DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

VLADİMİR PUTİN ÖZÜNÜTƏCRİD REJİMİNƏ KEÇİB

Rusiya prezidenti Vladimir Putin koronavirus infeksiyasına görə özünütəcrid rejiminə keçib. “APA”nın “RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

“Rusiya prezidenti Vladimir Putinin Tacikistan prezidenti Emomali Rahmonla telefon danışığı baş tutub. Vladimir Putin bildirib ki, onun əhatəsində koronavirusa yoluxma halları qeydə alındığı üçün o, müəyyən bir müddət ərzində özünütəcrid rejiminə riayət etməlidir”, - deyə açıqlamada bildirilib.

Kremlin mətbuat katibi Dmitri Peskov qeyd edib ki, özünütəcrid rejiminə keçən Vladimir Putin tamamilə sağlamdır. Onun sözlərinə görə, prezident PCR testi verib və nəticəsi neqativ çıxıb.

Bununla yanaşı, Dmitri Peskov Vladimir Putinin özünütəcrid etməsi səbəbindən onun İran prezidenti İbrahim Rəisi ilə görüşünün də qeyri-müəyyən müddətə təxirə salındığını vurğulayıb.

 

ABŞ-DA DÖRDTƏRƏFLİ TƏHLÜKƏSİZLİK DİALOQUNUN SAMMİTİ KEÇİRİLƏCƏK

Sentyabrın 24-də Vaşinqtonda Dördtərəfli Təhlükəsizlik Dialoqunun (Avstraliya, Hindistan, ABŞ və Yaponiya) zirvə toplantısı keçiriləcək. “Trend”in məlumatına görə, bu barədə “Röyters” agentliyi xəbər verib.

Agentlik Amerika administrasiyasındakı mənbəyə istinadən bildirib ki, ABŞ prezidenti Cozef Bayden Ağ Evdə Avstraliya, Hindistan və Yaponiya liderlərini qəbul edəcək. Qeyd olunub ki, bu, “dördlüyün” ilk üz-üzə görüşü olacaq.

Məlumata əsasən, görüş zamanı ölkələrarası əlaqələrin dərinləşdirilməsi, pandemiyaya qarşı mübarizə tədbirləri, iqlim dəyişikliyinə qarşı mübarizə, yeni texnologiyalar, habelə Hind-Sakit okeanı bölgəsində azadlığın təmin olunması istiqamətində əməkdaşlığı inkişaf etdirmək və s. mövzular müzakirə olunacaq.

Xatırladaq ki, Avstraliya, Hindistan, ABŞ və Yaponiyanın təmsil olunduğu Dördtərəfli Təhlükəsizlik Dialoqunun yaradılmasına 2007-ci ildə start verilib.

 

“FUKUSİMA-1” AES-DƏ CİDDİ ZƏDƏ AŞKARLANIB

Yaponiyanın şimal-şərqindəki “Fukusima-1”  atom elektrik stansiyasının operatoru “TEPCO” radioaktiv su üçün ALPS maye təmizləmə sistemindəki demək olar ki, bütün filtrlərin zədələndiyini açıqlayıb. “Teleqraf.com”un verdiyi xəbərə görə, bu barədə “NHK” telekanalı məlumat yayıb.

Mütəxəssislər ötən ayın sonunda sistemdən radioaktiv suyun sızmasının qarşısını almalı olan filtrlərdən birinin zədələnməsini aşkar etdikdən sonra sistemdə genişmiqyaslı yoxlama aparılmışdı. Avadanlıqlara baxış keçirilərkən məlum olub ki, 25 filtrdən 24-ü zədələnib.

Telekanal qeyd edir ki, “TEPCO” hələ də ALPS sistemindən radioaktiv su sızması halları qeydə almayıb.

Bənzər problem iki il əvvəl stansiyada yaranmışdı. Lakin “TEPCO” nasazlığın səbəbini müəyyən edə bilməmişdi. Filtrlər dəyişdirildikdən sonra sistem işləməyə davam edib.

 

BRİTANİYADA UŞAQLARIN PEYVƏND OLUNMASINA İCAZƏ VERİLƏCƏK

Böyük Britaniya 12-15 yaş arası uşaqların yeni növ koronavirus infeksiyasına qarşı peyvənd olunmasına icazə verməyi planlaşdırır. Bu barədə “Report” agentliyi Britaniya mətbuatına istinadən xəbər verib.

Söhbət yalnız “Pfizer” peyvəndindən və bir dozadan gedir. Səhiyyə nazirliyi bildirib ki, daha çox məlumat əldə edildikdən sonra ikinci mərhələ üzrə vaksinasiya icra olunacaq.

Xatırladaq ki, Böyük Britaniyada 5,9 milyondan çox insan koronavirusa yoluxub. İndiyə qədər əhalinin 70 faizdən çoxu ikinci mərhələ üzrə vaksinasiya olunub.

