DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

ABŞ SƏUDİYYƏDƏKİ RAKET SİSTEMLƏRİNİ NAMƏLUM BÖLGƏYƏ APARDI

ABŞ Səudiyyə Ərəbistanındakı Şahzadə Sultan hərbi bazasındakı bütün hava hücumundan müdafiə sistemlərini geri çəkib. “Teleqraf.com”un verdiyi xəbərə görə, “Assoşieyted Press” agentliyi ABŞ-ın “Patriot” və “THAAD” sistemlərini avqustun sonlarında bazadan çıxardığını qeyd edib.

Məlumata əsasən, “THAAD” “Patriot” raketlərindən daha yüksək dəqiqlikli müdafiə sistemi hesab olunur. Hazırda bazada batareyaların tamamilə boş olduğu bildirilir.

Aylardır ABŞ-ın Səudiyyə Ərəbistanındakı müdafiə sistemlərini digər bölgələrdə yerləşdirəcəyi ilə bağlı iddia dolaşırdı. Agentlik bildirir ki, bunun səbəbi Çin və Rusiya kimi qlobal aktyorlarla qarşıdurma riskinin artmasıdır.

Eyni zamanda, ABŞ-ın Müdafiə Nazirliyi hava hücumundan müdafiə sistemlərini ölkədən çıxarılması məsələsinin Səudiyyə Ərəbistanı ilə razılaşdırıldığını açıqlayıb.

 

UKRAYNA LATIN ƏLİFBASINA KEÇƏ BİLƏR

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov bildirib ki, ölkədə kiril əlifbasından latın əlifbasına keçilə bilər. “Report” agentliyinin verdiyi xəbərə görə, bununla bağlı katib “Azadlıq Radiosu”nun efirində danışıb.

Aleksey Danilovun fikrincə, ölkədə yazı dilini dəyişdirmək əsas məsələlərdən biridir. Danilov, həmçinin ikinci dövlət dili statusunun ingilis dilinə verilməsini də təklif edib.

Qeyd edək ki, 2019-cu ilin aprelində “Ukrayna dilinin dövlət dili olaraq fəaliyyətinin təmin edilməsi haqqında” qanun qəbul edilib. 2021-ci ilin iyulun 16-dan etibarən Ukrayna televiziyasında yalnız ana dilə tərcümə olunan filmlər və seriallar yayımlanır, əlavə olaraq konsertlər, əyləncə şouları, sərgilər, ekskursiyalar, teatrlar və muzeylər üçün dövlət dili məcburi hala çevrilib.

 

KORONAVİRUSA QARŞI PEYVƏNDİN ƏLAVƏ FAYDASI

ABŞ tədqiqatçıları koronavirusa qarşı peyvənd edilən insanların gələcəkdə daha az stress yaşadıqlarını və onların psixi vəziyyətlərinin yaxşılaşdığını iddia edirlər. “Sputnik” informasiya agentliyinin verdiyi xəbərə görə, bu barədə “PLOS ONE” elmi jurnalında dərc olunmuş məqalədə bildirilir.

Cənubi Kaliforniya Universiteti mütəxəssisləri 2020-ci ilin martından 2021-ci ilin mart ayına qədər pasiyentlərdən hər iki həftədə bir dəfə pandemiya zamanı öz ruhi vəziyyətlərini qiymətləndirmək üçün anketləri doldurmağı xahiş ediblər. Ümumilikdə tədqiqatda səkkiz mindən çox insan iştirak edib.

Nəticədə, peyvəndin ən azı bir dozasını alan respondentlərdə güclü neqativ duyğuların yaranma ehtimalının 15 faizdən az olması məlum olub. Qadınlarda isə bu göstəricilər kişilərə nisbətən bir qədər yüksək olub.

Məlumat üçün qeyd edək ki, bu yaxınlarda tədqiqatçılar kişilərin və qadınların koronavirus pandemiyası nəticəsində müxtəlif şəkildə stresə məruz qaldıqlarını bildirmişdilər.

 

AEBA İRANIN KÖHNƏ RAZILAŞMALARLA BAĞLI FİKRİNİ ÖYRƏNƏCƏK

Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) yeni İran hakimiyyətinin agentliyin əvvəlki İran hökuməti ilə əldə etdiyi razılaşmalara riayət etməyə hazır olub-olmadığını öyrənməyi planlaşdırır. “Trend” agentliyinin məlumatına görə, bunu Vyanada keçirilən mətbuat konfransı zamanı AEBA-nın baş direktoru Rafael Qrossi bəyan edib.

“Əvvəlki rəhbərliklə müəyyən müqavilələrimiz mövcud idi. Hazırkı rəhbərliyin bunların icrasına razı olub-olmadığını və ya dəyişdirmək istədiyini müəyyən etmək lazım gələcək”, - deyə baş direktor vurğulayıb.

