib.

“Böyük Səhrada İslam dövləti” terror qruplaşmasının lideri Adnan Abu Valid əl-Sahraui fransız qoşunu tərəfindən zərərsizləşdirilib. Bu, Saxeldə terror qruplaşmaları ilə mübarizəmizdə daha bir böyük müvəffəqiyyətdir”, - deyə Fransa prezidenti vurğulayıb.

Makronun sözlərini sonra Fransanın müdafiə naziri Florans Parli də təsdiqləyib. Nazir tvitterdəki hesabında qeyd edib ki, İŞİD-in regional özəyinin lideri “Barxan” əməliyyatının hərbçiləri tərəfindən endirilmiş zərbə nəticəsində öldürülüb.

Dövlət başçısı və nazir regionda terrorizmlə mübarizədə həlak olmuş fransız hərbçilərin xatirəsini yad edib. “Afrika, avropalı partnyorlarımızla birlikdə bu mübarizəni davam etdirəcəyik”, - deyə Makron bildirib.

 

BORİS CONSON NAZİRLƏR KABİNETİNDƏ ƏHƏMİYYƏTLİ DƏYİŞİKLİKLƏR EDİB

Böyük Britaniyanın baş naziri Boris Conson bir sıra əsas nazirləri yeniləri ilə əvəz edərək kabinetində ciddi dəyişikliklər edib. “Trend” agentliyinin məlumatına görə, bir neçə kabinet üzvü işdən azad edilib və ya son vaxtlar hərəkətləri fəal şəkildə tənqid edilənlər də daxil olmaqla başqa vəzifələrə göndərilib.

Analitiklərin fikrincə, Boris Cohnson bu yolla iki hədəfə çatmaq niyyətindədir - eyni partiya üzvlərinin kabinetindən narazılığını azaltmaq və 2024-cü ildə keçiriləcək seçkilər haqqında düşünərək Mühafizəkarlar Partiyasını birləşdirmək.

Baş nazir öz “Twitter” səhifəsində bu barədə bildirib: “Bu gün qurduğum kabinet ölkəni birləşdirmək və bütün ərazidə həyat səviyyəsini yüksəltmək üçün yorulmadan çalışacaq”.

 

YƏMƏNDƏ FÖVQƏLADƏ VƏZİYYƏT ELAN EDİLİB

Yəmənin cənubunda husilərin mümkün hücumu və ağır iqtisadi vəziyyətə qarşı kütləvi etirazlar fonunda fövqəladə vəziyyət elan edilib. “Report” agentliyi bu barədə Rusiya mətbuatına istinadən xəbər verir.

Ölkənin cənub administrasiyasının rəhbəri Aydarus əl-Zubeydi bildirib ki, bütün əyalətlərdə silahlı qüvvələr döyüş hazırlığı vəziyyətinə gətirilib.

Bundan əvvəl yerli telekanallar Yəmənin cənubundakı Aden və digər şəhərlərdə ağır iqtisadi vəziyyətə etiraz edənlərlə təhlükəsizlik qüvvələrinin toqquşması nəticəsində bir neçə nəfərin öldüyünü bildirib. Cənubdakı nümayişlər zamanı qarşıdurmalar Marib əyalətində husilərin irəliləməsi fonunda baş verir.

Qeyd edək ki, Yəməndə 2014-cü ilin avqustundan bəri hökumət qüvvələri ilə husilər arasında qarşıdurma davam edir.

 

AVROPA PARLAMENTİNDƏN MİQRANT BÖHRANI İLƏ BAĞLI XƏBƏRDARLIQ

Avropa Parlamenti Avropa İttifaqını Əfqanıstandakı vəziyyətlə əlaqədar yeni miqrant böhranına hazırlaşmağa çağırıb. “Report”un məlumatına görə, bu barədə parlamentin Strasburqda keçirilən plenar iclasın sonunda qəbul edilən qətnamədə qeyd olunur.

“Əksər miqrantlar qorunmaq üçün qonşu ölkələrə gedəcəklər. Avropa İttifaqı qaçqınları qəbul edən ölkələrə BMT-nin müvafiq qurumları və yerlərdə çalışan humanitar təşkilatlar vasitəsilə əlavə yardım göstərməyi planlaşdırmalıdır”, - deyə qətnamədə vurğulanır.

Eyni zamanda sənəddə bildirilir ki, qonşu dövlətlərə yardım Avropa İttifaqının öz ərazisində sığınacaq vermək siyasətinə alternativ olmamalıdır.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.