DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

RUSIYADAN QƏRBƏ GÜC NÜMAYIŞI

Rusiyanın rəhbərliyi altında keçiriləcək “Qərb-2021” hərbi təlimlərində bir neçə dövlət iştirak edəcək. “Teleqraf.com”un verdiyi xəbərə görə, artıq 7 ölkənin hərbçilərinin Nijni Novqorod bölgəsinə gəldiyi təsdiqlənib.

Məlumata əsasən, təlimlərdə Hindistan, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Özbəkistan, Şri-Lanka və Ermənistan da iştirak edəcək.

Sentyabrın 10-16-da Belarus və Rusiya hərbi poliqonlarında keçiriləcək “Qərb-2021” təlimlərinə ümumilikdə 200 minə yaxın hərbçi, 80-dan çox təyyarə və helikopter, 760-a qədər hərbi texnika cəlb ediləcək.

Qeyd edilir ki, Rusiya və Belarus təlimlərin heç kimə qarşı yönəlmədiyini, müdafiə xarakterli olduğunu bildirir.

 

GÜRCÜSTAN PARLAMENTI KARANTIN CƏRIMƏLƏRININ LƏĞVINI DƏSTƏKLƏYIB

Gürcüstan parlamentinin sentyabrın 7-də keçirilən plenar iclasında pandemiya dövrünün tələblərini pozan şəxslərin cərimələrinin silinməsini nəzərdə tutan qanun layihəsi üçüncü oxunuşda qəbul olunub. Bu barədə “Report” agentliyi xəbər verib.

Bildirilir ki, sənəddə 2020-ci ildən 2021-ci il iyunun 23-dək törədilmiş qayda pozuntularına görə yazılan cərimələrin ləğvi nəzərdə tutulub.

Qanun layihəsi ilə həm fiziki, həm də hüquqi şəxslər inzibati və cinayət məsuliyyətindən azad olunacaqlar.

Məlumat üçün qeyd edək ki, amnistiya 245 min vətəndaş və 344 hüquqi şəxsi əhatə edəcək. Silinəcək cərimələrin ümumi məbləği təxminən 76 milyon lari (24,5 milyon ABŞ dolları) təşkil edir.

 

HINDISTANDA DÜNYANIN ƏN TƏHLÜKƏLI VIRUSLARINDAN BIRI YAYILIR

Koronavirus pandemiyasının tüğyan etdiyi bir vaxtda Hindistanda “Nipah” virusu sürətlə yayılmağa başlayıb. “Teleqraf.com”un verdiyi xəbərə görə, sözügedən virusa yoluxan 12 yaşlı oğlan dünyasını dəyişib.

Ehtimallara görə, həmin uşaq 188 nəfərlə təmasda olub. Onlardan 38 nəfəri virus daşıyıcısı olaraq yüksək risk qrupu kimi qiymətləndirilib. Həmin şəxslər Kojikode dairəsindəki tibb kollecinə yerləşdirilib. Digər şəxslərdən isə evdə özlərini təcrid etmələri xahiş olunub.

Qeyd edək ki, “Nipah” virusu tülkülər və siçanlar tərəfindən yayılır. O, insanlara adətən yarasaların və siçanların ağız suyunun olduğu meyvələr vasitəsilə keçir. Ümumdünya Səhiyyə Təşkilatı “Nipah”ı dünyanın ən təhlükəli viruslarından biri hesab edir. Virus sürətlə yoluxur və onun əleyhinə dərman, nə də vaksin mövcud deyil.

 

DÜNYADA BUĞDA ISTEHSALINDA AZALMA MÜŞAHIDƏ OLUNUR

“Financial Times” qəzetinin məlumatlarına əsasən, dünyada buğda istehsalının azalması tendensiyası müşahidə olunur ki, bu da taxılın qiymətinin artmasına gətirib çıxarır.

“Trend” agentliyinin məlumatına görə, “Financial Times”ın bu barədə dərc olunan məqaləsində bildirilir ki, ABŞ Kənd Təsərrüfatı Nazirliyi son bir neçə ilin quraqlıq səbəbi ilə kənd təsərrüfatı istehsalçıları üçün əlverişsiz olduğunu açıqlayıb.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) hesabatında qeyd olunur ki, bir neçə iri ixracatçı ölkədə məhsul növlərinin keyfiyyətinin azalması nəticəsində dünya buğda qiymətləri əvvəlki ayla müqayisədə 11,1 bənd (8,8 faiz) artaraq, ötən ilin müvafiq dövrünün səviyyəsini 41,5 bənd (43,5 faiz) üstələyib.

