İmişli rayonunda ali məktəblərə qəbulda 600-dən çox bal toplayaraq tələbə adını qazanan məzunlarla görüş keçirildi. Görüşdə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, Rayon Təhsil Şöbəsinin müdiri Ələmdar Quliyev, məzunlar, məktəb rəhbərləri və valideynlər iştirak edirdilər.
İlk öncə ümummilli lider Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad edilib, abidəsi önünə tər gül dəstələri qoyuldu. Tədbir Vətən müharibəsində misilsiz qəhrəmanlıqlar göstərmiş xalqımızın igid oğullarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Tədbiri giriş sözü ilə açan RİH başçısı Elçin Rzayev 600-dən çox bal toplamış, ali təhsil müəssisələrinə qəbul imtahanlarında müvəffəqiyyətlə iştirak edərək tələbə adını qazanmış məzunları, onların valideynlərini və rayonun bütün təhsil ictimaiyyətini səmimi-qəlbdən təbrik etdi. Həmçinin Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuzun 44 günlük Vətən müharibəsində qələbəni təmin edən qəhrəman şəhidlərin yetişməkdə olan gənc nəslə nümunə olduğundan danışdı. RTŞ-nin müdiri Ələmdar Quliyev çıxışında ulu öndər Heydər Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğının möhtərəm Prezidentimiz cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirildiyini, təhsilin ölkəmizdə prioritet sahə olduğunu qeyd etdi. Son bir ildə İmişli şəhər 7 saylı məktəbin yeni binasının inşa edildiyini, Axıcanlı və Məmmədli kənd tam orta məktəbləri üçün modul tipli məktəb binalarının quraşdırıldığını diqqətə çatdırdı. Eyni zamanda, 2020-2021-ci tədris ilində rayon üzrə qazanılan uğurlar və qarşıda duran vəzifələr barəsində geniş məlumat verdi. Vətən müharibəsində iştirak edən təhsil işçilərindən, istedadlı şagirdlərin üzə çıxarılması üçün həyata keçirilən layihələrdən danışan Ə.Quliyev əldə olunan uğurların bundan sonra da davam etdiriləcəyini bildirdi.Görüşdə çıxış edən valideynlər və məzunlar İmişlidə təhsilin inkişafına göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirdilər.
Sonda 600-dən çox bal toplamış məzunlar RİH başçısının fəxri fərmanları və qiymətli hədiyyələrlə mükafatlandırıldı.
Ərəstun ABDULOV,
“Respublika”.