DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

TÜRKİYƏ VƏ ABŞ ARASINDA MƏSLƏHƏTLƏŞMƏLƏR KEÇİRİLƏCƏK

Türkiyə ilə ABŞ arasında Vaşinqtonda siyasi məsləhətləşmələr keçiriləcək. “APA”nın verdiyi xəbərə görə, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib.

Açıqlamada Türkiyənin xarici işlər nazirinin müavini Sedat Önalın rəhbərliyilə bir qrup heyətin sentyabrın 16-17-də Vaşinqtona səfər edəcəyi vurğulanır. Həmçinin Sedat Önalın ABŞ-ın dövlət katibinin müavini Vendi Şerman və ölkənin Siyasi Məsələlər üzrə müavini Victoria Nulandla görüşəcəyi qeyd olunub.

Səfər çərçivəsində keçiriləcək geniş tərkibli heyətlərarası görüşlərdə ikitərəfli əlaqələrlə yanaşı, beynəlxalq sahədə baş verən hadisələr də müzakirə olunacaq.

 

“TALİBAN” HƏRƏKATI İKİ YERƏ PARÇALANIR?

“Taliban” hərəkatı Əfqanıstanda müvəqqəti hökumət qurduqdan sonra liderləri arasında ciddi ixtilaf yaranıb. Bu  barədə “Report” agentliyi “BBC”yə istinadən xəbər verib.

Məlumata əsasən, hərəkatın liderləri iki yerə ayrılaraq prezident iqamətgahında mübahisə ediblər. Belə ki, hərəkatın banilərindən biri, ABŞ-la danışıqlardakı baş müzakirəçi olmuş hazırkı hökumətdə baş nazir müavini postunu tutuan Əbdülqəni Bəradər ilə “Haqqani şəbəkəsi” qrupunun rəhbərlərindən olan qaçqınların işləri üzrə nazir Xəlil ər-Rəhman Haqqani arasında qızğın mübahisələr gedir.

Tərəflər arasında yeni hökumətdə kimin daha geniş səlahiyyətlər alacağına dair ciddi fikir ayrılıqları üzə çıxıb. Bildirilir ki, Bəradər daha mötədil yanaşma və diplomatik üsulların, Haqqani isə güc tətbiqinin tərəfdarıdır.

 

HAİTİNİN BAŞ NAZİRİ PREZİDENTİN QƏTLİNDƏ İTTİHAM OLUNUB

Haiti Prokurorluğu ölkənin baş naziri Ariel Anrini prezident Jovenel Moizin qətlində ittiham edib. “APA” verdiyi xəbərə görə, bu barədə “Assoşieyted Press” agentliyi məlumat yayıb.

“Ariel Anrini cinayət məsuliyyətinə cəlb etmək və ona qarşı birbaşa ittiham irəli sürmək üçün kifayət qədər təqsirləndirici dəlillər mövcuddur”, - deyə federal prokuror Bed-Ford Klod bildirib.

Federal prokuror həmçinin tələb edib ki, “açıqlanan faktların ciddiliyi ilə əlaqədar” Ariel Anrinin Haitini tərk etməsinə qadağa qoyulmalıdır.

“Gazette Haiti” nəşrinin yazdığına görə, baş nazir Ariel Anri prezident Jovenel Moizin öldürülməsində ittiham olunmazdan bir gün əvvəl prokuror Bed-Ford Klodu vəzifəsindən kənarlaşdırmaq qərarına gəlib.

Baş nazirin tərəfdarlarının sözlərinə görə, prokurorun qərarının heç bir təsir gücü olmayacaq, çünki o, belə bir tədbirə əl atmazdan əvvəl artıq işdən kənarlaşdırılıb.

 

ÇİN SƏFİRİNƏ BRİTANİYA PARLAMENTİNƏ DAXİL OLMAQ QADAĞAN EDİLİB

Çinin Böyük Britaniyada yeni təyin olunmuş səfiri Jenq Zequanq bu ölkənin parlamentinə daxil olmaq hüququndan məhrum edilib. “Report” agentliyinin “The Guardian” nəşrinə istinadən verdiyi xəbərə görə, belə bir qərar Çinin Britaniya millət vəkillərinə qarşı sanksiyalarına cavab olaraq verilib.

İcmalar palatasının sədri Lindsi Hoyl sanksiyalar ləğv edilməyinə qədər bu qadağanın qüvvədə qalacağını açıqlayıb. Lordlar palatasının sədri Con Makfell isə qeyd edib ki, həmin qadağa heç də Çin səfirilə birgə tədbirlərdən imtina etmək mənasına gəlmir, sadəcə belə tədbirlər başqa yerlərdə keçiriləcək.

Çin səfirliyi Britaniya parlamentinin bu addımını “qorxaq əməl” olaraq dəyərləndirib. Səfirliyin bəyanatına görə Çin tərəfinin mart ayında tətbiq etdiyi sanksiyalar Böyük Britaniyanın Çinin ayrı-ayrı siyasətçilərinə və təşkilatlarına qarşı uyğurların hüquqları ilə bağlı birtərəfli sanksiyalara cavab olub.

