Məşğulluq
Sosial həyat

Məşğulluq

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən bu ilin 8 ayında 56 788 işsiz və işaxtaran şəxs münasib işlərlə təmin edilib.

Bu barədə qurumdan verilən məlumata görə, onlardan 22 686-sı ödənişli ictimai işlərə cəlb olunub, 314 nəfərinin əməkhaqlarının birgə maliyyələşdirilməsi proqramı üzrə işlə təminatı həyata keçirilib. Bu dövr ərzində özünüməşğulluq proqramının icrası da uğurla davam etdirilib. Belə ki, 8 ayda 9296 nəfərin öz təsərrüfatlarını qurmaları üçün qeydiyyatı aparılıb. Həmçinin 179 işsiz və işaxtaran peşə hazırlığı kurslarına cəlb olunub, 2315 şəxsə işsizlikdən sığorta ödənişi təyin edilib.

 

Peşə hazırlığını həyata keçirəcək müəssisələrlə müzakirələr

Peşə hazırlığının dövlət sifarişi ilə adambaşına maliyyələşdirmə prinsipi əsasında həyata keçirilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinə müraciət edən müəssisələrlə görüş keçirilib.

Görüşdə komissiyanın son qərarına əsasən seçilmiş müəssisələr tərəfindən tədris olunacaq peşə və ya ixtisaslar, həmin peşə və ya ixtisaslar üzrə müəyyən olunmuş xərc məbləğləri, tədris planı, prosesə cəlb olunan pedaqoji heyətin bilik və bacarıq səviyyəsi, eləcə də peşə hazırlığının təşkili, peşə hazırlığı sisteminin təkmilləşdirilməsi və effektivliyinin artırılması, bu sahədə çevikliyin və rəqabətliliyin təmin olunması istiqamətində görüləcək işlər müzakirə edilib.

 

4 saylı Ərazi Məşğulluq Filialında əmək yarmarkası

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən 4 saylı Ərazi Məşğulluq Filialında əmək yarmarkası keçirilib.

Binəqədi, Nərimanov, Şuşa və Xankəndi rayon sakinləri üçün təşkil olunan bu aktiv məşğulluq tədbirində işsiz və işaxtaran şəxslərə 8 müəssisə tərəfindən 112 vakant iş yeri təqdim edilib. Vakansiyalar üzrə müraciət edən şəxslər müraciətlərinə uyğun aidiyyəti üzrə yönləndirilib və seçdikləri vakansiyalar üzrə onların işlə təminatına başlanıb.

Yarmarkada öz kiçik biznesini qurmaq istəyən şəxslərin özünüməşğulluq proqramına, əmək bazarının tələblərinə uyğun yeni peşələrə yiyələnmək istəyən şəxslərin isə peşə hazırlığına cəlb edilmələri üçün qeydiyyatı aparılıb.

Qeyd edək ki, əmək yarmarkalarında müəssisələrdə olan vakant (boş) iş yerləri işsiz və işaxtaran vətəndaşlara təklif olunur və Dövlət Məşğulluq Agentliyinin fəaliyyət istiqamətləri və layihələri barədə yarmarka iştirakçılarına məlumatlar verilir. Əsas məqsəd işsiz və işaxtaran şəxslərin əmək bazarına çıxışının dəstəklənməsi, onların məşğulluğunun təmin edilməsidir.

Mustafa KAMAL,

“Respublika”.