DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

ÇİN LİDERİ: ABŞ-LA QARŞIDURMA DÜNYA ÜÇÜN TƏHLÜKƏLİ OLA BİLƏR

“Pekinlə Vaşinqtonun qarşıdurması təkcə iki dövlət üçün deyil, bütün dünya üçün təhlükəli ola bilər”. “Report” agentliyinin verdiyi xəbərə görə, bunu sentyabrın 10-da Çinin sədri Si Cinpin ABŞ prezidenti Cozef Baydenlə telefon danışığı zamanı bəyan edib.

Si Cinpinin sözlərinə görə, ABŞ-la Çinin əməkdaşlığı iki dövlət və bütün dünya üçün faydalıdır. “ABŞ-ın Çinə münasibətdə müəyyən zaman daxilində həyata keçirdiyi siyasət iki dövlət arasındakı əlaqələrdə ciddi çətinliklər yaradıb. Bu iki ölkə xalqlarının və bütün dünya dövlətlərinin təməl maraqlarına uyğun gəlmir”, - deyə Çinin sədri vurğulayıb.

Cozef Bayden isə söhbət əsnasında iqlim dəyişikliyi ilə mübarizə aparmağın və bunun üçün konstruktiv tədbirlərin görülməsinin vacibliyini vurğulayıb. O, Pekinin hələ də ABŞ rəsmilərinə münasibətdə ciddiyyət göstərmədiyinə görə məyus olduğunu bildirib.

Tərəflər həmçinin koronavirusun yayılmasına qarşı mübarizə, iqtisadiyyat, iqlim dəyişiklikləri ilə mübarizə və beynəlxalq məsələləri müzakirə ediblər.

 

LİVANDA 13 AYDAN SONRA YENİ HÖKUMƏT FORMALAŞIB

Livanda siyasi fraksiyalar 13 aydan sonra nəhayət yeni hökuməti formalaşdıra biliblər. “APA”nın məlumatına görə, 24 nazirdən ibarət yeni kabinetə milyarder iş adamı Nəcib Mikati rəhbərlik edəcək.

Verilən xəbərə əsasən, Nəcib Mikati Livanın ən zəngin şəxslərindən biridir və ona cari ilin iyulunda yeni hökuməti formalaşdırmaq tapşırılıb. O daha əvvəl 2005-ci ildə, həmçinin 2011-ci ildən 2013-cü ilədək Livanın baş naziri olub.

Yeni hökumətin tərkibi sentyabrın 10-da əvvəlcə ölkə prezidentinin administrasiyası, daha sonra isə Nazirlər Şurasının baş katibi Mahmud Makieh tərəfindən açıqlanıb. Yeni kabinetin tərkibindəki əksər nazirlərin son onilliklər ərzində hakimiyyətdə olmuş siyasətçilər arasından seçildiyi bildirilir.

Qeyd edək ki, ötən il avqustun 4-də Beyrut limanında baş verən faciəvi partlayışdan sonra baş nazir Hassan Diabın rəhbərlik etdiyi hökumət istefa verməyə məcbur olub.

 

HƏKİM XƏBƏRDARLIĞI: “COVID-19”UN ƏLAMƏTLƏRİ TAMAMILƏ DƏYİŞİB

Koronavirusu simptomsuz keçirən və virusa yoluxduğunun fərqində olmayan insanlar avtobusa, metroya minərək hamını yoluxdururlar. “Report”un verdiyi xəbərə görə, bunu Türkiyənin məşhur həkimi, professor Mehmet Ceylan “DHA” agentliyinə müsahibəsində bildirib.

Professorun sözlərinə görə, “COVID-19”a yoluxan uşaqlarda müşahidə olunan kliniki əlamətlərdə ciddi dəyişikliklər baş verib.

“Əlamətlər tam dəyişib. Əvvəllər hərarət, baş və bədən ağrıları, dadbilmənin pozulması ön planda idisə, indi daha çox adi soyuqdəymə əlamətləri özünü göstərir”, - deyə Mehmet Ceylan qeyd edib.

Professor bildirib ki, yetkin şəxslərin 85 faizi, uşaqların isə 90 faizi koronavirusu simptomsuz keçirir. “Avtobusa minirsiniz, tutaq ki, orada koronavirusa yoluxmuş bir sərnişin var. Amma fərqində deyil, qızdırması yoxdur, heç bir şikayəti yoxdur. Maskasını da düzgün taxmır. Həmin şəxs bütün avtobusu yoluxdurur. Qripdə isə belə olmur. Qripə tutularaq xəstələnən adamlarda mütləq müvafiq əlamətlər müşahidə olunur”.

 

XRİSTİAN ÖLKƏSİNDƏ SPİRTLİ İÇKİ SATIŞI QADAĞAN EDİLDİ

Danimarkanın Qrenlandiya muxtar bölgəsində yerləşən Tasilaq qəsəbəsində artan şiddət səbəbiylə spirtli içkilərin satışı qadağan edilib. “Teleqraf.com”un verdiyi xəbərə görə, yeni qərarla spirtli içkilərin satışı iki həftə qadağan olunub.