 

KREML: PUTİN-ƏSƏD GÖRÜŞÜ TƏHLÜKƏSİZLİKLƏ BAĞLI ÖNCƏDƏN AÇIQLANMAYIB

Rusiya dövlət başçısı Vladimir Putin və Suriya prezideni Bəşər Əsəd arasında görüş təhlükəsizlik səbəbi ilə bağlı öncədən açıqlanmayıb. “APA”nın xəbərinə görə, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bəyan edib.

“Müəyyən təhlükəsizlik tədbirləri var ki, onlara riayət olunması vacibdir. Bu, olduqca məlum məsələdir. Bu səbəbdən liderlərin görüşü əvvəlcədən elan olunmamışdı”, - deyə mətbuat katibi vurğulayıb.

Dmitri Peskov qeyd edib ki, Putin-Əsəd danışıqları barədə mediaya məlumat Suriya prezidenti ölkəsinə qayıtdıqdan sonra təqdim olunub.

Xatırladaq ki, Kreml Moskvada Vladimir Putinlə Bəşər Əsəd arasında sentyabrın 13-də danışıqların baş tutduğu barədə məlumat yayıb.

 

FRANSIZLAR DA“MERKEL” DEDİLƏR

Avropa İttifaqı (Aİ) ölkələrində yaşayan vətəndaşların əksəriyyəti Avropa prezidenti seçkiləri keçirilsə, üstünlüyü tezliklə postundan ayrılacaq Almaniya kansleri Angela Merkelə verəcəyini bildiriblər. “Teleqraf.com”un məlumatına görə, Avropa Xarici Əlaqələr Şurası tərəfindən Aİ-nin 12 ölkəsində 16 min insan arasında aparılan sorğuda “Avropa prezidenti seçkisi keçirilsəydi və namizədlər yalnız Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Angela Merkel olsaydı, hansına səs verərdiniz?” sualı verilib.

Fransa da daxil olmaqla, 12 ölkədən 11-də respondentlərin əksəriyyəti Merkelə üstünlük verib. Merkelə ən çox diqqət Hollandiyada (58 faiz), İspaniyada (57 faiz), Portuqaliyada (52 faiz), Danimarkada (46 faiz) və Macarıstanda (44 faiz) olub. Bu ölkələrdə Makrona üstünlük verənlərin nisbəti 20 faiz təşkil edib. Almaniyada respondentlərin 42 faizi “Merkel”, 27 faizi “Makron” cavabını verib. Fransızların isə 32 faizi Merkeli, 26 faizi isə Makronu seçib.

 

AVROPADA TƏBİİ QAZIN QIYMƏTİ KƏSKİN ŞƏKİLDƏ BAHALAŞIB

Sentyabrın 15-də Avropada keçirilən ticarət sessiyasında 1000 kubmetr təbii qaz rekord qiymətə - 950 dollara satılıb. Bu barədə “Sputnik” informasiya agentliyi “ICE” birjasının məlumatlarına əsasən xəbər verib.

Bildirilir ki, iki həftə ərzində təbii qazın qiyməti 50 faizə yaxın artıb.

Beləliklə, çərşənbə günü Hollandiyanın TTF hablarında oktyabr ayı üçün qaz əqdlərinin qiyməti 1000 kubmetrə 841,39 dollar təşkil edib. Sonra isə artaraq 950 dollara çatıb.

Rusiyanın Milli Enerji Təhlükəsizliyi Fondunun direktoru Konstantin Simonov Avropada qazın qiymətinin min kubmetr üçün 1000 dollara çata biləcəyini bəyan edib. Onun sözlərinə görə, “köhnə qitədə” qazın qiymətinin qalxmasına, hava şəraiti, sıxlaşdırılmış təbii qazın tədarükünün azalması və istilik mövsümü ərəfəsində anbarlardakı qaz çatışmazlığı səbəb olub.

 

“APPLE” ŞİRKƏTİ ELEKTROMOBİL İSTEHSAL EDƏCƏK

“Apple Inc.” şirkəti ilk elektromobilini təkbaşına hazırlamaq niyyətində olduqlarını açıqlayıb. “Report” agentliyinin “Autocentre” nəşrinə istinadən verdiyi xəbərə görə, hələ 2015-ci ildə şirkətin “Apple Titan”, yaxud “Apple iCar” adlı elektromobil layihəsi üzərində çalışmasına dair xəbərlər yayılmışdı, lakin sonradan bu məsələ baş tutmadı.

Son vaxtlar “Apple” sözügedən layihəni bərpa edərək bu işə “Hyundai” və “Toyota” kimi avtomobil istehsalçılarını cəlb etməyə səy göstərsə də, nəticə əldə edə bilmədi və həmin layihəni təkbaşına həyata keçirmək qərarına gəldi. Bəzi məlumatlara görə, İT nəhənginin ilk elektromobili 2025-ci ildə ərsəyə gələ bilər.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.