ABŞ Kənd Təsərrüfatı Nazirliyi öz növbəsində Avstraliyada meşə yanğınlarının buğda tarlalarına ziyan vurduğunu və 2021-2022-ci illərdə buğda ixracının 17 faiz azalacağını gözləyir.

 

MÜƏMMƏR QƏDDAFININ CƏSƏDININ QALIQLARI TAYFASINA VERILƏCƏK

Liviyanın sabiq rəhbəri, polkovnik Müəmmər Qəddafinin cəsədinin qalıqları tayfasına veriləcək. “APA”nın “AlHadath” telekanalına istinadən verdiyi xəbərə görə,  2011-ci ilin oktyabrında üsyançılar tərəfindən qətlə yetirilmiş M.Qəddafinin qalıqları tayfasına verilərək, yenidən dəfn olunacaq.

Bildirilir ki, Misurata şəhərinin tanınmış nümayəndələri ilə əl-qəddaf və əl-mücəbər tayfasının ağsaqqalları arasında M.Qəddafinin, oğlu Mütəssimin, habelə Liviyanın sabiq liderinin silahdaşı, müdafiə naziri olmuş Əbu Bəkr Yunis Cabirin qalıqlarının verilməsi barədə razılıq əldə olunub.

Qeyd edək ki, Müəmmər Qəddafinin dəfn olunduğu yer bu illər ərzində gizli saxlanılırdı. Qəbrin yeri barədə çox az adam məlumatlı idi. Lakin bir neçə gün öncə üsyançıların liderlərindən biri Salah Badi M.Qəddafinin basdırıldığı yeri açıqlamağa hazır olduğunu bildirib.

 

ABŞ-DA 400 MILYARD DOLLARA ŞƏHƏR INŞA ETMƏK PLANLAŞDIRILIR

ABŞ milyarderi Mark Lor Birləşmiş Ştatlarda yeni şəhər inşa etmək niyyətindədir. “Report”un “CNN” telekanalına istinadən verdiyi xəbərə görə, layihənin qiyməti 400 milyard ABŞ dolları məbləğində qiymətləndirilir. Lakin sahibkarın özünün də qeyd etdiyi kimi, xərclər sonrakı mərhələlərdə arta bilər.

Səhrada inşa ediləcək şəhərə “Telosa” adı verilib. Tikinti üçün potensial ərazilər arasında Arizona, Texas, Nevada və Yuta ştatları var.

Məlumata görə, 25 milyard ABŞ dolları məbləğində qiymətləndirilən ilkin mərhələdə şəhərdə 50 min insan yaşayacaq. Sonrakı 40 il ərzində əhalinin sayını 5 milyon nəfərə çatdırmaq planlaşdırılır.

Bildirilir ki, əgər bütün işlər plan üzrə getsə, onda “Telosa” ilk sakinlərini 2030-cu ildə qəbul edəcək.

 

TÜRKIYƏDƏ ILK DƏNIZ TAKSISININ SINAQ SƏFƏRLƏRI BAŞLAYIB

Türkiyənin istehsal etməyə başladığı 50 dəniz taksisindən birincisi artıq suya endirilərək sınaq səfərlərinə başlayıb. “Report” agentliyinin Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, “City Lines” şirkətinin baş direktoru Sinem Dedetaş mətbuata açıqlamasında inşa ediləcək 50 dəniz taksisindən 5 ədədinin elektrikli olacağını qeyd edib.

“Dəniz taksiləri ictimai nəqliyyatın olmadığı yerlərə gedəcəklər. Dəniz taksilərində qadın dənizçilər də xidmət göstərəcək. Qayıqlarda iki ekipaj üzvü olacaq”, - deyə Sinem Dedetaş vurğulayıb.

Qeyd edək ki, bu ilin əvvəllərindən İstanbulun “Haliç” gəmiqayırma zavodunda ilkin olaraq 50 ədəd dəniz taksisinin istehsalına başlanılıb.

 

“TOYOTA” AKKUMULYATOR ISTEHSALINA 14 MILYARD DOLLAR XƏRCLƏYƏCƏK

Yaponiyanın aparıcı avtomobil istehsalçısı “Toyota” şirkəti 2030-cu ilə qədər hibrid və elektrikli avtomobillər üçün akkumulyatorlarının istehsalına 13,7 milyard dollar pul qoymağı planlaşdırır. “Report” agentliyinin xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə şirkətin rəhbərliyi keçirdiyi onlayn görüşdə qərar qəbul edib.

Qərara əsasən, qarşıdakı 9 ildə 70 növ elektrikli avtomobil üçün istehsal xətti qurulacaq.

Xatırladaq ki, “Toyota” şirkəti bu ilin əvvəlində bəyan edib ki, 2025-ci ilə qədər 15 növ elektrikli avtomobil modelini satışa çıxarmağı planlaşdırır.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.