Tehrana səfərini şərh edən Rafael Qrossi keçirilən görüşləri konstruktiv adlandırıb, lakin İranın nüvə proqramının optimal şəkildə monitorinqi üçün hələ çox işlərin görülməli olduğunu qeyd edib.

 

ÜST: KORONAVİRUS UZUN İLLƏR ƏRZİNDƏ HƏYATIMIZDA QALA BİLƏR

Koronavirus, onun mutasiya olunmuş formaları və yeni ştammlara qarşı peyvəndin etibarlı olması şübhə altındadır. “Report” agentliyinin verdiyi xəbərə görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosunun direktoru Hans Klüge bəyan edib.

İkili doza vaksinin koronavirusa 70 faiz son qoya biləcəyini ifadə edən Hans Klüge yeni ştammların mövcudluğuna təsir edib-etməyəcəyinin şübhə doğurduğunu dilə gətirib.

ÜST rəsmisi hazırda sürətlə yayılmaqda olan “delta” ştammına qarşı daha tutarlı peyvəndin hazırlanmasının zəruriliyini vurğulayıb.

“Virusun qrip kimi uzun illər həyatımızda qala biləcəyini nəzərə alsaq, peyvənd strategiyamızı da buna uyğunlaşdırmalıyıq”, - deyə Hans Klüge əlavə edib.

ÜST rəsmisinin fikrincə, hökumətlər də tezliklə yeni strategiyalar təyin etməlidirlər. Əks təqdirdə, bütün dünyanı uzun müddət çətin günlər gözləyir.

 

MOSKVADA ƏMƏK MİQRANTLARININ ÇATIŞMAZLIĞI YAŞANIR

Rusiya paytaxtında tikinti sahəsində hələ də miqrant çatışmazlığı yaşanır. Hazırda Moskvanın təxminən 200 min əcnəbi işçiyə ehtiyacı var. “APA”nın məlumatına görə, bu barədə “İzvestiya” qəzeti paytaxtın vitse-meri Vladimir Yefimova istinadən xəbər verib.

“Ümid edirik, yaxın gələcəkdə ölkəyə giriş məhdudiyyətləri yumşaldılacaq”, - deyə V.Yefimov bildirib.

Vitse-merin sözlərinə görə, şəhərdə əmək miqrantlarının çatışmazlığı işəgötürənlərin - ilk növbədə, tikinti şirkətlərinin - işçiləri bir-birindən təkrar cəlb edilməsinə səbəb olur. Bu səbəbdən xidmətlərin dəyəri artır.

Vladimir Yefimov əlavə edib ki, koronavirus pandemiyasından bir neçə il əvvəl Moskvada mənzil qiymətləri demək olar artmırdı. “Pandemiya fonunda mənzillərin qiyməti artıb”,  - deyə vitse-mer vurğulayıb.

 

“TESLA” AVTOMOBİLLƏRİNDƏ LAZER ŞÜŞƏSİLƏN TƏTBİQ ETMƏK NİYYƏTİNDƏDİR

ABŞ-ın elektrikli avtomobil istehsalçısı “Tesla” şirkəti lazer şüşəsiləni patentləşdirib. Bu barədə “Report” agentliyi məlumat yayıb. Patent sənədlərinə görə, şüalar şüşənin üzərindəki zibil və çirki identifikasiya edərək onu yandıracaq.

Həmçinin istisna olunmur ki, lazer təkcə avtomobilin ön şüşəsini deyil, elektrokarın digər şüşələrini də təmizləyəcək. Funksiyanın əsas üstünlüklərindən biri tamamilə avtonom olması və sürücüdən hər hansı hərəkət tələb etməməsidir.

Bu texnologiya digər sahələrdə də, o cümlədən günəş panellərinin çirklənmələrdən təmizlənməsində tətbiq edilə bilər.

 

PLASTİK TULLANTILARI YOX EDƏN NANO-ROBOTLAR İXTİRA OLUNUB

Çexiyanın Praqa Kimya-Texnologiya Universitetinin alimləri dünya okeanını mikro-plastik tullantılardan təmizləmək üçün nano-robotlar ixtira ediblər. Bu barədə “Sputnik” informasiya agentliyi məlumat yayıb.

Bildirilir ki, maqnitli robotların ölçüsü iti karandaşın ucundan böyük deyil. Tullantılardan əks olunan işıq qurğuya düşdüyü təqdirdə kimyəvi reaksiyalar başlayır ki, bu da kiçik robotun suda müəyyən bir istiqamətdə hərəkət etməsinə səbəb olur. Bundan sonra aparat aşkar edilmiş mikroplastik hissəciyi məhv etməyə başlayır.

Layihəyə kimyaçı Martin Pumera rəhbərlik edib. Onun sözlərinə görə, alimlərin əsas məqsədi dünyanın istənilən yerində istifadə edilə bilən ucuz və ekoloji təmiz robotlar yaratmaqdır. Onun sözlərinə görə, bu cür texnologiya ilk növbədə çirkab suların təmizlənməsi üçün faydalı ola bilər.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.