Tasilaq qəsəbə polisi qısa müddətdə 15 ailədaxili şiddət, 2 intihar, 4 intihar təhdidi və digər 6 şiddətli hadisənin baş verdiyini bildirib. Eyni zamanda, yerli səhiyyə qurumları spirtli içkilərdən zəhərlənmə hallarının artdığını açıqlayıblar.

Alkoqolla əlaqədar hadisələrdə azalma olarsa, qadağanın sentyabrın 17-dək davam edəcəyi gözlənilir.

Bildirilir ki, Tasilaqda artan alkoqollu şiddət hallarını azaltmaq üçün bir sıra sosial təşəbbüslər də başladılıb.

 

ABŞ SƏFİRİ RUSİYA XİN-NƏ ÇAĞIRILIB

ABŞ-ın Moskvadakı səfiri Con Sallivan Rusiya Xarici İşlər Nazirliyində xarici işlər nazirinin müavini Sergey Ryabkovla görüşüb. “APA”nın “RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ-ın Rusiyadakı səfirliyi açıqlama yayıb.

Görüşdə ABŞ prezidenti Cozef Baydenin Rusiya ilə sabit əlaqələr qurmaq niyyətinə uyğun olaraq ikitərəfli problemlər müzakirə edilib.

Rusiya XİN-dən isə bildirilib ki, Sergey Ryabkov ABŞ səfirinin diqqətinə Rusiyanın daxili işlərinə qarışmağın yolverilməzliyini çatdırıb. O, ABŞ səfirinə seçkilərdən əvvəl Amerika rəqəmsal nəhəngləri tərəfindən Rusiya Federasiyasının qanunlarını pozduğuna dair sübutların olduğunu bildirib.

 

BƏŞƏR ƏSƏD QÜVVƏLƏRİNƏ QARŞI 20 MİNLİK YENİ ORDU YARADILDI

Suriyanın şimalında müxalif Suriya Milli Ordusunun nəzarəti altında fəaliyyət göstərən beş hərbi qrup Bəşər Əsəd rejiminə qarşı Suriya Qurtuluş Cəbhəsi adı altında birləşib. “Teleqraf.com”un verdiyi xəbərə görə, birliyə “Həmzə”, “Mütəsim”, “Sultan Süleyman Şah”, “20-ci” və “Şimal şahinləri” briqadaları daxildir.

Birləşmiş hərbi qruplaşmalar terrorçulardan təmizlənmiş “Fərat Qalxanı”, “Zeytun Budağı” və “Sülh Çeşməsi” əməliyyətlarının aparıldığı bölgələrdə Türkiyə Silahlı Qüvvələri ilə mübarizələrini davam etdirəcəklər.

Bildirilir ki, Suriya Azadlıq Cəbhəsinin təxminən 20 minlik hərbi qüvvəsi olacaq.

Məsələ ilə əlaqədar keçirilmiş görüşə Suriya müvəqqəti hökumətinin müdafiə nazirinin müavini general-mayor Həsən Həmmad, korpus komandirləri və bölgənin tanınmış simaları qatılıb. Suriya Azadlıq Cəbhəsinin baş komandanı Mütasim Abbas seçilib.

 

Aİ RUSIYAYA QARŞI SANKSİYANIN MÜDDƏTİNİ DAHA 6 AY UZADIB

Avropa İttifaqı (Aİ) Ukraynanın ərazi bütövlüyünü pozduğu üçün Rusiyanın fiziki və hüquqi şəxlərinə qarşı məhdudlaşdırıcı tədbirlərin müddətini daha 6 ay uzadıb. “Report” agentliyinin məlumatına görə, bu barədə məlumatı Avropa İttifaqı Şurası yayıb.

Açıqlamada bildirilir ki, Avropa İttifaqı sentyabrın 10-da  Rusiyaya qarşı sanksiyanı 2022-ci il martın 15-dək uzadıb. Məhdudlaşdırıcı tədbirlər Rusiyanın 177 fiziki və 48 hüquqi şəxsinə şamil edilir.

Xatırladaq ki, Aİ Ukraynanın ərazi bütövlüyü, suverenliyi və müstəqillyini təhdid etdiyi üçün 2014-cü il martın 17-dən Rusiyaya qarşı sanksiya tətbiq edib.

 

TÜRKİYƏ BU VAKSİNLƏRLƏ PEYVƏND OLUNANLARI QƏBUL ETMƏYƏCƏK

Birkomponentli vaksinlər, həmçinin “Sputnik Light” ilə peyvənd olunmuş şəxslərin Türkiyəyə girişinə icazə verilmir. “Report”un verdiyi xəbərə görə, bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin məlumatında qeyd olunur. Açıqlamaya əsasən, iki doza peyvənd olunmuş və ikinci dozadan sonra 14 günlük müddəti başa vurmuş şəxslər tam peyvəndləmə haqqında sertifikat təqdim edə bilərlər.

“Bundan başqa, “COVID-19”a yoluxan şəxslər də 6 ay ərzində xəstəliyi keçirdikləri haqqında arayış təqdim edə bilərlər. Bu halda sözügedən şəxslərdən PCR testin və ekspress antigen testinin neqativ nəticəsi tələb olunmayacaq. Bir doza ilə peyvəndləmə isə qəbul edilmir”, - deyə açıqlamada bildirilir.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.