 

BMT BAŞ ASSAMBLEYASININ 76-CI SESSİYASI İŞƏ BAŞLAYIB

Sentyabrın 14-də Nyu-Yorkda BMT Baş Assambleyasının 76-cı sessiyası öz işinə başlayıb. “Report” agentliyinin verdiyi xəbərə görə, ötən il koronavirus infeksiyasının yayılması ilə əlaqədar tətbiq edilən məhdudiyyətlər səbəbiylə yubiley sessiyasının açılışı videoformatda keçirilmişdi.

Baş Assambleya sədrinin səlahiyyətlərini, Maldiv adalarının xarici işlər naziri vəzifəsində çalışan Abdullah Şahid yerinə yetirəcək, Təhükəsizlik Şurasına isə sentyabr ayında İrlandiya sədrlik edəcək.

Məlumata görə, Baş Assambleyanın əsas mövzu, “Taliban” hərəkatının nümayəndələrinin hakimiyyəti ələ keçirdikləri və artıq Nazirlər Kabinetinin qurulduğunu elan etdikləri Əfqanıstandakı vəziyyət olacaq.

Baş Assambleyanın yüksək səviyyəli görüş həftəsində 83 ölkənin lideri, 43 hökumət başçısı və 23 ölkənin xarici işlər nazirinin iştirakı gözlənilir.

 

COZEF BAYDEN LUİZİANA ŞTATINDA FÖVQƏLADƏ VƏZİYYƏT ELAN EDİB

ABŞ prezidenti Cozef Bayden “Nikolas” tropik qasırğasının yaxınlaşması səbəbindən Luiziana ştatında fövqəladə vəziyyətin elan edilməsi haqqında sərəncam imzalayıb və yerli rəhbər qurumlara federal yardım ayrılmasına göstəriş verib. “Report”un verdiyi xəbərə görə, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Prezidentin göstərişi ABŞ-ın Daxili Təhlükəsizlik Nazirliyi və Fövqəladə Vəziyyətlər üzrə Federal İdarəsi tərəfindən Luiziana hakimiyyətinə maddi yardımın ayrılmasını nəzərdə tutur.

Cozef Baydenin sərəncamından sonra ABŞ-ın Qasırğalara Nəzarət üzrə Milli Mərkəzi “Nikolas” tropik qasırğasının güclənərək Saffir-Simpson cədvəli üzrə birinci kateqoriya səviyyəsinə çatdığını açıqlayıb.

 

ÇİNDƏ KORONAVİRUSLA BAĞLI VƏZİYYƏT GƏRGİNLƏŞİB

“COVID-19”un yayıldığı ilk ölkə hesab edilən Çində uzun müddətdən sonra yenidən yoluxma sayı artıb. “Teleqraf.com”un verdiyi xəbərə görə, ölkənin bütün şəhərlərində virusa qarşı mübarizə tədbirləri gücləndirilib.

Məlumata əsasən, Puiten şəhərində virusun inkubasiya müddəti uzadılıb. Virusun yayılmasının qarşısını almaq üçün bütün vətəndaşlar üzərində nuklein turşusu testinin aparılmasına qərar verilib.

Eyni zamanda, şəhərə giriş-çıxışa 24 saatlıq məhdudiyyət qoyulub. Qaydalara riayət etməyənlər inzibati məsuliyyətə cəlb olunurlar.

Bildirilir ki, ötən həftədən bəri virusa yoluxanların sayı 85 nəfərə çatıb. Virus daşıyıcılarından götürülən analizlərin əksəriyyətində “delta” ştammı aşkarlanıb.

 

MAFİYA PUA-LARLA HƏBSXANAYA HÜCUM TƏŞKİL EDİB

Ekvadorun qərbindəki Quayas əyalətində yerləşən həbsxanaya pilotsuz uçan aparatlarla (PUA) hücum edilib. “Sputnik” informasiya agentliyinin verdiyi xəbərə görə, bu barədə ölkənin Azadlıqdan Məhrum Edilmiş Şəxslər və Qanun Pozan Həddi-Büluğa Çatmayanlarla İş üzrə Xidmətin (SNAI) “Twitter” səhifəsində qeyd olunub.

“Bu səhər Quayas əyalətindəki regional mərkəz dronlardan hücuma məruz qalıb. Üç partlayış baş verib və nəticədə mərkəzin tavanı zədələnib. Hücum qanunsuz dəstələrin başçılarına qarşı yönəldilmiş ola bilər”, - deyə xidmətin məlumatında bildirilir.

Açıqlamada qeyd olunur ki, “vəziyyət ciddidir”, söhbət cinayətkar kartellər arasındakı müharibədən gedir. Hadisə zamanı ölən və yaxud xəsarət alanlar barədə isə məlumat verilmir.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.